Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1138/2021 27.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində 27 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2400 manat əsas borc, müqavilə üzrə öhdəliyin icra olunmalı olan gündən (01.03.2017-ci il tarixdən) məhkəmə qərarı çıxarılan günə qədər olan müddət ərzində hər gün üçün bank uçot dərəcəsinə uyğun olaraq faiz borcu və məhkəmə xərcləri Cavabdehndna onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh arasında 11.08.2016-cı il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 3M-621 nömrə ilə qeydə alınmış kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında cavabdehə 2400 manat məbləğində borc verilmişdir. Müqavilənin 2-ci bəndinə görə cavabdeh aldığı borc məbləğini 01.03.2017-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüş, lakin aralarında bağlanmış müqavilə üzrə cavabdeh öhdəliyini yerinə yetirmiyərək borc aldığı pul vəsaitini qaytarmır. 01.03.2017-ci il tarixdə müqavilədə şərtləndirilmiş öhdəliyin icra müddəti başa çatdıqdan sonra cavabdeh öz öhdəliyini yerinə yetirmədiyi üçün ona dəfələrlə müraciət etməli olmuş, lakin cavabdeh uzun müddət ona olan borcunu qaytarmaq üçün heç bir səy göstərməmişdir. Yalnız müqavilədə nəzərdə tutulan müddətdən iki il keçəndən sonra - 2019-cu ilin mart ayında novruz bayramı ərəfəsində Cavabdeh yaşadığı evə gələrək, borcdan 300 manat məbləğində pul qaytarmış və həmin vaxtı onun verdiyi pulu qəbul etməkdən imtina etmək istəmiş, lakin Cavabdeh onu əmin etmişdir ki, elə həmin ilin sonuna kimi borc aldığı pulun qalan hissəsini də tam şəkildə qaytaracaqdır. Həmin vaxtdan sonra Cavabdeh yenə də öz vədinə əməl etməmiş və son iki ildə borcunun qalan hissəsindən hər hansı məbləğdə olursa-olsun pul qaytarmamışdır. Buna görə də hesab edir ki, Cavabdeh əsas borcundan onun 2019-cu ilin mart ayında qaytardığı 300 manat çıxılmaqla, borcun qalan hissəsinin müqabilində ondan 2100 manat məbləğində pulun, həmin məbləğ nəzərə alınmaqla faiz borcunun və məhkəmə xərclərinin tutulmasına dair məhkəmə qaydasında qərar qəbul edilməlidir. Hesab edir ki, aralarında bağlanmış müqavilə üzrə öz öhdəliyini yerinə yetirmədiyindən cavabdeh mülki qanunvericilik normalarının pozulmasına yol verir. Buna görə də iddianın azaldılması barədə ərizədə göstərilən həddə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi 01.03.2017-ci il tarixədək qüvvədə olmuş iddiaçı isə 2021-ci il tarixdə məhkəmə müraciət etmişdir ki, bu da 3 illik iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dəlalət edir. Bundan başqa iddiaçının 2019-cu ilin mart ayında 300 manat verdiyini göstərməsini əsassız hesab edir. Ona görə ki, qeyd edilən tarixdə iddiaçıya pul ödəməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış 11.08.2016-cı il tarixli Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 3M-621 nömrə ilə qeydə alınmış kredit müqaviləsindən görünür ki, Cavabdeh 11.08.2016-cı il tarixdə İddiaçı 2400 manat məbləğində borc almış, Cavabdeh həmin məbləği 01.03.2017-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, tərəflər arasında 11.08.2016-cı il tarixli Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 3M-621 nömrə ilə qeydə alınmış kredit müqaviləsinin qüvvədə olma müddəti 01.03.2017-ci il tarix olduğu əsas götürülərsə, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış 11.08.2016-cı il tarixli Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 3M-621 nömrə ilə qeydə alınmış kredit müqaviləsi 01.03.2017-ci il tarixədək qüvvədə olmuş, iddiaçı tərəf isə 21.04.2021-ci il tarixdə məhkəmədə iddia qaldırdığından, üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376.-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə baxışı zamanı Cavabdeh 2019-cu ilin mart ayında İddiaçı müqavilə üzrə 300 manat ödəniş etməsini təsdiq edən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu ödənilmiş 30 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh 2100 manat məbləğində pulun, həmin məbləğ nəzərə alınmaqla faiz borcunun və məhkəmə xərclərinin alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1138/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1138/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver