Məhkəmə qərarları › İş №2(046)-1173/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1173/2024

18.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1173/2024 18.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Azəriqaz” İB-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı iddia cərimə borcunun silinməsi və hüquqların bərpası tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 mart 2024-cü il tarixdə tərtib edilmiş razılaşma protokolunun əsassız hesab edilməsi, Cavabdeh İB tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq **********02030 nömrəli abonent koduna yazılmış 24300 manat itirilmiş təbii qazın dəyərinin məbləğinin azaldılaraq 4050 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Cəyirli kəndində yaşayır. 2024-cü ilin əvvəllərində həyətyanı sahəsindən aralıda yerləşən özünə məxsus pay torpağında İstixana quraraq tərəvəz məhsulları yetişdirmək qərarına gəlmişdir. Quraşdırdığı istixanaya qaz çəkdirmək üçün müraciət etmiş, lakin çox böyük məbləğdə pul vəsaiti tələb edildiyindən quraşdıra bilməmişdir. İstixananı quraşdıraraq ora pomidor şitilləri əkmiş və içərini odunla qızdırmış, lakin maddi imkanı olmadığında odun ala bilməmişdir. Buna görə də təxminən fevral ayının 10-da çarəsizlikdən sahənin yaxınlığından keçən yeraltı qaz xəttindən gizlincə xətt çəkərək istixananı qızdırmağa başlamışdır. Lakin 2024-cü ilin fevral ayının 24-ü Göyçay qaz idarəsinin əməkdaşları istixanaya gəlmiş və qazdan istifadə etdiyini aşkar etmişlər. Onlara hər şeyi səmimi olaraq etiraf etmiş, qazdan 15 gün müddətində istifadə etdiyini bildirmiş və qazı kəsməmələrini xahiş etmişdir. Qaz İdarəsinin əməkdaşları bir şərtlə mart ayı ərzində və cəmi 20 gün olmaq şərti ilə qazı kəsməməyə razı oldular ki,onlarla razılaşma protokolu imzalasın. Həmin razılaşma protokoluna isə onların istədiklərini yazacaqlarını və həmin protokolu imzalamalı olduğunu bildirmişlər. Əlacsız olduğu üçün onlarla razılaşmışdır. Qaz idarəsinin əməkdaşları savadsızlığından istifadə edərək ona 202500 m3 (iki yüz iki min beş yüz kubmetr) qazın dəyəri olan 24300 (iyirmi dörd min üç yüz manat) məbləğində cərimə yazmışlar və həmin cəriməni evindəki qazdan istifadəyə görə açılmış **********02030 nömrəli abunə koduna yazmışlar. 11 mart 2024-cü il tarixdə Razılaşma Protokolu tərtib edilərkən həmin bu xəttdən cəmi 20 gün ərzində istifadə etdiyini yenidən bildirsə də, onlar cəriməni 180 gün müddətində hesablamışlar. Qanunsuz xətt aşkar edildikdən təxminən 20 gün sonra onlarla razılaşma protokolu imzalamışdır. Həmin razılaşma protokoluna əsasən xx.xx.2024-cü il tarixədək 10000 (on min manat),xx.xx.2024-cü il tarixə qədər isə qalan 14300 manatı ödəyəcəyinə razılaşmışdır. Lakin istixanada yetişdiridiyi məhsul zay olduğundan xx.xx.2024-cü il tarxə qədər yalnız 2024-cü ilin mart ayı üçün ona əlavə sərfiyyat olaraq yazılmış 5000 manatı ödəyə bilmişdir. Beləliklə də Cavabdeh Göyçay qaz idarəsinin əməkdaşları ona həddindən çox cərimə yazmışlar.Hal-hazırda 2024-cü ilin mart ayında cərimə olaraq yazılmış 24300 manat borcu ödəyə bilmir. Bununla bağlı qurumlara şifahi müraciət edərək məsləhətlər almış və dəqiq olaraq müəyyən etmişdir ki, Göyçay qaz idarəsinin əməkdaşları onun savadsızlığından istifadə edərək heç böyük zavod və fabriklərə yazılmayan miqdarda cərimə yazmışlar,bununla da öz hüquqlarından sui istifadə edərək onu ağır vəziyyətə salmışlar. Ona görə də öz pozulmuş hüquqlarının bərpa edilməsi üçün Məhkəməyə müraciət etmişdir. Hesablanaraq yazılmış məbləğ ilə razı deyil, hesab edir ki, tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, itirilmiş təbii qazın dəyərinin hesablanması zamanı hesabat aparılarkən İstixanada istifadə edilən təbii qazın dəyərinin 180 gün müddətində və sutkanın 18 saatı ərzində hesblanması heç bir qanunla tənzimlənmir, tam qanunsuz və absurddur,çünki arxaya hesablanmış aylarda nə istixana əkilmir, nə də istixanada qızdırıcı vasitələrdən istifadə edilmir. Ona görə də yazılmış cərimə məbləği tamami ilə qanunsuzdur.Cavabdeh İB-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə dəymiş zərəri müəyyənləşdirərkən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına və daxili təlimatlarına istinad etmişdir. Cavabdeh İB-nin istinad etdiyi həmin sənəd və ya sənədlər o vaxt sübut kimi qəbul edilə bilər ki, Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilsin. Həmin sənəd və ya sənədlər Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilmədiyindən həmin sənədlər vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Bu səbəbdən dəymiş zərərin müəyyənləşdirildiyi “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na və daxili təlimatları sübut kimi qəbul edilə bilməz. İddiaya etiraz: xx.xx.2024-cü il tarixində "Azəriqaz” X3 RQİİ-nin Göyçay XS-nin əməkdaşları Göyçay rayonu Cəyirli kəndində yaşayan İddiaçı Əlimövsüm oğluna məxsus olan,həmin kəndin ərazisində yerləşən pay torpağnda quraşdırılmış istixanaya baxış keçirdilərkən istixanada sayğacsız, qeyri-qanuni çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmişlər.Xəttin aşkar edilməsi zamanı əməkdaşlar tərəfindən mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Aşkar edilmiş qanunsuz qaz xətti ilə bağlı xx.xx.2024-cü il tarxli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarxli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İBnin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2024-cü il tarxli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2024-cü il tarixdə Ağsu RQİİnin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib İddiaçı Əlimövsüm oğlunun Göyçay XS-nin abonent bazasındakı Cəyirli kəndindəki fərdi yaşayış evinə aid **********002030 nömrəli abonent koduna 202500 m3 - 24300 (iyirmi dörd min üç yüz manat) məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa 11 mart 2024-cü il tarixdə "Azəriqaz” X3 RQİİ- nin rəhbərliyi ilə İddiaçı Əlimövsüm oğlu arasında Razılaşma Protokolu imzalanmışdır.Həmin Protokola əsasən İddiaçı Əlimövsüm oğlu ona yazılmış 202500 m3 ziyanı qəbul etdiyini və dəyəri olan 24300 manatı ödəməyi öhdəsinə götürmüşdür.Hesablanmış 24300 məbləğin 10000 manatını xx.xx.2024-cü il tarixinə,yerdə qalan 14300 manatını isə xx.xx.2024-cü il tarixə qədər ödəməyi üzərinə götürmüşdür.X2 əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş,2024-cü ilin aprel ayında cəmi 5000 manat pul ödəmişdir.Göründüyü kimi İddiaçı Əlimövsüm oğlu onunla bağlanmış Razılaşma Protokolunun bəndlərini pozmuşdur. İddiaçı Əlimövsüm oğlunun abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacsız,qeyri-qanuni qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyərləridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı Əlimövsüm oğlu ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatları bildirərək, iddianı qismən müdafiə edərək əsassız olaraq hesablanmış borcun azaldılmasını xahiş etmişdir. Cavabdeh Azəriqaz” İB-nin nümayəndəsi X7 iddia ərizəsinə etirazda göstərdiyi xüsusatları qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir. İş tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh İB arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı X1 məxsus 0.48 ha torpaq sahəsində inşa edilmiş istixana kompleksində təbii qazdan qeyri-qanuni istfadə halı aşkar edilmişdir. Məhkəməyə təqdim edilmiş **********002030 saylı Abonentin saldosundan görünür ki, İddiaçı akta əsasən Azəriqaz İB-nə 24.300 manat borcu vardır. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilsin. Qaz işlədicilərindən 1 ədəd su qızdırıcı qazan (ALFA-ASSF 500000) maksimal saatlıq qaz sərfi 62.5 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın.62.5x18x180=202500 m3 Təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında 11 mart 2024-cü il tarixli razılaşma protokolundan görünür ki,Azərbaycan Respublikasının qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən, "Azəriqaz” X3 X9 İdarəsinin rəisi X5 şəxsində təmsil olunan SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi bir tərəfdən və qazın alqı-satqısı müqaviləsi əsasında təbii qazdan istifadə edən abonent İddiaçı şəxsində təmsil olunan digər tərəfdən, birlikdə Tərəflər adlanmaqla, istehlakçının (abonent kodu: **********02030) təbii qaza görə yaranmış debitor borcunun aşağıda göstərilən şərtlərlə ödənilməsinə dair razılığa gəlmişlər: 1.1. Abonent xx.xx.2024-cü il tarixində ona məxsus istixanada aşkar edilmiş təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış 202500 m3 dəymiş ziyanı qəbul edir və dəyəri 24300 manat olmaqla ödənilməsini öhtəsinə götürür; 1.2. Aparılmış hesabat nəticəsində yaranmış 24300 (iyirmi dörd min üç yüz) manat borcdan xx.xx.2024-cü il tarixinə 10 000 manat, xx.xx.2024-cü il tarixinə 14 300 manat olmaqla "Azəriqaz” İstehsalat Birliyinə ödəməyi öhdəsinə götürür; 1.3. xx.xx.2024-cü il tarixindən etibarən gündəlik istixanada istifadə olunan qaz qurğusunun sərfiyyatı 62,5 m³ və işləmə müddəti 6 saat olmaqla hesabatı qəbul edir; 1.4. X6nun 1.2-ci və 1.3-cü bəndində göstərilən məbləğdən əlavə olaraq hər ay ərzində **********02030 abonent kodu üzrə fərdi yaşayış evində istifadə olunan təbii qaza görə yaranmış borcu "Qazdan istifadə Qaydaları"nın 5.5-ci və qazın alqısatqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürür; 1.5. hər ay hesab faktura təqdim edildikdən sonra X6nun 1.2-ci va 1.3-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq götürdüyü öhdəlikləri icra və ya vaxtında icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmasını qəbul edir və bununla bağlı "Azəriqaz” İstehsalat Birliyinə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir.

1. X6 üzrə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

2. "İstehlakçı" X6 üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə "Azəriqaz” İstehsalat Birliyi borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır.

3. Tərəflər bu razılaşıma üzrə ona məlum olan, kommersiya və xidməti sirrini təşkil edən məlumatları üçünçü şəxslərə verməmək barədə öhdəlik götürür. X6 Tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib olunur. Nüsxələrdən biri İddiaçı, ikincisi Cavabdehndə saxlanılır. Tətbiq edilən hüquq normaları: . Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Bənd 3.4. İstehlakçılara aşağıdakılar qadağandır: Bənd 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; Bənd 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək. 4.2-ci bəndində əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndinə əsasən Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9- cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 25 iyun 2023-cü ildən qüvvədə olan 6.5-ci bənd. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə "Azəriqaz” X3 RQİİ-nin Göyçay XS-nin əməkdaşları İddiaçı Əlimövsüm oğluna məxsus Göyçay rayonu Cəyirli kəndində yerləşən pay torpağnda quraşdırılmış istixanaya baxış keçirmişlər, baxış zamanı qeyri-qanuni çəkilmiş qaz xətti vasitəsi ilə iddiaçının təbii qazdan istifadə etdiyini aşkar etmişlər. Aşkar edilmiş qanunsuz qaz xətti ilə bağlı xx.xx.2024-cü il tarxli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarxli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İBnin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2024-cü il tarxli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2024-cü il tarixdə Ağsu RQİİnin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilmiş, o cümlədən xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnaməyə əsasən dəymiş ziyan hesablanmış, İddiaçı Əlimövsüm oğlunun Göyçay XS-nin abonent bazasındakı Cəyirli kəndindəki fərdi yaşayış evinə aid **********002030 nömrəli abonent koduna 202500 m3 - 24300 (iyirmi dörd min üç yüz manat) məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Məhkəmə hesab edir ki, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt xx.xx.2024-cü il tarixdə tərtib edildiyindən həmin akta əsasən cərimənin hesablanması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 218 saylı qərarına uyğun həll edilməli idi. Hazırki iş üzrə isə ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi, o cümlədən xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnaməyə əsasən hesablanan cərimənin həmin Qaydaların 6.5-1 və 6.5-3-cü bəndlərinə uyğun hesablanması barədə iş materiallarında heç bir sübut mövcud deyildir. Cavabdeh tərəf də bu barədə məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir. İddiaçı isə hazırki iddia ərizəsində onun abonent hesabına yazılmış 24300 manat cərimənin tamamilə silinməsini deyil, azaldılaraq 4050 manat müəyyən edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, cavabdehin nümayəndəsinin iddiaya etiraz ərizəsində qeyd etdiyi, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli razılaşma protokoluna münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı qazdan qanunsuz istifadəyə ilə bağlı hesablanmış borc qanunun tələblərinin pozulması ilə hesablandığından, qeyd edilən razılaşma protokolu bağlandığı andan etibarsızdır. Buna görə də iddiaçının borcun qəbul edilməsi ilə bağlı tərtib edilmiş protokol əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh Ağsu X9 idarəsinin xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 24.300 manat cərimə məbləği, azaldılaraq 4050 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı barəsində Cavabdeh İB-nin Ağsu X9 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 24.300 manat cərimə məbləği, azaldılaraq 4050 manat müəyyən edilsin Qətnamənin icrası cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar