Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1205/2024 05.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı abonent koduna yazılmış cərimə məbləğinin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq Göyçay qaz idarəsindəki **********00000 abonent koduna yazılmış 2021 manat 76 qəpik itirilmiş təbii qazın dəyərinin məbləğinin azaldılaraq 216 manat müəyyən edilməsi barədə işə onun iştirakı olmadan baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o Bakı şəhəri, S.Surğun küçəsi, ev 138, mənzil 5-də yaşayış qeydiyyatındadır, lakin ünvan 1 ünvanında ona məxsus fərdi yaşayış evi vardır, həmin bu evdə qaz hesabatları onun adınadır. Hazırda bu evdə kirayənişin yaşayır. 2024-cü ilin yanvar ayında Cavabdeh işçiləri ona məxsus olan fərdi yaşayış evinə baxış keçirdən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmişlər və buna görə də 16848 m3 olan 2021 manat 76 qəpik məbləğində itirilmiş təbii qazın dəyəri hesablayaraq abonent koduna yazmışlar. Lakin həmin xətt aşkar edilsə də, həmin xəttdən heç bir vaxt istifadə edilməmişdir, köhnə və istifadəsiz bir xəttdir. Aşkar edilən zaman da istifadə edilməyib. Ona görə də o hesablanaraq yazılmış məbləğ ilə razı deyil, hesab edir ki, tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, itirilmiş təbii qazın dəyərinin hesablanması zamanı hesabat aparılarkən mənzildə istifadə edilən təbii qazın dəyərinin 180 və 360 gün müddətində və sutkanın 12 saatı ərzində hesablanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də ona yazılmış cərimə məbləği tamamilə qanunsuzdur, hesab edir ki, azaldılmalıdır. Cavabdeh X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 17 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə istifadə edilən qaz cihazlarının orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 və 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bütün əhali abonentlərinin, o cümlədən də ona məxsus olan evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir, sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər bu mənzildə əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi və yaxud da aşkar etmək onun vəzifə borcu idi. Göründüyü kimi əvvəllər bu xəttdən istifadə edilmədiyi üçün bu aşkar edilməmişdir. Cavabdehin etirazları: Cavabdeh İB-in nümayəndəsi X3 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, xx.xx.2024-cü il tarixində ’’Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh Ağsu RQİİ-nin İSQNŞ-nin əməkdaşları ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2024-cü il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2024-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********0000 nömrəli abonent koduna 16848 m3 – 2021 manat 76 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 2021 manat 76 qəpik məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh İB-in nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi X3 ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş ******* saylı, 17 yanvar 2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay şəhəri, Şəhriyar küçəsində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni əlavə xəttdən istifadə etməsi aşkar edilmişdir. İşə əlavə edilmiş Cavabdeh dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki,Qaz işlədicilərindən 1 ədəd PQ-3 maksimal saatlıq qaz sərfi 0,8 m3/saat,orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün,1 ədəd radiator sobası maksimal saatlıq qaz sərfi 0,8 m3/saat ,orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün,1 ədəd dəmir sobası maksimal saatlıq qaz sərfi 0,8 m3/saat ,orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün,1 ədəd həcmli su qızdırıcı maksimal saatlıq qaz sərfi 2 m3/saat ,orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 0,8x12x360=3456 m3 2x12x360=8640 m3 1,4x12x180=3024 m3 0,8x12x180=1728 m3 cəmi: 16848 m3 Tətbiq edilən hüquq normaları: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 22-ci maddəsinə görə bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinyaət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Qazdan istifadə Qaydaları"nın 6.5-1-ci bəndinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli,13№-li qərarına görə ölkədə əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifi illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir.Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,»Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 17 yanvar 2024-cü il tarixli, ******* №-li akta görə İddiaçı tərəfindən yaşadığı Göyçay şəhəri, Şəhriyar küçəsində yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar istifadə etməsi faktı aşkar edilmişdir. Sayğacdan kənar təbii qazdan istifadə faktı aşkar edildiyindən qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmişdir. Qaz sayğacının nominal saatlıq qaz sərfinin 0,8 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və (0,8x12x360=3456 m3 ; 2x12x360=8640 m3 ; 1,4x12x180=3024 m3 ; 0,8x12x180=1728 m3 ; cəmi: 16848 m3 ) 2073 manat 60 qəpik məbləğində zərərin ödənilməsi tələb edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələbindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin iş üzrə tədqiq edilmiş sübutlardan kənar qoşulma halı ilə bağlı iddiaçının hər hansı bir məsuliyyətə cəlb edilməsi, iddiaçının bunda təqsirli olması müəyyən edilməmiş,buna dair cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, qaz sərfiyyatına görə hesablanmış zərərin məbləği faktiki olaraq dəymiş zərərin məbləğinə mütənasib olmamış,qaz paylayıcısı Cavabdeh İB-i tərəfindən sayğacdan kənar qazdan istifadə olunduğu müddəti düzgün hesablamamışdır. Məhkəmə qaz paylayıcısı tərəfindən istehlakçının evinə quraşdırılmış qaz sayğacına ayda bir dəfə baxılmalı olmasını və bu zaman sayğacdan kənar hər hansı bir qoşulmanın müəyyən ediləcəyini nəzərə alaraq hesab edir ki, itirilmiş təbii qazın həcminin bir aydan artıq müddət üçün hesablanması əsaslı hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, sayğacdan kənar qazdan istifadə olunduğu müddət 30 gün üçün itirilmiş qazın dəyəri müəyyən olunmalı,hesabat müddəti 360 və 180 gün üçün deyil,30 gün üçün müəyyən edilməlidir.Beləliklə qaz sayğacının nominal saatlıq qaz sərfinin 0,8 m3/saat , orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə 0,8x12x30=288m3, 2x12x30=720m3, 1,4x12x30=504m3,0,8x12x30=288, cəmi 288+720+504+288=1800 m3 müəyyən olunmalıdır.»Tarif Şurasının 16 oktyabr 2021-ci il tarixli,13№-li qərarına görə 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik (1200x0,12=144 manat),qalan (1800-1200=600 m3) 600 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik (600x0,20=120 manat) 120 manat, cəmi 264 manat (144+120=264) dəymiş zərərin məbləği müəyyən olunmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli,Cavabdeh İB-i tərəfindən 2024-cü ilin yanvar ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə İddiaçı abonent koduna hesablanmış 2021 manat 76 qəpik məbləğində dəymiş zərər azaldılaraq 264 manat müəyyən edilməli , məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı abonent koduna Cavabdeh İB-i tərəfindən hesablanaraq yazılmış 2021 manat 76 qəpik dəymiş zərər məbləği 264 manat məbləğinədək azaldılsın. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh İB-dən 30 manat dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1205/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1205/2024
05.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver