Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1232/2025 21.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh2 və etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Göyçay rayon Notariat Ofisinə və Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Göyçay rayon Notariat Ofisinə və Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 2V-117-saylı, xx.xx.2015-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hedab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, X1 xx.xx.1999-cu il tarixdə “beyinə qan sızma” nəticəsində ölmüşdür. Bundan sonra o, cavabdeh Göyçay rayon Notariat Ofisinə müraciət edərək xx.xx.1999-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Göyçay rayon Notariat Ofisinin 14 mart 2025-ci il tarixli, 271 nömrəli məktub ona təqdim edildikdən sonra məlum oldu ki, Cavabdeh2 (özündən başqa vərəsə olmaması barədə) saxta arayışlar təqdim etməklə Göyçay rayon Notariat Ofisinin notariusunu aldatmış, Göyçay rayon Notariat Ofisindən adına 2V-117-saylı, xx.xx.2015-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddia ərizəsinə əlavə etdiyi Göyçay rayon İcra Hakimiyyəti Başçısının Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X5 yaşadığı müddətdə öhdəsində İddiaçı və digər (Cavabdeh2 və X7) ailə üzvləri olmuşdur. O, mərhum X4 miras qalmış əmlaka yiyələnmiş və həmin miras əmlakı faktiki surətdə qəbul etmişdir. Bu səbəbdən miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Göyçay rayon Notariat Ofisinə rəsmi müraciət etmiş, lakin Cavabdeh2 adına Göyçay rayon Notariat Ofisi tərəfindən 2V-117-saylı, xx.xx.2015-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hesab edir ki, Göyçay rayon Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 2V-117-saylı, xx.xx.2015ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə digər vərəsələrin hüququnu pozulmaqla verildiyindən qanunsuzdur, etibarsız hesab edilməlidir. Notarius tərəfindən miras qoyan xx.xx.1999-cu il tarixdə vəfat etmiş X8 məxsus olan miras əmlakla bağlı vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, notarius tərəfindən hər hansı bir araşdırılma aparılmadan cavabdehin yazmış olduğu ərizə (şəhadətnamənin verilməsi ilə bağlı) və kənd icra nümayəndəsi tərəfindən verilmiş məktub əsas götürülərək yalnız cavabdehin adına 2V- 117-saylı, xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras qoyan xx.xx.1999-cu il tarixdə vəfat etmiş X5 cavabdehdən başqa digər vərəsələri də vardır. Notarius isə işin bu halına xüsusi əhəmiyyət verməməklə həmin sənədlərin bu kimi vacibliyini diqqətə almamışdır. Bundan əlavə notarius tərəfindən vərəsəlik işi açılarkən digər vərəsələrin, o cümlədən iddiaçının iradə ifadəsi nəzərə alınmamış (mirası qəbul və imtina etmələri barədə), bununla da iddiaçının açılmış vərəsəlik işindən xəbərsiz olmaqla, vərəsə kimi hüquqları pozulmuşdur. Mirası rəsmi qaydada sənədləşdirən vərəsə də notariat kontoruna mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə təqdim edərkən həmin ərizədə qeyd olunan vərəsədən başqa digər vərəsələrin olmamasını qeyd etmişdir ki, bu da hazırki iş üzrə iddiaçının öz iradə ifadəsinin müəyyən edilməməsinə və vərəsəlik hüququ haqqında şəhadətnamədən kənarda qalmasına gətirib çıxarmışdır. İddiaçının miras qalmış əmlakdan imtina etməsi halı da müəyyən edilməmişdir. Bununla əlaqədar, qanun üzrə vərəsəliyi qəbul edən, hazırki iş üzrə cavabdeh öz maraqlarından çıxış edərək digər qanun üzrə vərəsə olan iddiaçı barəsində notariusa məlumat verməməklə Mülki Məcəllənin 1300cü maddəsinin, notarius isə həmin Məcəllənin 1318-ci maddəsinin tələblərini pozmuşdur. Miras əmlakın hansı səbəbdən qanunla müəyyən edilmiş müddətdə qəbul edilməməsinə dair məhkəmənin sualına iddiaçı bildirdi ki, həmin əmlakdan məlumatı olmamışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, İddiaçı məhkəmədə ona qarşı yuxarıda qeyd edilən iddia tələbi ilə çıxış etmişdir. İddia tələbi ədalətsiz, əsassız, qeyri-real və qərəzli olduğundan iddia tələbi rədd edilməlidir. X1 vəfat edən günə qədər onun himayəsində olmaqla onun Potu kəndində yerləşən evində yaşamışdır. Mərhum atasına məxsus olan və onların doğulub böyüdükləri ata evləri və həyətyanı torpaq sahəsi evin kiçik oğlu olan İddiaçı istifadə etmək üçün verilmiş, lakin Əlikram atası Qoçu vəfat etdikdən sonra nankorluq edərək, anasını evdən qovmuş, bir müddət vaxt keçdikdən sonra həmin evi və həyətyanı torpaq sahəsini satıb mənimsəmiş, həmin mülkün satılmasından əldə edilən pul məbləğindən onlar 8 nəfər varislər bir manat da almamışlar. xx.xx.1999-cu ildə anası vəfat etmişdir. Bundan sonra Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 2V-177 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçının qeyd etdiyi pay torpağı anasına məxsus olmuş, həmin miras əmlakı qanuni vərəsə kimi 27 ildir istifadə edir və 10 il müddətində faktiki olaraq idarə etməklə üzərində mülkiyyət hüququ vardır. Həmin torpaq sahəsinə Əlikramdan başqa heç kim iddiaçı deyildir, yalnız Əlikram 2015-ci ildə öz payını tələb etdiyi vaxt ona X3, X6 və X2 şahidliyi ilə o vaxt ki, qiymətlə 2500 manat pul vermiş və aralarında razılaşmışlar. Bundan başqa son vaxtlar aralarında yaranan münasibətə görə qərəzli qayda ona ziyan vurmağa çalışır. Müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Qanunvericiliyin tələbərindən göründüyü kimi İddiaçı iddia tələbi iddia müddətinin keçməsi baxımından rədd edilməlidir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 1998-ci il tarixdə torpaq islahatları keçirilən zaman anası Xavər Qafarova 0.35 sot torpaq verilmişdir. Həmin torpaq sahəsini bugünədək istifadə etmiş, torpaq sahəsi ilə bağlı vergi pulunu o ödəmişdir. Dövlət həmin torpaq sahəsinə subsidiya verir. Eyni zamanda 1980-ci il tarixdə atası vəfat etdikdən sonra ata və anasının adına olan 0.18 sot həyətyanı torpaq sahəsi və iki ev olmuş, həmin evdə valideyinlərindən başqa bacı və qardaşları da orada yaşamışdır. İddiaçı həmin evdən anasını döyərək çıxarmış, o gündən sonra anasının yanında olan qız və oğlan uşaqları gələrək onun evində yaşamışdır. İddiaçı anasının evini sataraq mənimsəmişdir. 1980-ci il tarixdə 1999-cu il tarixədək yaşlı anasını o saxlamışdır. 2015-ci il tarixdə şahidlərin iştirakı ilə torpağın pulundan İddiaçı 2500 manat pul vermişdir. Bundan başqa iki ev və 18 sot torpaq sahəsini satmış, onlara həmin puldan heçnə verməmişdir. Göstərdiklərini nəzərə alaraq İddiaçı əsasız iddiasının rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, Cavabdeh2 izahatına uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh Göyçay Rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: Göyçay rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 271 nömrəli məktubdan görünür ki, X5 vəfatından sonra miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar xx.xx.1999-cu il tarixdə vəfat etmiş X5 vərəsəsi olan Cavabdeh2 xx.xx.2015-ci il tarixdə Göyçay rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş 2V-117 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 502 nömrəli akt qeydindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Göyçay rayon Potu kəndində doğulmuş, xx.xx.1959-cu ildə Göyçay rayon Potu kənd icra nümayəndəliyi tərəfindən 47 saylı doğum haqqında akt qeydi ilə qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X11 xx.xx.1999-cu il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydlər kitabında xx.xx.1999-cu il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Torpaq Mülkiyyət Hüququna Dair JN-736 nömrəli dövlət aktından görünür ki, X8 Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı ilə kənd təsərrüfat təyinatlı 0.35 ha torpaq sahəsi verilmişdir. Notariat işinə əlavə edilmiş Göyçay RİHB-nın Potu kənd İnzibati Ərazi Nümayəndəliyinin 04.2015 tarixli, 619 saylı arayışdan görünür ki, Cavabdeh2 X1 ilə sonuncu ölənədək, yəni xx.xx.1999-cu ilədək Potu kəndində 607 saylı təsərrüfatda pasport qeydiyyatında olmuş və yaşamışdır. Miras qoyan X11 1999-cu ildə vəfat etdiyindən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsi tətbiq edilməlidir. Azərbaycan Respublikası 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən - Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Mirasın qəbulu elə hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddətdə mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Mübahisə predmeti olan əmlak tərəflərin anaları X5 xx.xx.1999-cu il tarixində vəfatından sonra onun övladı Cavabdeh2 tərəfindən sahibliyə və istifadəyə qəbul edilmişdir. İddiaçının isə torpaq sahəsinə dair hər hansı tələbləri olmamışdır. Əmlakın cavabdehin istifadəsində olması faktı iddiaçının öz izahatı və Notariat işinə əlavə edilmiş Göyçay RİHB-nın Potu kənd İnzibati Ərazi Nümayəndəliyinin 04.2015 tarixli, 619 saylı arayışı ilə təsdiq edilmişdir. Həmim arayışın saxta olmasına dair hər hansı əsas müəyyən olunmamışdır. Göründüyü kimi qeyd olunan hallar işin mübahisləndirilməyən hallarıdır. Lakin iddiaçı hesab edir ki, cavabdeh Notariat ofisinə saxta sənəd təqdim etmiş, çünki mərhum anasının digər övladları da, eyni zamanda vərəsələri vardır. Miras əmlakının rəsmi qaydada qəbul etməməsinə səbəb kimi həmin əmlakdan məlumatının olmadığını göstərsə də, məhkəmə bu arqumenti inandırıcı hesab etmir. Belə ki, tərəflərin anaları vəfat etmədən öncə onların arasında hər hansı mübahisə olmamış, ailə üzvləri mehriban yaşamış, bunu hər iki tərəf izahatında təsdiq etmişdir. Lakin sonralar tərəflər arasında çoxsaylı məhkəmə mübahisələri və münaqişələr olmuşdur, hazırda da davam edir. Həmin torpaq sahəsi mərhum X8 verildiyi zaman ailə üzvlərinin eyni kənddə yaşadığı və aralarında hər hansı mübahisə olmadığı, həmin torpaqdan istifadə edildiyi halda əmlakın miras qoyan və Cavabdeh2 tərəfindən digər vərəqlərdən gizlədilməsi absurd görünür. Məhkəmə qeyd edir ki, iddiaçı miras əmlakı faktiki qəbul etmədiyi halda, eyni zamanda qanunla vərəsəliyin qəbul edilməsi üçün müraciətin edilməsi üçün nəzərdə tutulmuş müddəti də ötürmüşdür. Belə ki, iş üzrə təqdim edilmiş, eləcə də məhkəmə tərəfindən əldə olunaraq araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Mülki Məcəllənin 552-ci maddəsində göstərilən hərəkətlərin heç birini 6 ay müddətində etməmişdir - deməli mirası qəbul etməmişdir və bu hüququnu itirmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqe tətbiq oluna bilməz - belə ki, həmin qərara əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Belə olan halda isə qeyd edilən vaxtlar hazırki mübahisə üzrə vərəsəliyin faktiki qəbulu və qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasına dair dövrlərə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh2 qarşı verilmiş xx.xx.2015-ci il tarixdə 2V-117 reyestr qeydiyyatlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-1232/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1232/2025
21.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver