Məhkəmə qərarları › İş №2(046)-1295/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1295/2023

27.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1295/2023 27.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci il tarixdə Göyçay rayonu Ləkçıplaq kəndində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəçi tələbini belə əsaslandırmışdır ki, bacısı X4 xx.xx.1997-ci il tarixdə Göyçay rayonu Ləkçıplaq kəndində anadan olmuşdur. Bacısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Göyçay rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində serebral iflic xəstə kimi psixiatırın qeydiyyatındadır və 1-ci qrup əlildir. Anası və atası rəhmətə getdikdən sonra bacısına o baxır. Bacısı xəstə kimi dövlətdən təqaüd alır, lakin xəstə olduğu üçün hal-hazırda öz sənədlərinə imza edə bilmir. Bacısı xəstə olmaqla öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Faktiki olaraq bacısına baxır və onun üzərində faktiki qəyyumluğu özü həyata keçirir. Hesab edir ki, bacısı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, o, bacısının qəyyumu təyin edilər və onun yerinə bütün sənədləri imza edə bilər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı şəxs Göyçay rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1994-cü ildə anadan olmuş Ərizəçi və xx.xx.1997-ci il tarixdə anadan olmuş X2 atası X6, anası isə X5r. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki,ərizəçinin valideynləri X6 xx.xx.2017-ci il tarixdə, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Ləkçıplaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10 may 2023-cü il tarixli 251 saylı arayışından görünür ki, Ərizəçi bacısı İ qrup əlil X4 ilə birlikdə yaşayır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasaında sonuncu müaniyəyə dair elektron arayışında göstərilir ki, X1 iflic tetraparez forma nitqin ləngiməsi diaqnozu ilə 1-ci dərəcə əlildir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Psixiatrik Ekspertiza mərkəzi” Publik Hüquqi şəxsin Gəncə Regioanal ambulator Şöbəsinin xx.xx.2023-cü il tarixli 588 saylı rəyindən görünür ki, X3 orta dərəcəli kəmağıllıq, uşaq serebral iflicinin qalıq əlamətləri, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F71.1 xəstəliyi aşkar olunur. X4 orta dərəcəli kəmağıllıq, uşaq serebral iflicinin qalıq əlamətləri, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və ya hərəkətlərinə rəhbərlik etmək qabiliyyətində deyildir. X3 orta dərəcəli kəmağılllıq, uşaq serebral iflicinin qalıq əlamətləri, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq tisnifatı-10-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyinin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər, həmin fiziki şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı üzərində qəyyumluq və himayəçilik təyin edir. Məhkəmə hesab edir ki, xx.xx.1997-ci il tarixdə anadan olmuş X4 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, bununla da ərizə təmin olunmalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1997-ci ildə Göyçay rayonu Ləkçıplaq kəndində anadan olmuş, Göyçay rayonu Ləkçıplaq kəndində yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar