Məhkəmə qərarları › İş №2(046)-1340/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1340/2023

29.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1340/2023 29.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı abonent koduna yazılmış məbləğin silinməsi və qaz sayğacına görə tələb edilən pulun silinməsi tələbinə dair ilkin tələbinə, Cavabdeh İB-nin İddiaçı qarşı qazdan istifadəyə görə yaranmış borcun və dəymiş ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı abonent koduna yazılmış 1036 manat 80 qəpik məbləğin silinməsi və qaz sayğacına görə tələb edilən 65 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İB İddiaçı qarşı qarşılıqlı iddia verərək Göyçay rayonu Bığır kəndində yaşayan İddiaçı abonent koduna vurulmuş 1036 manat 80 qəpik debitor borcun silinməsi və 65 manat qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad edilməsi tələbinə dair iddia ərizəsinin əsassiz hesab edilərək rədd edilməsi, İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 673.20 (altı yüz yetmiş üç) manat 20 qəpik borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 1036.80 (min otuz altı) manat 80 qəpik itirilmiş qazın dəyərinin, iddia ərizəsi üçün ödənilmiş 37.10 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının tutularaq Cavabdeh hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Göyçay rayonu, Bığır kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evinə təbii qaz xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Hər ay Cavabdeh İB Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin əməkdaşının sayqaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq qazdan istifadəyə görə ödənişlər etmişdir. Cavabdeh əməkdaşları tərəfindən barəsində akt tərtib edilmiş və qanunsuz olaraq istifadə olunmuş təbii qaza görə 1036.80 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, hazırkı iddia ərizəsinə əsasən cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 1036.80 manat və sayqacın dəyəri olan 65 (altmış beş) manat məbləğində borc (abonent kodu-**********02870) hesabından silinməlidir. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən barəsində tərtib edilmiş aktdan görünür ki, akt tərtib edilərkən “X1” pozulması faktlarına əsaslanmışdır. Hesab edir ki, cavabdehin itirilmiş təbii qazın əvəzi olaraq cərimənin hesablanması barədə dəlilləri əsassızdır və əsassız olaraq cavabdeh tərəfindən pozuntuda iddiaçı təqsirli bilinərək ona borc hesablanmışdır. Ona görə ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Göründüyü kimi, iddiaçının istifadəsində olan Göyçay rayonu, Bığır kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinə xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Hesab edir ki, iddiaçıya məxsus fərdi yaşayış evinə keçən qazı qeyd edən sayqac enerji təchizatı müəssisəsinin cavabdehlik daşıdığı ərazidə quraşdırıldığından sayğacla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. Bundan başqa cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğacdan kənar hər hansı formada təbii qazdan istifadə faktı müəyyən edilməmiş, hər hansı qanunsuz xəttin mövcud olduğu yer, qoşulma sxemi, sayğaca qədər və ya sayğacdan sonrakı məsafədə, həmin xəttin uzunluğu, birləşmə sxemi, ümumiyyətlə həmin xəttin mövcud olub-olmaması barədə heç bir fakt aşkar edilməmiş, akt formal mülahizələr əsasında tərtib edilmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Bığır kəndində yaşayan İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə Cavabdeh Ağsu X3 İdarəsinin Göyçay Xidmət Sahəsinə 673.20 (altı yüz yetmiş üç) manat 20 qəpik debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış qazın alqı-satqısı barədəki müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və X1 tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini 1 (bir) ay müddətində Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Bundan başqa xx.xx.2022-ci il tarixində "Azəriqaz” X2 RQİİ- nin Göyçay Xidmət Sahəsinin əməkdaşları Göyçay rayonu Bığır kəndində yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 29/1710-03175-1 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii X1 pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində 31 avqust 2022-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********102870 nömrəli abonent koduna 8640 m3-1036.80 (min otuz altı) manat 80 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi səbəbindən itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 5.2 bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh İddiaçı Ağsu RQİİ-nin Göyçay Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun və dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Bu kimi hallar Cavabdeh əhalini təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh İB-in nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə iddianın təmin edilməməsini və qarşılıqlı iddianı təmin edilməsini xahiş etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş ******* saylı,xx.xx.2022-ci il tarixli təbii X1 pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay rayonu Bığır kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir İşə əlavə edilmiş Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, abonent İddiaçı 1036 manat 80 qəpik dəyərində itirilmiş qazın həcmi hesablanmış, həmçinin 65 manat sayğacın dəyəri tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. İşə əlavə edilmiş Cavabdeh itirilmiş qazın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı Göyçay XS-nin abonent bazasındakı abonent koduna 8640 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Tətbiq edilən hüquq normaları: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. "Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il № 80 saylı Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Hazırki tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı istifadəsi üçün quraşdırılmış qaz sayğacı onun evində deyil, evindən görünüşə qapalı olan yerdə quraşdırılmış və həmin qaz sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar olunması aktla müəyyən olunsa da, bu hərəkətlərin məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi öz təsdiqini tapmamış, bu barədə hər hansı bir sübütu Cavabdeh təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mülki hüquq pozuntusu törətməsi iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmadığından, o mülki məsuliyyət daşıya və ya mülki məsuliyyətə cəlb oluna bilməz. O ki, qaldı qaz sayğacının istehlakçının vəsaiti hesabına dəyişdirilməsi məsələsinə,məhkəmə qeyd edir ki,sayğacın zədələnməsi istehlakçının təqsiri üzündən baş vermədiyindən dəyişdirilmiş sayğacın dəyərinin istehlakçıdan tələb edilməsi əsassızdır, sayğacın dəyişdirilməsi qaz paylayıcısının hesabına həyata keçirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddianın təmin edilməsi qarşılıqlı iddianın həmin hissədə təmin edilməsini aradan qaldırdığından qarşılıqlı iddianın 1036 manat 80 qəpik itirilmiş qazın dəyərinin alınması hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşısında qaz sərfiyyatına görə 673 manat 20 qəpik borcu yarandığından, qarşılıqlı iddianın 673 manat 20 qəpik tələbinə dair hissəsi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı barəsində hesablanmış 1036 manat 80 qəpik ziyan həcmi silinməli, qarşılıqlı iddia qismən təmin olunmalı, İddiaçı 673 manat 20 qəpik alınaraq Cavabdeh İB-nə verilməli, qalan hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddia üzrə məhkəmə xərci İddiaçı aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 37 manat 10 qəpik pul və 40 qəpik xidmət haqqı İddiaçı tutularaq Cavabdeh İBnə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı abonent koduna Cavabdeh İB-nin Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş ******* saylı,xx.xx.2022-ci il tarixli akt əsasında hesablanaraq yazılmış 1036 manat 80 qəpik silinsin. İddiaçı yeni qaz sayğacına görə 65 manatı ödəmək öhdəliyindən azad edilsin. Qarşılıqlı iddia qismən təmin olunsun. İddiaçı qaz sərfiyyatına görə 673 manat 20 qəpik məbləğində pul alınaraq Cavabdeh İB-nə verilsin. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Dövlət rüsumu üçün ödənilmiş 37 manat 50 qəpik İddiaçı tutularaq Cavabdeh İB-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar