Məhkəmə qərarları › İş №2(046)-1389/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1389/2023

27.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1389/2023 27.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun və yeni quraşdırılmış sayğacın dəyərinin silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı akta əsasən hesablanmış 514 manat 40 qəpik məbləğin və 65 manat yeni quraşdırılmış sayğacın dəyərinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, yaşayış evinin qaz sayğacı qaynatası X1 adına qeydiyyatdadır. Qaynatası xx.xx.2020- ci il tarixdə .həyat yoldaşı X4 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. Sonradan yaşadığı evi öz adına sənədləşdirərək çıxarış almış, işıq sayğacının və sudan istifadə haqqında müqavilənin adına qeydiyyata aldırmışdır. Qaz sayğacı isə qaynatası X1 adına rəsimləşdirilmiş indiyə kimi də, qazdan istifadə etdiyi barədə bildiriş-xəbərdarlıq onun adına qeyd edilir. Ona təqdim edilən bildiriş xəbərdarlıq qəbzində aylıq istifadə etdiyi qaz pulundan başqa qəbzlərdə başqa məsrəflər göstərilməmişdir. Həmin qaz sayğacını da adına qeydiyyata aldırmaq üçün zəruri olan sənədləri Qəbələ Asan Xidmət mərkəzinə təqdim etmişdir. Lakin qaynatasının adına cərimə yazıldığı aşkar olunduğda həmin sayğacı onun adına qeydiyyata almadılar cərimə barədə isə evində heç vaxtı söz açılmamış, bu məsələ barədə tam xəbərsiz olmuşdur. Qaz sayğacı yaşadığı evin həyət qapısından 15-18 metr məsafədə yerləşir. Cavabdeh ona yazdığı məktubda (sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğusunun blombunun kəsilməsini) əsas gətirərək (təbii qazdan istafadə qaydalarının pozulması haqqında) ******* saylı akt tərtib etmiş, itirilmiş qazın dəyəri kimi 518.40 manat cərimə və dəyişdirilmiş qaz sayğacının 65 manat dəyərinin ödənilməsini ondan tələb edir. Onun və 6-8 yaşlarında olan övladlarının qaz sayğacına olan hər hansı bir müdaxilədən, dəyişdirilmiş qaz sayğacından, cavabdeh tərəfindən yazılmış cərimə aktından xəbəri yoxdur. Həmin aktın tərtib olunmasından və onun imzalanmasından xəbəri olmayıb və bununla əlaqədar onlara heç bir təkif olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh İB-in nümayəndəsi məhkəməyə gəlməmiş,nümayəndəsi Nümayəndə ərizə göndərərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçının izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş ******* saylı, 29 aprel 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı X3 məxsus Göyçay rayonu Potu-Şıxlı kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğaca kənar müdaxilə edildiyi aşkar edilmişdir İşə əlavə edilmiş Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, abonent X3 518.40 manat dəyərində itirilmiş qazın həcmi hesablanmış, həmçinin 65 manat sayğacın dəyəri tərəfindən ödənilməli olduğu bildirilmişdir. Həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. İşə əlavə edilmiş Cavabdeh itirilmiş qazın bərpasına dair tələbnamədən görünür ki, X2 Göyçay XS-nin abonent bazasındakı abonent koduna 4320 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasında nikah 26 avqust 2014-cü il tarixdə bağlanmışdır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 14 fevral 2020-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 07 may 2020-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh Ağsu X10 idarəsi arasında müqavilə bağlanmışdır. Tətbiq edilən hüquq normaları: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun Məhkəmənin mövqeyi: Mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Hazırki tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı istifadəsi üçün quraşdırılmış qaz sayğacı onun evində deyil, evindən görünüşə qapalı olan yerdə quraşdırılmış və həmin qaz sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşunun plombunun kəsilməsi aktlarla müəyyən olunsa da, bu hərəkətlərin məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi öz təsdiqini tapmamış, bu barədə hər hansı bir sübütu Cavabdeh təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mülki hüquq pozuntusu törətməsi iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmadığından, o mülki məsuliyyət daşıya və ya mülki məsuliyyətə cəlb oluna bilməz. Akta əsasən hesablanmış 514 manat 40 qəpik dəymiş zərərin silinməsi tələbinə gəldikdə,məhkəmə qeyd edir ki,itirilmiş qazın həcmi 4320 m3 olduğundan,həmin qaz həcminə görə dəymiş zərər 518 manat 40 qəpik hesablanmışdır.Ona görə də məhkəmə hesab edir ki,iddia ərizəsində 514 manat 40 qəpik göstərilməsinə baxmayaraq,bu açıq rəqəm səhvi olduğundan,akta əsasən hesablanmış 518 manat 40 qəpik silinməli,iddia təmin olunmalıdır. O ki,qaldı qaz sayğacının istehlakçının vəsaiti hesabına dəyişdirilməsi məsələsinə,məhkəmə qeyd edir ki,sayğacın zədələnməsi istehlakçının təqsiri üzündən baş vermədiyindən dəyişdirilmiş sayğacın dəyərinin istehlakçıdan tələb edilməsi əsassızdır,sayğacın dəyişdirilməsi qaz paylayıcısının hesabına həyata keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh Ağsu X10 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı barəsində hesablanmış 518 manat 40 qəpik ziyan həcmi silinməli və o,yeni quraşdırılmış sayğaca görə 65 manatı ödəmək öhdəliyindən azad edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB-nin Ağsu X10 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli,0349928 saylı akt əsasında abonent Etibar Abdullayevin koduna yazılmış itirilmiş qazın bərpası üçün 518 manat 40 qəpik borc məbləği silinsin. İddiaçı yeni quraşdırılmış qaz sayğacına görə 65 manat məbləğində vəsait ödəmək öhdəliyindən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar