Məhkəmə qərarları › İş №2(046)-15/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-15/2024

24.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-15/2024 24.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı “Qaz İxrac” idarəsinin nümayəndəsi X1 iştirakı ilə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikililərin sökülməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «Qaz İxrac» İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 tərəfindən Göyçay rayonu Çayarxı kəndi ərazisində quraşdırılmış dəmir hasarın və yardımçı tikililərin (tövlə və hamam) cavabdehin öz vəsaiti hesabına sökülərək, 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Qaz İxrac idarəsinin cavabdeh X4 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilərin sökülməsi tələbinə dair iddiası üzrə mülki iş üzrə icraat cavabdeh X2 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Qaz İxrac idarəsinin Göyçay Rayon Məhkəməsinin 2(046)-35/2022 saylı xx.xx.2022-ci il tarixli iddia ərizəsi üzrə mülki işin icraatın dayandırılması haqqında qərardadının ləğv edilməsi barədə ərizəsi təmin edilmiş, mərhum X2 hüquqi varisi xx.xx.1943-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanda yaşayan Cavabdeh2 cavabdeh kimi mülki işə cəlb edilmişdir. İddiaçı “Qaz İxrac” İdarəsi iddia tələbinin həcmini artıraraq “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X6 istismarında olan «Göyçay QPS qolu» yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, Göyçay rayonu Çayarxı kəndi ərazisində yerləşən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus dəmir hasarın və yardımçı tikililərin öz vəsaitləri hesabına sökülməsi, mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat pulun cavabdehlərdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «Qaz İxrac» İdarəsinin nümayəndəsi X3 oğlu iddia tələbini müdafiə edərək göstərmişdir ki, “Göyçay rayonu, Çayarxı kəndi ərazisində X5 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında 21 iyul 1999-cu il tarixli, 103 saylı qərarın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Ağdaş magistral X6 balans və istismarında olan yüksək təzyiqli, yeraltı 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərin üzərində dəmir lövhələrdən ibarət hasar quraşdırılmış və kəmərdən 36-47 metr məsafələrdə yardımçı tikililər (tövlə,hamam) inşa olunmuşdur. Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23. bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7. bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.“Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına əsasən magistral qaz kəmərləri (QPSlər) neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reystrində **********31 reyestr nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu Çayarxı kəndi yerləşən 1.0 ha torpaq sahəsi Cavabdeh1 Seyidmməmməd qızının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş “X7 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Göyçay rayonu Çayarxı kəndi ərazisindən keçən Qaz İxrac idarəsinin Ağdaş Magistral X6 balans və istismarında olan 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin 36,5 metrliyində tövlə, 43,7 metliyində cavabdeh X5 tərəfindən hamam inşa edilmişdir. Eyni zamanda həmin qaz kəmərinin ətrafında meyvə ağacları əkilmiş və dəmir lövhələr quraşdırılaraq hasara alınmışdır. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/1785 saylı rəyindən görünür ki, X7 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssis rəyində Göyçay rayonu Çayarxı kəndi ərazisindən keçən Qaz İxrac İdarəsinin Ağdaş Magistral X6 balans və istismarında olan 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasında cavabdeh X5 tərəfindən tövlə və hamam inşa olunduğu, həmin qaz kəmərinin ətrafında meyvə ağacları əkildiyi və dəmir tövhələr quraşdırılaraq hasara alındığı göstərilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 Seyidmməmməd qızının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 1.0 ha torpaq sahəsi üzərində inşa edilən hasar Cavabdeh1 Seyidmməmməd qızının adına Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reystrində **********31 reyestr nömrəli çıxarışa (AA-631064 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi") uyğun (naturada) olaraq yerində inşa edilməmişdir.(rəyə əlavə olunmuş sxemdə göstərilmişdir).Cavabdeh1 adına adına Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reystrində **********31 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyət kimi qeydə alınmış 1.0 ha torpaq sahəsindən və cavabdehin faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsindən qaz xətti keçir, sözügedən hasarın qaz xəttinin mühafizə zonasına düşüb-düşməməsi barədə sual aidiyyatı sahə üzrə mütəxəssisə verilməsi məqsədə müvafiqdir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1985 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Cavabdeh1 Seyidmməmməd qızının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 1.0 ha torpaq sahəsi üzərində inşa edilən hasar Cavabdeh1 Seyidmməmməd qızının adına Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reystrində **********31 reyestr nömrəli çıxarışa (AA-631064 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi") uyğun (naturada) olaraq yerində inşa edilməmişdir.(rəyə əlavə olunmuş sxemdə göstərilmişdir). Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reystrində **********31 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyət kimi qeydə alınmış 1.0 ha torpaq sahəsindən və cavabdehin faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsindən qaz xətti keçir, sözügedən hasarın qaz xəttinin mühafizə zonasına düşüb-düşməməsi barədə sual aidiyyatı sahə üzrə mütəxəssisə verilməsi məqsədə müvafiqdir. Aparılmış təqdiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis rəyinə əsasən ekspertizası təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 Seyidmməmməd qızının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi Göyçay rayonu Çayarxı kəndində yerləşən 1.0 ha torpaq sahəsi üzərində inşa edilən hasar Cavabdeh1 Seyidmməmməd qızının adına Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reystrində **********31 reyestr nömrəli çıxarışa (AA- 631064 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi") uyğun (naturada) olaraq yerində inşa edilmədiyi, Cavabdeh1 adına adına Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reystrində **********31 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyət kimi qeydə alınmış 1.0 ha torpaq sahəsindən və cavabdehin faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsindən qaz xətti keçidiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, “Qaz İxrac” İdarəsinin Ağdaş magistral X6 balans və istismarında olan yüksək təzyiqli, yeraltı 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəməri cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsindən keçir. Məhkəmə hesab edir ki,Cavabdeh1 Seyidmməmməd qızı tərəfindən inşa edilmiş tikililər onun xüsusi mülkiyyətində (dəmir hasarın daxilində) inşa edildiyindən iddiaçı tərəfindən qeyd edilən tikililərin cavabdehin hesabına sökülməsini tələb etməsi, cavabdehin mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Eləcə də məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddiaçı “Qaz İxrac” idarəsi Cavabdeh2 qarşı hazırki iddianı qaldırmaqda haqlı olmamışdır. Belə ki, hazırda qeyd edilən torpaq sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh1 Seyidmməmməd qızının adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçı aid edilməli, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 95 manat iddiaçıya aid edilməli, 100 manat ekspertiza xərci iddiaçıdan alınaraq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “Qaz İxrac” İdarəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X6 istismarında olan «Göyçay QPS qolu» yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, Göyçay rayonu Çayarxı kəndi ərazisində yerləşən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus dəmir hasarın və yardımçı tikililərin öz vəsaitləri hesabına sökülməsi, mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun cavabdehlərdən tutulması barədə tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı “Qaz İxrac” İdarəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X6 istismarında olan «Göyçay QPS qolu» yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, Göyçay rayonu Çayarxı kəndi ərazisində yerləşən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus dəmir hasarın və yardımçı tikililərin öz vəsaitləri hesabına sökülməsi, mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun cavabdehlərdən tutulması barədə tələbi rədd edilsin. İş üzrə ekspertiza xərcləri olan 100 manat iddiaçı “Qaz İxrac” İdarəsindən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar