Məhkəmə qərarları › İş №2(046)-1510/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1510/2022

10.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1510/2022 10.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehna qarşı mirasın qəbuletmə müddətinin uzadılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X1 miras qalmış Sumqayıt şəhəri Saray bağlar massivi B-4504 ünvanında yerləşən 0.05 ha torpaq üzərində X2 adına mülkiyyət hüququ ilə qeydə alınmış çıxarışa əsasən daşınmaz əmlaka dair mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilərək müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay Notariat ofisinə əri X1 miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət etmişdir. Göyçay Notariat ofisi ərizənin təmin olunmasından imtina etmiş və ona ünvanladığı məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə (Vərəsə vərəsəliyə çağrıldığım bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.) Hüquqi savadı olmadığına görə mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən sonra 3 ay müddət ərzində olduğunu bilməmişdir. Ərindən miras qalmış mirası istənilən vaxt vərəsəlik qaydasında qəbul edə bilər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. İş üzrə Cavabdehna məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X3 xx.xx.2001-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX ******* saylı çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri Saray bağlar massivi B-4504 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi X2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay RİHB-nın Çərəkə kənd inzibati ərazi nüçmayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mərhum X3 xx.xx.2014-cü il tarixədək Göyçay rayon Çərəkə kəndində qeydiyyatda olmaqla yaşamışdır. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə vəfat etmişlər. Məhkəməyə təqdim edilmiş Cavabdeh notariusu tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, X1 Sumqayıt şəhəri Saray bağlar massivi B-4504 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mirası qəbul etmək müddəti ötürülümüşdür. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası MM-nin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı mərhum əri X1 miras qalmış Sumqayıt şəhəri Saray bağlar massivi B-4504 ünvanında yerləşən 0.05 ha torpaq sahəsini qəbul etmək müddətini ötürmüşdür. Hazırda iddiaçı həmin əmlaklara dair mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş edir. Beləliklə, sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehna qarşı mirasın qəbul edilməsi müddətinin üzürlü hesab edilərək uzadılması tələbinə dair iddiası təmin edilməli, İddiaçı mərhum əri X1 miras qalmış miras əmlaka dair mirasın qəbul edilməsi müddəti uzadılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənlmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı mərhum əri X1 miras qalmış miras əmlaka dair mirasın qəbul edilməsi müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar