Məhkəmə qərarları › İş №2(046)-1675/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1675/2021

15.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1675/2021 15.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh2nin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üç azyaşlı uşaqları ilə birlikdə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdehlə 04 noyabr 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 08 may 2010cu il tarixdə X1, 26 iyun 2013-cü il tarixdə X4 və 11 may 2015-ci il tarixdə X2 anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin 2(046)-87/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, ayzaşlı uşaqların saxlanması üçün alimentin tutulması qət edilmişdir. Hal-hazırda Bakı şəhərində yaşayır. 2008-ci ildə ünvan 1 ünvanda yerləşən iki mərtəbəli, on otaqdan və iki yüz kv.m. artıq yaşayış sahəsinə və üç min kv.m. torpaq sahəsinə malik olan yaşayış evinə gəlin köçərək orada 2020-ci ilin yanvar ayına kimi yaşamışdır. Bu günədək həmin evdə pasport qeydiyyatındadır. Azyaşlı uşaqları ilə hal-hazırda onunla birlikdə Bakı şəhərində yaşayırlar, imkansızlıqdan və evsizlikdən təhsildən yayınmağa məhkumdurlar. Valideyinləri məcburi köçkündürlər. ünvan 2 ünvanda yerləşən həmin ev həyət evidir və şəxsi mülkiyyət hüququ əsasında keçmiş həyat Cavabdeh1 atası Cavabdeh2 məxsusdur və keçmiş həyat yoldaşı Cavabdeh1 evin yeganə, tək övladıdır və yeganə varisdir. On il keçmiş qaynatası Cavabdeh2 direktor olduğu Z.Bünyadov adına Göyçay şəhəri, 3 saylı orta məktəbdə kimya müəllimi vəzifəsində çalışmış və maaş kartı heç zaman özümdə olmamışdır. On ildən çoxdur ki, onun bütün cehizləri, mebelləri və zinət əşyaları həmin evdədir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evini 1987-ci il tarixdə öz vəsaiti hesabına inşa etdirmiş, tikinti işləri 2006-cı ildə başa çatmışdır. 09.08.2012-ci il tarixdə həmin evi dövlət reyestrində xüsusi mülkiyyətinə qeydə alınmışdır. Mülkiyyətində olan fərdi yaşayış evində cavabdehin köçürülməsinə etiraz edir. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-87/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2008-ci il tarixdə 357 № ilə qeydə alınmış nikah pozulmuş, ayzaşlı uşaqların saxlanması üçün Cavabdeh1 alimentin tutulması qət edilmişdir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09.08.2012-ci il tarixdə qeydı alınmış çıxarışdan görünür ki, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 37 saylı fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Tikinti-Quraşdırma İşləri Başa X3 Qəbul edilməsi haqqında qəbul komissiyası tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evinin tikinti quraşdırma işləri 12.04.2006-cı il tarixdə başa çatdırılmışdır və istismarına icazə verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı keçmiş qaynatası Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi 27 saylı ünvanda yerləşən ümumi sahəsi 269.1 kv.m. yaşayış sahəsi 100.4 kv.m. olan 5 otaqlı mənzilə uşaqları ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək bə onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli 50 nömrəli qərarı ilə Cavabdeh2 mülkiyyətinə 391.07 kv.m torpaq sahəsi verilmiş, Cavabdeh2 şəxsi vəsaiti hesabına mülkiyyətinə verilmiş torpaq sahəsində layihə üzrə fərdi yaşayış evi inşa etmiş, tikinti işlərini 12.04.2006-cı il tarixdə başa çatdırmışdır. Tikinti-Quraşdırma İşləri Başa X3 Qəbul edilməsi haqqında qəbul komissiyası tərəfindən ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evinə baxış keçirilmiş və istismarına icazə verilmişdir. Bundan sonra cavabdeh Cavabdeh2 sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dan 09.08.2012-ci il tarixdə çıxarış almışdır. Göründüyü kimi İddiaçı cavabdeh X5 ilə 04 noyabr 2008-ci ailə həyatı quraraq mübahisəli fərdi yaşayış evinə gəlin köçərkən, Cavabdeh2 torpaq sahəsinə və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüquq olmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” adlı 15-ci fəslinə uyğun olaraq isə yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qismində qardaş və bacılar, nənə və babalar, nəvələr, ögey oğul və ögey qızlar və faktiki tərbiyəçilər çıxış edir. Azərbaycan Respublikası MPM-nin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, məhkəmə baxışı zamanı təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı mülkiyyətçi Cavabdeh2 qanunda nəzərdə tutulmuş ailə üzvləri dairəsinə daxil deyildir. İddiaçı ilə mülkiyyətçi Cavabdeh2 oğlu arasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna dair notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı qızının mülkiyyətçi Cavabdeh2 məxsus Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbi Cavabdeh2 mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar