Məhkəmə qərarları › İş №2(046)-1712/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1712/2023

12.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1712/2023 12.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-ə qarşı 5783.95 manat cərimə borcunun və 65 manat yeni quraşdırılmış sayğacın dəyərinin ödənilməsindən azad edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh İB-ə qarşı 5783.95 manat cərimə borcunun və 65 manat yeni quraşdırılmış sayğacın dəyərinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Çayarxı kəndində yaşayır. Fərdi yaşayış evinə Cavabdeh İB-nin əməkdaşları evinə quraşdırılmış qaz sayğacını aparmış və bu barədə akt tərtib etmişlər. Cavabdeh əməkdaşları tərəfindən akt tərtib edilmiş və qanunsuz olaraq istifadə olunmuş təbii qaza görə 5783.69 manat məbləğində borc hesablanmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 5783.69 manat və sayqacın dəyəri olan 65 (altmış beş) manat məbləğində borc (abonent kodu-**********00000) hesabından silinməlidir. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, akt tərtib edilərkən “X1” pozulması faktlarına əsaslanmışdır. Cavabdehin itirilmiş təbii qazın əvəzi olaraq cərimənin hesablanması barədə dəlilləri əsassızdır və əsassız olaraq cavabdeh tərəfindən pozuntuda iddiaçı təqsirli bilinərək ona borc hesablanmışdır. Ona görə ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun.Bundan başqa cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğacdan kənar hər hansı formada təbii qazdan istifadə faktı müəyyən edilməmiş, hər hansı qanunsuz xəttin mövcud olduğu yer, qoşulma sxemi, sayğaca qədər və ya sayğacdan sonrakı məsafədə, həmin xəttin uzunluğu, birləşmə sxemi, ümumiyyətlə həmin xəttin mövcud olub-olmaması barədə heç bir fakt aşkar edilməmiş, akt formal mülahizələr əsasında tərtib edilmişdir. İddiaya etiraz: xx.xx.2023 -cü il tarixində "Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh və Ağsu RQİİ-nin Göyçay XS-nin əməkdaşları Göyçay rayonu Çayarxı kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2023-cü il tarxli, ******* nömrəli "Təbii X1 pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarxli, ******* nömrəli "Təbii X1 pozulması haqqında” akta əsasən 31,03.2023-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********00000nömrəli abonent koduna 17280 m3 - 2073.60 (iki min yetmiş üç) manat 60 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 2073.60 (iki min yetmiş üç) manat 60 qəpik məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı təbii X1 pozulması haqqında Aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay rayonu Çayarxı kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğaca kənar müdaxilə edildiyi aşkar edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı təbii X1 pozulması haqqında Aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay rayonu Çayarxı kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar boru ilə təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, abonent İddiaçı 3110.40 manat dəyərində itirilmiş qazın həcmi hesablanmış, həmçinin 65 manat sayğacın dəyəri tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı yaşadığı evə sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilsin. İstifadə edilmiş qazın dəyəri 180 gün müddətində və sutkanın 24 saatı ərzində qazdan yararlanması nəzərə alınmaqla istifadə etdiyi qaz sayğacının markasına (G-4) uyğun hesablansın. 4*24*180=17280 m3 Məhkəməyə təqdim edilmiş abonentin saldosundan görünür ki, İddiaçı abonent koduna 5783.69 manat cərimə hesablanmışdır. Həmin məbləğin 3110.40 manatı sayğaca edilmiş müdaxiləyə görə, 2073.60 manatı isə sayğacdan kənar qaz xəttindən istifadə etdiyinə görə hesablanmışdır. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, İddiaçı sayğacdan kənar olaraq qazdan istifadə edir. Tətbiq edilən hüquq normaları: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Yaşayış sahəsindən kənarda qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır, sayğaca kənar müdaxilə edilməsi iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməmiş, eyni zamanda iddiaçının qaz sayğacına kənar müdaxilə etməsi barədə heç bir mötəbər sübut müəyyən olunmamışdır. Sayğaca istehlakçı tərəfindən kənar müdaxilənin müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın iddiaçıdan tutulması qərara alınmışdır. Bundan başqa məhkəmə baxışı zamanı İddiaçı sayğacdan kənar qazdan istifadə etdiyinə görə 2073.60 manat borcun silinməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş DVD disk görüntüləri ilə iddiaçının sayğacdan kənar qazdan istifadə etdiyi sübuta yetirilmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh Ağsu X3 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən iddiaçıya hesablanmış 3110.40 manat borc silinməli və yeni quraşdırılmış sayğaca görə 65 manat borc məbləğinin ödənilməsindən azad edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı barəsində Cavabdeh İB-nin Ağsu X3 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında abonent koduna vurulmuş itirilmiş qazın bərpası üçün hesablanmış 3110.40 manat məbləğində borc silinsin və İddiaçı yeni quraşdırılmış sayğaca görə 65 manat pul məbləğini ödənilməsindən azad edilsin. Qətnamənin icrası cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar