Məhkəmə qərarları › İş №2(046)-1761/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1761/2024

24.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1761/2024 24.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı aktın ləğv edilməsi və ona görə hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Göyçay Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 600293 saylı aktın ləğv edilməsi, hesablanmış sərfiyyatın və ona görə hesablanmış borcun silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ASC-nin Göyçay Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, 600293 saylı aktın ləğv edilməsi, hesablanmış sərfiyyatın və ona görə hesablanmış 2196 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ona məxsus olan Göyçay rayonu, Nizami küçəsində yerləşən tikinti materialları obyektinə 2013-2014-cü illərdə layihə əsasında su xətti çəkilərək su sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixində cavabdeh müəssisəsinin əməkdaşları ona məxsus sayğacın sökülərək sudan qanunsuz istifadə etməsi barədə cərimə tətbiq edərək əsassız akt tərtib etmişlər. Qeyd olunan akt qanunsuz və əsassızdır. Belə ki, sözügedən obyekt illərdir fəaliyyət göstərir və su sayğacı ilə bağlı hər hansı nasazlıq yaşanmamışdır. Su xətti çəkilib sayğac quraşdırıldıqdan sonra ona bu və ya digər müdaxilə olunmamışdır. Aktı tərtib edən zaman narazılığını bildirsə də buna məhəl qoyulmamışdır. Hesab edir ki, bu barədə cavabdehin əməkdaşlarının gəldiyi qənaət birtərəflidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, 2011-2016-cı ildə Göyçay şəhərinin su xətlərinin yenilənməsi ilə bağlı evlərdə və obyektlərdə yenidən sayğac quraşdırılmışdır. Həmin dövrdə də belə qayda vardı idi ki, abonentin iştirakı olmadan da SMART tipli sayğac çəkilməli idi. Abonent isədiyi zaman abonent vəsaitləri və dövlət rüsumunu ödəyərək kart alırdı və sayğacı aktivləşdirərək sudan istifadə edirdi. Hazırki iş üzrə iddiaçı kart almamış, sayğac işlək vəziyyətdə olmamışdır. Bakı şəhərindən əməkdaşlar yoxlanışa gəldikləri zaman obyektdə sayğac işləməsə də və sudan istifadə olunmasa da sərfiyyət hesablayaraq bu barədə akt tərtib etmişlər. İş materiallarından görünür ki: 600293 saylı, 23 fevral 2023-cü il tarixli aktdan görünür ki, 2013-2014-cü illərdə yeni layihə əsasında obyektə su xətti çəkilmiş, sayğac quraşdırılmışdır. Lakın istehlakçı bundansonra STKM-lə müqavilə bağlayıb kod açılıb, quraşdırılmış sayğacın işlənməsinbi icra etməli olduğu halda özbaşına su sayğacını sökərək müqaviləsiz sudan qanunsuz olaraq istifadə etmişdir. Qanunsuz birləşmə ləğv edilmişdir. İddiaçı haqqında xx.xx.2023-cü il tarixli müqavilə üzə abonent haqqında məlumatdan görünür ki, abonent Ayaz Səfərliyeva sayğac göstəriciləri əsasında xx.xx.2024-cü il tarixinə qanunsuz sudan istifadəyə görə 1098 manat, qanunsuz çirkab sularından istifadəyə görə 1098 manat, cəmi 2196 manat borc hesablanmışdır. Əsaslandırıcı hissə: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malkidir. 26-cı maddəsinə əsasən istehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Su Məcəlləsinin: 97-ci maddəsinə əsasən bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Sudan ödənişli istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan ödənişli istifadə qaydaları və şərtləri bu Məcəllə, digər müvafiq qanunvericilik aktları, habelə bələdiyyə aktları ilə müəyyən edilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 30-cü maddəsinə əsasən verilən suyun həcminin hesablanması Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. 62-ci maddəsinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.1.5-ci bəndinə əssən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifəsidir. 2.1.7-ci bəndinə əsasən İstehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək STKM-in vəzifəsidir. 2.1.8-ci bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək STKM-in vəzifəsidir. 3.1.1-ci bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüquqdur. 3.1.2-ci bəndinə əsasən smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək STKM-in hüquqdur. 4.1-ci bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. 7.2-ci bəndinə əssən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd edilmiş normalardan göründüyü kimi, istehlakçı tərəfindən sudan istifadə qaydalarının pozulması nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə(STKM) zərər dəyibsə, müəssisə (Cavabdeh ASC) həmin zərəri istehlakçıdan (İddiaçı) tələb etməkdə haqlıdır. Lakin bunun üçün ilk növbədə, bu zərərin həqiqətən iddiaçının təqsirli hərəkətləri nəticəsində dəymiş olduğu sübut edilməlidir. Bu halı sübut etmək isə hər bir halda cavabdehin üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İş materiallarından görünür ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində dəymiş zərəri sübut etmək üçün iddiaçı tərəfindən məhkəməyə iddia edilən pozuntuların (qeyri qanuni istifadə) aşkar edilməsi barədə aktlar və abonent kartları kimi sübutlar təqdim edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu sübutlar əsasında iddiaçının abonent olduğu ünvanda sudan qeyri-qanuni istifadə edildiyi nəticəsinə gəlmək mümkün deyil. Ona görə ki, cavabdeh tərəfindən bu halı təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından görünür ki, tərtib edilmiş aktların heç biri istehlakçı tərəfindən imzalanmamış, istehlakçının akta imza etməkdən imtina etməsi ilə bağlı da aktda heç bir qeyd edilməmiş, akt sudan istifadə qaydalarında pozuntu aşkarlayan Cavabdeh ASC-nin əməkdaşları tərəfindən imzalanmışdır. Həmçinin aktlar baxışda iştirak edən hər hansı hal şahidi tərəfindən də imzalanmamış, baxış zamanı videoçəkiliş aparılmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir (Cavabdehin nümayəndəsi pozuntular aşkar edilərkən video çəkilişin aparılmadığını qeyd etmişdir). İddiaçının sudan qeyri-qanuni istifadə etməsini təsdiq edən sübut kimi məhkəməyə yalnız müvafiq akt təqdim edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, iş materialları əsasında iddiaçının abonent olduğu ünvanda sudan qeyri-qanuni istifadə edildiyi sübuta yetirilməmişdir. Bu səbəbdən müvafiq aktlar əsasında iddiaçıdan pul tələb edilə bilməz. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASCnin Göyçay Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 600293 saylı akt ləğv edilməli, İddiaçı Məmmədli oğlu barəsində "xxxx" ASC-nin Göyçay birləşmiş Sukanal İdarəsi tərəfindən tərtib edilmiş akt əsasında abonent koduna hesablanmış 2196 (iki min bir yüz doxsan altı) manat məbləğində borc silinməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ASC-nin Göyçay Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 600293 saylı akt ləğv edilsin. İddiaçı Məmmədli oğlu barəsində "xxxx" ASC-nin Göyçay birləşmiş Sukanal İdarəsi tərəfindən tərtib edilmiş akt əsasında abonent koduna hesablanmış 2196 (iki min bir yüz doxsan altı) manat məbləğində borc silinsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar