Məhkəmə qərarları › İş №2(046)-177/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-177/2021

29.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-177/2021 29.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Novruz oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 başçısına və Cavabdeh3 Memarlıq və Tikinti Şöbəsinə qarşı «qeyri-yaşayış obyektinin sökülməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 başçısına və Cavabdeh3 Memarlıq və Tikinti Şöbəsinə qarşı «qeyri-yaşayış obyektinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ərazisində, Bakı-Şamaxı-Yevlax yolunun 194-cü km-də Cavabdeh1 tərəfindən qanunsuz tikilmiş qeyri-yaşayış obyektinin Cavabdeh1, Cavabdeh2, X1 (memar) və Cavabdeh3 başçısının hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1i ərazisində, Bakı-Şamaxı-Yevlax yolunun 194-cü km-də Cavabdeh1 tərəfindən qanunsuz tikilmiş qeyri-yaşayış obyektinin Cavabdeh1 hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Sovetlər birliyi dövründə ünvan 1i ərazisində, Bakı- Şamaxı-Yevlax yolunun 194-cü km-də yolun sol tərəfində 0,20 hektar torpaq sahəsində inşa edilmiş aprekdə işləmişdir. Ümumi sahəsi 363,9 m2 olan həmin (ünvan 1i ünvanda yerləşən 197 saylı) apteki satın almışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxsə satılmasına dair Şəhadətnamə (6 nömrəli reyestr kitabının 96-cı səhifəsində 002462 qeydiyyat nömrəsi, 26.09.2007-ci il tarixli, 002462 nömrəli) vermişdir. Bundan sonra həmin aptekə aid 2000 m2 torpaq sahəsinin 1482 m2-ni satın almış, buna dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsi Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi və şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnamə (2 nömrəli reyestr kitabının 66-cı səhifəsində 000828 qeydiyyat nömrəsi, 20.11.2007-ci il tarixli, 000828 nömrəli) vermişdir. İddia ərizəsinə əlavə edilmiş həmin aptekin baş plandan çıxarışından görünür ki, aptekin yerləşdiyi torpaq sahəsi 2000 m2-dir. Həmin torpaq sahəsinin cənubunda poçt və radio qovşağının binası, daha sonra isə Bakı-Şamaxı-Yevlax yolu yerləşmişdir. Bakı- Şamaxı-Yevlax yolu genişləndirilərək yenidən tikilən zaman poçt və radio qovşağının binası sökülərək başqa yerdə köçürülmüşdür. Yolun sol çiyni isə aptekin yerləşdiyi torpaq sahəsinin kənarına kimi genişləndirilmişdir. O, həmin torpaq sahəsini satın alarkən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsinin nümayəndələri əmlakın texniki inventarlaşdırması bürosu müəssisə və obyektin texniki pasportunu hazırlamış, 003361 nömrəli, 07 iyun 2007-ci il tarixli həmin texniki pasportun «torpaq sahəsinin təsnifatı» başlıqlı səhifəsində ərazinin ümumi torpaq sahəsinin sənəd üzrə 2000 m2, faktiki 1482 M2 olduğu göstərilmişdir ki, həmin 518 m2 torpaq sahəsi Bakı-Şamaxı-Yevlax yolunun sol çiyni boyunca 8 metrlik ərazidir. Həmin ərazinin isə yolun mühafizə zonasına aid edildiyi bildirilmişdir. Bu səbəbdən ona satılan torpaq sahəsi 518 m2 əskik olmuşdur. O da gələcəkdə həmin 518 m2 torpaq sahəsini satın almağın mümkün olmasına ümidli olduğuna görə torpaq sahəsini hasarlayarkən cənub sərhədi yolun mühafizə zonası boyunca təxminən eni 1 metr, uzunluğu 35 olmaqla 35 m2 torpaq sahəsində açıq saxlamışdır. Mütəmadi olaraq həmin torpaq sahəsinin satılmasının mümkünlüyü ilə maraqlanmış və hər dəfə yolun mühafizə zolağına aid olduğu bildirilmişdir. 2020-ci ilin may ayının əvvəllərində Cavabdeh1 Cavabdeh3 başçısının icazəsi sənədi olduğunu bildirərək aptekin qarşısında, bir hissəsi onun mülkiyyətində (eni 1 metr, uzunluğu 35 olmaqla 35 m2) torpaq sahəsində bir hissəsi yolun mühafizə zolağında tikinti işləri görməyə başlamışdır. Tikintinin qanunsuz aparıldığını bildirib dayandırılması xahiş edilsə də, buna məhəl qoyulmamışdır. X3 Respublika Baş Prokurorluğuna müraciət edərək Cavabdeh1 tərəfindən qanunsuz qeyri-yaşayış obyekti tikildiyini bildirmiş, bunun əsasında Göyçay rayon prokurorluğunda 61G-20 nömrəli material üzrə araşdırma aparılmışdır. Göyçay rayöri prokurorluğunun müstəntiqi X5 14 avqust 2020-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış 61G-20 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmiş, X4 ünvan 1i ərazisində ona məxsus aptekin qarşısında, yolun mühafizə zolağında Cavabdeh1 tərəfindən heç bir sənəd olmadan tikilmiş qeyri-yaşayış obyektinin sökülməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüuqunun olması izah edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 tikdiyi qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinə heç bir mülkiyyət, icarə və istifadə hüququ yoxdur. 2020-ci ilin fevral ayında Göyçay RİHB-nin Qaraməryəm kənd İƏDÜ nümayəndəsi, Cavabdeh2 isə vəzifə səlahiyyətlərini aşaraq Cavabdeh1 Bakı-Şamaxı-Yevlax yolunun 194-cü km-də istifadəsində torpaq sahəsi omadığını bilə-bilə qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsini xahiş etməsi barədə ərizə yazdırmış, həmin ərizə əsasında məktubla Rayon İcra hakimiyyətinə müraciət etmiş, Cavabdeh1 qeyri-yaşayış obyektinin tikintisi üçün 50 m2 torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsində köməklik edilməsini xahiş etmişdir. Qısa müddət ərzində Cavabdeh3 Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar X1 tapşırığı ilə həmin əraziyə baxış keçirərək ərazinin sxematik plan və tikinti üçün müvafiq rəylərin alınması üçün akt tərtib edilmişdir. Bundan sonra memarlıq-planlaşdırma layihəsini İcra Hakimiyyətinə təqdim etmişlər. İcra hakimiyyəti başçısı da «gözünü yumub» 18.03.2020-ci il tarixdə, 11 nömrəli tikintiyə icazə sənədi vermişdir. Göyçay rayon prokurorluğunda 61G- 20 nömrəli material üzrə araşdırma zamanı Cavabdeh3 başçısı 18.03.2020-ci il tarixli, 11 nömrəli tikintiyə icazə sənədinin qanunsuz olduğunun aşkarlandığını bilib, 07.08.2020-ci il tarixli 59 nömrəli sərəncamla Cavabdeh1 verilmiş 18.03.2020-ci il tarixli, 11 nömrəli qeyriyaşayış obyektinə tikintiyə icazə sənədini ləğv etmişdir. Göründüyü kimi, Cavabdeh1 xeyrinə qanunsuz hərəkətlər etmiş Göyçay RİHB-nin Qaraməryəm kənd İƏD üzrə nümayəndəsi, Cavabdeh2, Cavabdeh3 Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar X2 və Cavabdeh3 başçısı qanunsuz əməllərinin ifşa olunduğunu bildikdən sonra qanunsuz əməllərindən əl çəkdiklərini bildirsələr də, Cavabdeh1 yenə də himayədarlıq edirlər. Cavabdeh1 Göyçay rayon prokurorluğunun müstəntiqi X5 14 avqust 2020-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından sonra tikinti işlərini davam etdirir. Digər cavabdehlərin köməyi ilə həmin ərazini aldığını gizlətmir. Cavabdehlər bu qanunsuz əməlləri ilə onun mülkiyyət hüququnu məhdudlaşdırmışlar. Göstərilən qeyriyaşayış obyekti cavabdehlərin hesabına sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Novruz oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, cavabdeh mübahisəli tikilini Cavabdeh3 müvafiq icazəsi əsasında və baş memar tərəfindən təsdiq edilmiş layihə əsasında inşa etmişdir. Tikinti işlərinə başlayarkən memar tərəfindən tikinti aparılmağa icazə verilən ərazi yerindəcə göstərilmiş, tanıdılmışdır. Tikinti işlərinə başlayarkən və bundan sonra iddiaçı tərəf tikintinin bir hissəsinin onun ərazisinə düşdüyünü bildirməmiş, heç bir etiraz və narazıçılıq olmamışdır. Tikinti işləri başa çatdıqdan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin sökülməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tikintinin 4,2 m2 hissəsi iddiaçıya məxsus əraziyə düşür. Bundan heç cavabdehin özünün də xəbəri olmamışdır. Çünki cavabdeh tikinti işlərini müvafiq razılığa əsasən, həmçinin yerində ona göstərilmiş perimetr çərçivəsində aparmışdır. İddiaçı cavabdehi vaxtında məlumatlandırmadığından, etiraz etmədiyindən, cavabdeh tikintini müvafiq icazəyə əsasən ona təqdim edilmiş ərazidə apardığından hesab edir ki, iddia əsassızdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin (vəkillərinin) izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DƏİE üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 20 noyabr 2007-ci il tarixli 000828 qeydiyyat nömrəli, Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamənin surətindən görünür ki, İddiaçı ünvan 1i ünvanında yerləşən 197 saylı aptekin yerləşdiyi 1482 m2 olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Azərbaycan Respublikası DƏİE üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 26 sentyabr 2007-ci il tarixli 002462 qeydiyyat nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamədən görünür ki, İddiaçı ünvan 1i ünvanında yerləşən 197 saylı apteki (ümumi sahəsi 363,9 m2) qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Göyçay rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsi üzrə stajoru Eyyub Eyyubovun 14 avqust 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış 61C-20 saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin material üzrə araşdırma aparılan zaman Cavabdeh3ndən rayon Prokurorluğuna daxil olmuş 10.08.2020-ci il tarixli 191 saylı məktubdan görünür ki, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 07.08.2020-ci il tarixli 59 saylı sərəncamla ünvan 1 sakini Cavabdeh1 verilmiş 18 mart 2020-ci il tarixli 11 saylı qeyri-yaşayış obyektinə tikintiyə icazə sənədi ləğv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2021-ci il tarixli 10/1512 saylı rəyindən görünür ki, ünvan 1ində yerləşən Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin 4,2 m2 hissəsi İddiaçı məxsus 1482 m2 torpaq sahəsinin qarşı tərəfinə (küçə ilə əhatə olunan hissədə) düşdüyü müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusundan göründüyü kimi, ünvan 1i ünvanında yerləşən 197 saylı aptekin yerləşdiyi 1482 m2 olan torpaq sahəsi və ümumi sahəsi 363,9 m2 olan 197 saylı aptek İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada əldə olunmuşdur. Cavabdeh1 tikdiyi qeyriyaşayış obyektinin yerləşdiyi torpaq sahəsinə heç bir mülkiyyət, icarə və istifadə hüququ yoxdur. 2020-ci ilin fevral ayında Göyçay RİHB-nin Qaraməryəm kənd İƏDÜ nümayəndəsi, Cavabdeh2 isə vəzifə səlahiyyətlərini aşaraq Cavabdeh1 Bakı-Şamaxı- Yevlax yolunun 194-cü km-də istifadəsində torpaq sahəsi omadığını bilə-bilə qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsini xahiş etməsi barədə ərizə yazdırmış, həmin ərizə əsasında məktubla Rayon İcra hakimiyyətinə müraciət etmiş, Cavabdeh1 qeyri-yaşayış obyektinin tikintisi üçün 50 m2 torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsində köməklik edilməsini xahiş etmişdir. Qısa müddət ərzində Göyçay rayon İçra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar X1 tapşırığı ilə həmin əraziyə baxış keçirərək ərazinin sxematik plan və tikinti üçün müvafiq rəylərin alınmasından ötrü akt tərtib edilmişdir. Bundan sonra memarlıq planlaşdırma layihəsi ilə birlikdə icra hakimiyyətinə təqdim olunmuşdur. Cavabdeh3 başçısı 18.03.2020-ci il tarixdə 11 nömrəli tikintiyə icazə sənədi vermişdir. Göyçay rayon prokurorluğunda 61G-20 nömrəli material üzrə araşdırma zamanı Cavabdeh3 başçısının 18.03.2020-ci il tarixli, 11 nömrəli tikintiyə icazə sənədinin qanunsuz olduğu aşkarlanmış, 07.08.2020-ci il tarixli 59 nömrəli sərəncamla Cavabdeh1 verilmiş 18.03.2020-ci il tarixli 11 nömrəli qeyri-yaşayış obyektinə tikintiyə icazə sənədi ləğv edilmişdir. Cavabdehin inşa etdiyi tikilinin 4,2 m2 hissəsi iddiaçıya məxsus torpaq sahəsinə düşür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, cavabdehin inşa etdiyi tikilinin bir hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşür, bununla da, iddiaçının qanunla qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuş, o, torpaq sahəsindən məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddi hüquq normasının tələbindən göründüyü kimi, cavabdehin iddiaçının mülkiyyətində olan 4,2 m2 torpaq sahəsində inşa etdiyi tikili qanunsuz tikilidir və həmin əraziyə düşən hissədə olan tikili sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinin tələbinə görə qətnamə qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin İddiaçı məxsus 1482 m2 torpaq sahəsinin 4,2 m2 hissəsinə düşən hissəsi Cavabdeh1 hesabına sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilməli, 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin İddiaçı məxsus 1482 m2 torpaq sahəsinin 4,2 m2 hissəsinə düşən hissəsi Cavabdeh1 hesabına sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilsin. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilsin, 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar