Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-182/2024 08.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi və sayğac dəyərinin ödənilməsi öhdəliyindən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-in əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən hesablanmış 1036 manat 80 qəpik ,eləcə də sayğacın pulu olaraq nəzərdə tutulan 65 manat pulun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 12 saylı evinə gələn təbii qaz xəttinə sayğac quraşdırılmış və sayğac yaşadığı evdən aralıda yerləşdirilmişdir. 2023-cü ilin yanvar ayında Cavabdeh əməkdaşları yaşadığı evə gələrək onun iştirakı olmadan sayğacı yenisi ilə əvəz etmişdirlər. 31 yanvar 2023-cü il tarixli Cavabdeh Göyçay şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt və məktub ona təqdim edildikdən sonra məlum olub ki, Cavabdeh əməkdaşlarının tərtib etmələrindən tam xəbərsiz olduğu halda, sayğaca baxış keçirilməsi barədə ona heç bir məlumat verilməmiş aktla tanış edilməmişdir. Həmin aktla tanış olarkən ona məlum olmuşdur ki, həmin aktda istehlakçının nümayəndəsi qrafasında onun soyadının və adının qarşısı boş göstərilib ona itirilmiş qazın həcminin dəyəri kimi 1036 manat 80 qəpik dəymiş zərər və 65 manat sayğacın dəyərini hesablamışlar və bu zaman saxta yolla tərtib edilmiş akta əsaslanmışlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi,izahat verərək bildirdi ki,qaz sayğacı küçədə yerləşdirilmiş və təmsil etdiyi şəxsin yaşadığı evdən sayğaca nəzarət etmək mümkün deyildir.Qaz sayğacı mühafizə qutusunda olmamışdır.İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh İB-in nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi X3 ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsini xahiş etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş ******* saylı, 31 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay şəhəri, Ş.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacın plastmas qapağı və mexanizmi tamamilə yanması aşkar edilmişdir. İşə əlavə edilmiş Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, abonent İddiaçı 1036 manat 80 qəpik dəyərində itirilmiş qazın həcmi hesablanmışdır. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. İşə əlavə edilmiş Cavabdeh dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı Göyçay XS-nin abonent bazasındakı abonent koduna 8640 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Tətbiq edilən hüquq normaları: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Hazırki tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı istifadəsi üçün quraşdırılmış qaz sayğacı onun evində deyil, evindən görünüşə qapalı olan yerdə quraşdırılmış və həmin sayğacın plastmas qapağı və mexanizmi tamamilə yanması müəyyən olunsa da, bu hərəkətlərin məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi öz təsdiqini tapmamış, bu barədə hər hansı bir sübütu Cavabdeh təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mülki hüquq pozuntusu törətməsi iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmadığından, o mülki məsuliyyət daşıya və ya mülki məsuliyyətə cəlb oluna bilməz. O ki, qaldı qaz sayğacının istehlakçının vəsaiti hesabına dəyişdirilməsi məsələsinə, məhkəmə qeyd edir ki, sayğacın zədələnməsi istehlakçının təqsiri üzündən baş vermədiyindən dəyişdirilmiş sayğacın dəyərinin istehlakçıdan tələb edilməsi əsassızdır,sayğacın dəyişdirilməsi qaz paylayıcısının hesabına həyata keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı barəsində hesablanmış 1036 manat 80 qəpik ziyan həcmi silinməli və o, yeni quraşdırılmış sayğaca görə 65 manatı ödəmək öhdəliyindən azad edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı abonent koduna Cavabdeh İB-nin Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş ******* saylı, 31 yanvar 2023-cü il tarixli akt əsasında hesablanaraq yazılmış 1036 manat 80 qəpik silinsin. İddiaçı qaz sayğacına görə 65 manatı ödəmək öhdəliyindən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-182/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-182/2024
08.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver