Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1849/2025 08.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı abonent koduna yazılmış məbləğin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "Azəriqaz" İB Ağsu RQİİ əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş ******* nömrəli qərarına əsasən hesablanaraq abonent koduna vurulmuş 777 manat 60 qəpik məbləğində əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Göyçay rayonu Qaraxıdır kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Aylıq ona təqdim edilmiş bildiriş əsasında istifadə etdiyi qazın dəyərini tam ödəyir, qazdan istifadəyə görə heç bir vaxt borcu olmayıb. xx.xx.2021-ci il tarixində, "Azəriqaz" İB-nin tabeçiliyində olan Ağsu X3ı İdarəsinin Xidmət sahəsi əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş və istismarda olan Elestr G-4 Diafraqma tipli 10028118 saylı sayğac çıxarılmış və yerinə köhnəsi quraşdırılmışdır. Bundan sonra cavabdeh tərəfindən ona bildirilmişdir ki, həmin sayğac "Azəriqaz" İB-nin Metrologiya Departamanet yoxlamasından keçirilmiş və verilmiş rəyə əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod plombu kənar təsir nəticəsində əzilməsi aşkar olunmuşdur. Ona görə də xx.xx.2021-ci il tarixdə tərtib olunmuş ******* nömrəli akta uyğun qərar qəbul edilərək göstərilən 6400 kubmetr itirilmiş təbii qaz onun abonent koduna işlənmiş və həmin miqdarda təbii qazın dəyəri 777 manat 60 qəpik debitor borcun ödənilməsi ondan tələb edilmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən 6400 kubmetr itirilmiş təbii qaz və həmin miqdarda təbii qazın dəyəri olan 777 manat 60 qəpik debitor borc onun abonent koduna əsassız olaraq işlənmişdir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Qaz sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod plombu kənar təsir nəticəsində əzilməsi aşkar olması barədə hər hansı məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçiləri tərəfindən onun yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacına baxış keçirir, qaz sərfiyyatı barədə bildiriş təqdim edir. İstifadə etdiyi təbii qazın dəyəri həm köhnə həm də yeni sayğac üzrə sərfiyyat göstəricisinə uyğun və tam şəkildə mütamadi olaraq tərəfindən ödənilmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyindən hazırkı işin faktiki hallarına əsasən onun yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanmasına nəzarət etmək imkanı da olmamış, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən müntəzəm olaraq baxış keçirildiyindən sayğacda olan zədələnmələr, qüsur və ya digər nasazlığa görə abonent məsuliyyət daşımır. Eyni zamanda sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq baxış keçirildiyi halda, sayğaca hər hansı zədələnmə, qüsur və digər nasazlıq olsa belə, qısa müddət ərzindən 6400 kubmetr miqdarında təbii qazın itirilməsi inandırıcı deyil. Əgər sayğacda hər hansı bir qüsur olsaydı, bunun olmasını idarənin əməkdaşları dərhal aşkar edərdi. xx.xx.2021-ci il tarixdə tərtib olunmuş ******* nömrəli qərarla heç bir qanuni əsası olmadan ona 777 manat 60 qəpik debitor borcun yazılması və tələb edilməsi qanunsuzdur. Ona görə də hesab edir ki, Ağsu X3 idarəsinin əməkdaşları tərəfindən yazılmış xx.xx.2021-ci il tarixdə tərtib olunmuş 777 manat 60 qəpik məbləğində əsassız borc məbləğ silinməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmişdir. Məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh İB-in nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi X2 ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsini xahiş etmiş, iddiaçının iddia tələbində silinməsi xahiş edilən məbləğ 777 manat 60 qəpik manat qeyd edilməsinə baxmayaraq iddiaçıya hesablanmış məbləğ 432 manat olduğu bildirilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş ******* saylı, 29 oktyabr 2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay rayonu Qaraxıdır kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod plombu kənar təsir nəticəsində əzilməsi aşkar edilmişdir. İşə əlavə edilmiş Cavabdeh dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Göyçay XS-nin abonent bazasındakı abonent koduna 4320 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Tətbiq edilən hüquq normaları: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 112.1.7-ci maddəsinə əsasən iddianın qiyməti ödəməyə xitam verilməsi haqqında iddialarda-qalan ödəmə və ya vermənin məcmusu ilə,lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə,dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu,iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1.-ci maddəsinə görə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Hazırki tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı istifadəsi üçün quraşdırılmış qaz sayğacı onun evində deyil, evindən görünüşə qapalı olan yerdə quraşdırılmış və həmin sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod plombu kənar təsir nəticəsində əzilməsi aşkar olunması aktlarla müəyyən olunsa da, bu hərəkətlərin məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi öz təsdiqini tapmamış, bu barədə hər hansı bir sübütu Cavabdeh təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mülki hüquq pozuntusu törətməsi iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmadığından, o mülki məsuliyyət daşıya və ya mülki məsuliyyətə cəlb oluna bilməz. Beləliklə məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh Ağsu X3 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı abonent koduna yazılmış 432 manat ziyan həcmi silinməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinin həll edilməsinə gəldikdə, məhkəmə nəzərə alır ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmiş, iddiası qismən təmin edilmişdir. Belə olan halda ödənilməli olan dövlət rüsumu cavabdehdən dövlət gəlirlərinə alınmalıdır. İddianın qiyməti 432 manat olduğundan, tutulmalı olan dövlət rüsumu 30 manat məbləğində müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin Ağsu X3 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş ******* saylı, 29 oktyabr 2021-ci il tarixli akt əsasında İddiaçı abonent koduna yazılmış 432 manat məbləğində pul silinsin. Qalan hssədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh İB-dən dövlət rüsumu olaraq ödənilməli olan 30 manat alınıb dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1849/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1849/2025
08.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver