Məhkəmə qərarları › İş №2(046)-2/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2/2025

10.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2/2025 10.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, X2, İddiaçı nümayəndəsi vəkili Nümayəndə, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Vəsiyyət üzrə vərəsə kimi miras əmlakın vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə vəsiyyət üzrə vərəsə kimi miras əmlakın 5/6 hissəsinə vərəsəlik hüququmun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan İddiaçı nümayəndəsi vəkili Nümayəndə mərhum X4 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə vəsiyyət üzrə vərəsə kimi miras əmlakın 5/6 hissəsinə vərəsəlik hüququmun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı tələbi belə əsaslandırmışdır ki, Atam X7 xx.xx.2012-ci il tarixdə Göyçay rayon notariat kontorunda vəsiyyətnamə imzalayaraq ünvan 2 ünvanda yerləşən mənzilini ona vəsiyyət etmişdir. Atası X7 27 iyun 2016-cı il tarixdə vəfat etmiş və mərhum atasının ölümündən sonra mirası notariusa ərizə verməklə rəsmi qəbul etmişdir. X3 notariusa ərizə verməklə mirasdan ona çatası payı qəbul etməkdən imtina etmişdir. Göyçay rayon notariat kontoru ona 23 fevral 2017-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və həmin şəhadətnaməyə əsasən miras əmlaka xüsusi mülkiyyət hüququ 01 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon məhkəməsinə müraciət etmiş və cavabdeh tələbinə qarşı məhkəməyə vəsiyyətnamənin, vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. Göyçay rayon məhkəməsi onun Cavabdeh qarşı mənzildən çıxarılma tələbimə dair ilkin iddia, cavabdehin ona qarşı şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizələri üzrə 2(046)-178/2021 saylı mülki işə 29 aprel 2021 -ci il tarixdə baxaraq İlkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, yəni X6 adından xx.xx.2012-ci il tarixdə Göyçay rayon notariat kontorunda mənim adıma qoyulmuş vəsiyyətnamə üzrə ünvan 1 ünvanda yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən onun adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair onun adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 0995233-nömrəli, 01,03.2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv edərkən əsas kimi qanun üzrə birinci növbə vərəsə olmaqla miras əmlakdan məcburi payı olan cavabdehin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras əmlak olan mənzildə yaşamaqla mirası faktiki qəbul etdiyinin nəzərə alınmamasını əsas kimi göstərmişdir. Miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün yenidən Göyçay rayon notariat ofisinə müraciət etsə də cavabdehlə aralarında mirasın bölüşdürülməsinə dair ixtilaf olduğu üçün notarius məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İddiaçı nümayəndəsi vəkili Nümayəndə iddia ərizəsinin forma və məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələbləri irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat kontoruna məhkəmə baxışının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin müstəqil tələbləri irəli sürməyən üçüncü şəxs üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə müstəqil tələbləri irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X10 surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Atası X7dir. Məhkəməyə təqdim edilmiş X10 surətindən görünür ki, X9 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Atası X7dir. Qanuni qüvvəyə minmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)- 178/2021 saylı qətnaməsinin sübutlar siyahısına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh xx.xx.2008-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli notariat qaydasında verilmiş vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 ünvan 4 ünvanda yerləşən mənzili qızı İddiaçı vəsiyyət etmişdir. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-178/2021 saylı qətnamədən görünür ki, İddiaçı Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 38, mənzil 38-də yaşayan Cavabdeh çıxarılması barədə tələbi təmin edilməmiş, X6 adından xx.xx.2012-ci il tarixdə Göyçay rayon notariat kontorunda cavabdeh İddiaçı adına qoyulmuş vəsiyyətnamə üzrə ünvan 1 ünvanda yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən İddiaçı adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16saylı ərazi idarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 0995233-nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, **********07-05101-093002 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən mənzil X6 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli X8 tərəfindən ünvanlanmış məktubdan görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 4 ünvanda yerləşən mənzildən ona çatası payı qəbul etməmiş,etmir. Buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaqdır. İş materiallarından görünür ki, tərəflər arasında miras əmlakın bölünməsi ilə bağlı mübahisə vardır. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, mərhum X7 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən mənzili xx.xx.2017-ci il tarixli notariat qaydasında verilmiş vəsiyyətnaməyə əsasın qızı (iddiaçı) İddiaçı vəsiyyət etməsi faktı mübahisəsizdir. Ona görə ki, hər bir mülkiyyətçi öz əmlakını vəsiyyətnamə üzrə vəsiyət edə bilər. Hazırda iddiaçı mərhum X4 miras qalmış ünvan 4 ünvanda yerləşən mənzildən ona çatan payın müəyyən edilməsini tələb edir. Məhkəmə hesab edir ki, mərhum X4 miras qalmış ünvan 4 ünvanda yerləşən mənzil üzərində vəsiyyətnamə nəzərə alınmaqla tərəflərin payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, **********07-05101-093002 reyestr nömrəli çıxarışa əsasən X4 miras qalmış ünvan 4 ünvanda yerləşən mənzilə İddiaçı adına verilmiş vəsiyyətnamə nəzərə alınmalı, miras əmlak üzərində İddiaçı 4/6 hissəsində payı, digər vərəsələr olan Cavabdeh və cavabdeh olmayan vərəsə X5 1 növbəli vərəsələr arasında mirasdan məcburi pay bölgüsünə uyğun bölünməli, Cavabdeh və digər vərəsə olan X5 hər birinin ünvan 4 ünvanda yerləşən mənzil üzərində 1/6 hissədə payı müəyyən edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, **********07-05101-093002 reyestr nömrəli çıxarışa əsasən X4 miras qalmış ünvan 4 ünvanda yerləşən mənzil üzərində vəsiyyət üzrə İddiaçı 4/6 hissədə payı müəyyən edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, **********07-05101-093002 reyestr nömrəli çıxarışa əsasən X4 miras qalmış ünvan 4 ünvanda yerləşən mənzil üzərində Cavabdeh və digər vərəsə X5 hər birinin 1/6 hissədə məcburi pay hüququ müəyyən edilsin. Bu qətnamə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, **********07-05101-093002 reyestr nömrəli çıxarışa əsasən X4 miras qalmış ünvan 4 ünvanda yerləşən mənzil üzərində vəsiyyət üzrə İddiaçı 4/6 hissədə, Cavabdeh və digər vərəsə X5 hər birinin 1/6 hissədə dövlət qeydiyyatına alınması üçün əsasdır. Qətnamənin icrası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə və Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar