Məhkəmə qərarları › İş №2(046)-2036/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2036/2025

04.09.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2036/2025 04.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Maraqlı şəxs aralarında xx.xx.2025-ci il tarixdə bağlanmış, MŞŞ/MT00041 nömrəli barışıq sazişinin 1-ci bəndinin təsdiq edilməsini, barışıq sazişinə əsasən xx.xx.2023-cü il təvəllüdlü X1 üçün 18 yaşı tamam olana qədər hər ay 200 manat və 3 yaşı tamam olana qədər əlavə 50 manat olmaqla cəmi 250 manat alimentin hər ayın ikinci yarısında onun bank kart hesabına ödənilməsinin təsdiqini, ərizənin hazırlanması üçün vəkilə ödənilmiş 121 manat, mediasiya xərcinə görə ödənilmiş 60 manat və 100 manat dövlət rüsumunun cavabdeh Maraqlı şəxs alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin Alxasava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikah qeydiyyatına alınmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Ailə qurduqları ilk dövrlərdə cavabdehlə münasibətləri normal olmuş, lakin sonradan münasibətlərində ciddi dəyişikliklər baş vermişdir. Belə ki, cavabdeh ailəsinə və azyaşlı övladına lazımi diqqət və qayğı göstərməmişdir. Bu səbəbdən aralarında davamlı mübahisələr yaranmış, nəticədə cavabdehlə ayrılmaq qərarına gəlmişdir. Hazırda ayrı yaşayırlar. Maraqlı şəxs nikahın pozulması barədə iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş və nikahın pozulması ilə bağlı işə baxılması xx.xx.2025-ci il tarixinə təyin olunmuşdur. Alimentin müəyyən edilməsi məqsədilə ərizəçi kimi mediasiya proseduruna müraciət etmişdir. Onun müraciəti əsasında Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən mediator X4 təyin olunmuşdur. xx.xx.2025-ci il tarixdə baş tutmuş mediasiya prosesində cavabdehlə birlikdə iştirak etmiş və nəticədə aralarında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən xx.xx.2023-cü il təvəllüdlü X1 üçün, onun 18 yaşı tamam olana qədər - xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay 200 manat və uşağın 3 yaşı tamam olana qədər əlavə olaraq hər ay 50 manat olmaqla, cəmi 250 manat alimentin onun bank kart hesabına ayın ikinci yarısında ödənilməsi barədə razılıq əldə olunmuşdur. Barışıq sazişində icra müddəti ayrıca göstərilmədiyindən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, bu saziş imzalandığı gündən etibarən 10 gün ərzində könüllü şəkildə icra edilməli idi. Göründüyü kimi artıq barışıq sazişinin könüllü icrası üçün mediasiya haqqında Azərbayca Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Lakin Maraqlı şəxs qeyd olunan şərtlərlə razılaşmasına baxmayaraq, 3 aydır ki, aliment ödənişlərini həyata keçirmir. Telefonla əlaqə saxladığı zaman “get, ver məhkəməyə” cavabını vermişdir. Maraqlı şəxs öhdəliyin könüllü icrasından qəsdən yayınmasını və onu məhkəməyə müraciətə məcbur etməsini açıq şəkildə göstərir. Bu səbəbdən hesab edir ki, barışıq sazişinin təsdiqi və onun icrasına dair ərizənin tərtibi məqsədilə onun tərəfindən vəkilə ödənilmiş 121 manat, mediasiya üçün ödənilmiş 60 manat və ərizənin məhkəməyə təqdiminə görə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərmişdir ki, hal-hazırda aliment ödəyə bilmir. Barışıq sazişində göstərilən aliment məbləği ilə razıdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Yazılı sübut qismində işə əlavə edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X4 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki:

1. “Tərəflər” aralarında birgə nikahlarından xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 üçün, uşağın 18 yaşı tamam olana kimi, xx.xx.2025-ci il tarixdən başlayaraq ayda 200 manat alimentin və uşağın 3 yaşı tamam olana kimi ananın saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq ayda 50 manat olmaqla cəmi ayda 250 manat alimentin Ərizəçi bankdakı kart hesabına, hər ayın 2-ci yarısında ödənilməsi barədə razılığa gəlirlər.

2. ’’Tərəflər” arasında uşaqla ünsiyyət barəsində heç bir mübahisə yoxdur.

3. Bu öhdəliklər pozulduğu halda “Tərəflər” aidiyyatı üzrə məhkəməyə müraciət edə bilərlər. Mediasiya Xidmətlərinin göstərilməsi barədə xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, 120 manat mediasiya xərci ödənilib. Birinci tərəf 50%, ikinci tərəf 50%. Mübahisə tərəfləri təsdiq edirlər ki, onlar “Mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qayda” ilə tanış oldular və bu Müqavilə əlavə edilmiş mediasiya xərclərini ödəyəcəklər. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzindən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 100 məbləğində pul ərizəçi tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində barışıq sazışı imzalanmışdır. Həmin sazişin şərtlərin könüllü icrasından Maraqlı şəxs tərəfindən imtina edilmişdir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki- Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişinin aliment tələbinə dair hissə üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli barışıq sazişinin 1-ci bəndi məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 1-ci bəndinin aşağıdakı şərti təsdiq edilsin: Tərəflər arasında birgə nikahdan xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 üçün uşağın 18 yaşı tamam olanadək xx.xx.2025-ci il tarixdən başlayaraq ayda 200 manat, alimentin və uşağın 3 yaşı tamam olana kimi xx.xx.2025-ci il tarixdən başlayaraq ayda 50 manat olmaqla, cəmi 250 manat aliment Ərizəçi bank kartında hesabına hər ayın ikinci yarsında ödənilməsi barədə razılığa gəlirlər. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat və vəkil xidmətinə görə 121 manat tutularaq Ərizəçi xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Aliment tutulması hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar