Məhkəmə qərarları › İş №2(046)-2037/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2037/2025

18.09.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2037/2025 18.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış, MŞŞ/MT00282 nömrəli barışıq sazişinin təsdiq edilməsi, barışıq sazişinə əsasən 05 iyun 2015-ci il təvəllüdlü X1 üçün 18 yaşı tamam olana qədər hər ay 200 manat alimentin 01 aprel 2025-ci il tarixindən başlayaraq hər ayın son on günlüyündə onun bank kart hesabına ödənilməsinin təsdiqi və ərizənin hazırlanması üçün vəkilə ödənilmiş 121 manat, mediasiya xərcinə görə ödənilmiş 150 manat və 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə ailə qurmuş və nikahları 19 may 2015-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 120 nömrə ilə rəsmiləşdirilmiş, nikahdan sonra Tarıverdipur soyadını qəbul etmişdir. Birgə nikahdan 05 iyun 2015-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqları ilk dövrlərdə münasibətləri normal olmuşdur. Lakin sonradan xarakter uyğunsuzluğu və davamlı mübahisələr səbəbindən münasibətləri pozulmuşdur. Bu səbəbdən maraqlı şəxsdən ayrı yaşamamağa qərar vermişdir. Artıq uzun müddətdir ki, ayrı yaşayırlar və ailə münasibətlərinin bərpasını mümkün hesab etmir. Boşanmaq qəti və dəyişməz fikridir. Maraqlı şəxslə nikah münasibətləri formal xarakter daşıyır və yalnız sənəd üzərindədir. Ailə birlikdəliyinin bərpası mümkün olmadığından nikahın pozulmasını yeganə çıxış yolu hesab edir. Boşanma ilə bağlı olaraq mediasiya orqanına müraciət etmişdir. Müraciəti əsasında Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən mediator X7 təyin olunmuşdur. 25 fevral 2025-ci il tarixində o və Maraqlı şəxs mediasiya prosesində iştirak etmiş və aralarında “Barışıq sazişi” imzalanmışdır. Barışıq sazişinə əsasən: Nikahın tərəflərə əlavə vaxt verilmədən məhkəmə qaydasında pozulması; 05 iyun 2015-ci il təvəllüdlü X2 onun himayəsində qalması; uşağın 18 yaşına çatanadək saxlanılması üçün maraqlı şəxs tərəfindən onun bank hesabına 01 aprel 2025-ci il tarixindən başlayaraq hər ayın son on günlüyündə 200 manat aliment ödənilməsi; habelə tərəflər arasında uşağın ünsiyyəti, yaşayış yeri, əmlak və digər məsələlər üzrə hər hansı mübahisənin olmadığı barədə razılıq əldə edilmişdir. Mediasiya prosesi Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 tərəfindən tərtib edilmiş 25 fevral 2025-ci il tarixli protokolla başa çatdırılmışdır. Göründüyü kimi artıq barışıq sazişinin könüllü icrası üçün Mediasiya haqqında Azərbayca Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Lakin Maraqlı şəxs qeyd olunan şərtlərlə razılaşmasına baxmayaraq, 5 aydır ki, aliment ödənişlərini həyata keçirmir. Bu, onun öhdəliyin könüllü icrasından qəsdən yayınmasını və onu məhkəməyə müraciətə məcbur etməsini açıq şəkildə göstərir. Hazırkı halda maraqlı şəxsin qəsdən öhdəlikdən yayınması və aliment ödənişlərini dayandırması onun üçün məhkəməyə müraciəti labüd etmişdir. Hüququn pozulması və yaranan hüquqi mübahisə nəticəsində vəkil tutmaq və buna görə vəsait ödəmək zərurəti yaranmışdır. Bu səbəbdən hesab edir ki, barışıq sazişinin təsdiqi və onun icrasına dair ərizənin tərtibi məqsədilə onun tərəfindən vəkilə ödənilmiş 121 manat, mediasiyada barışıq sazişi üçün ödənilmiş 150 manat və ərizənin məhkəməyə təqdiminə görə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərmişdir ki, heç yerdə işləmədiyi üçün 200 manat aliment ödəməyə maddi imkanı çatmır. Sonuncu ay aliment ödəməməsinin səbəbi 2 aydır ki, övladını görə bilməməsi olmuşdur. Barışıq sazişinin təsdiq olunmasını istəmir. Belə ki, onun aylıq 150 manat ödəməyə maddi imkanı çatır. Hal-hazırda işsizdir. İşləyəcəyi halda barışıq sazişində yazılan məbləğdən də artıq pul ödəyəcəkdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Yazılı sübut qismində işə əlavə edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X7 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki: 1. ’’Tərəflər” aralarında 19 may 2015-ci il tarixdə, 120 nömrəli qeydlə bağlanmış nikahın, onlara vaxt verilmədən məhkəmədə pozulması barədə razılığa gəlirlər. 2. ’’Tərəflər” aralarında birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş X2 anası X3 himayəsində qalması barədə razılığa gəlirlər. 3. ”Tərəflər” aralarında X2 18 yaşına çatanadək saxlanılması üçün ayda 200 manat alimentin Maraqlı şəxs tərəfindən X3 bankdakı kart hesabına xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın axırıncı ongünlüyündə ödənilnəsi barədə razılığa gəlirlər. 4. ”Tərəflər” arasında uşaqla ünsiyyət, mənzil, əmlak və sair mübahisə yoxdur. 5. Bu öhdəliklər pozulduğu halda “Tərəflər” aidiyyatı üzrə məhkəməyə müraciət edə bilərlər. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzindən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 100 məbləğində pul ərizəçi tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində barışıq sazışı imzalanmışdır. Həmin sazişin şərtlərin könüllü icrasından Maraqlı şəxs tərəfindən imtina edilmişdir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki- Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişinin aliment tələbinə dair hissə üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli barışıq sazişinin 3-cü bəndi məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumundan, mediasiya xidmətinə ödənilmiş 150 manat və vəkil xidmətinə görə ödənilmiş 121 manat puldan ibarətdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 100 manat və vəkil xidmətinə görə ödənilmiş 121 manat Maraqlı şəxs tutalaraq Ərizəçi ödənilməlidir. Mediasiya xidmətlərinin göstərilməsi ilə bağlı ödənilmiş 150 manat mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölünməli, yəni 75 manat Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 3-cü bəndinin aşağıdakı şərti təsdiq edilsin: Tərəflər” aralarında X2 18 yaşına çatanadək saxlanılması üçün ayda 200 manat alimentin Maraqlı şəxs tərəfindən X3 bankdakı kart hesabına xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın axırıncı ongünlüyündə ödənilnəsi barədə razılığa gəlirlər. Dövlət rüsumu üçün ödənilmiş 100 manat və vəkil xidmətinə görə ödənilmiş 121 manat Maraqlı şəxs tutalaraq Ərizəçi ödənilsin. Mediasiya xidmətlərinin göstərilməsi ilə bağlı ödənilmiş 150 manat mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölünsün, yəni 75 manat Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Aliment tutulması hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar