Məhkəmə qərarları › İş №2(046)-225/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-225/2023

27.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-225/2023 27.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş protokola əsasən ona hesablanmış 480.70 manat pulun abonent hesabından silinməsina dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Xocalı rayonu Kosalar kəndində anadan olmuşdur. Göyçay şəhəri 2 saylı uşaq baxçasında məskunlaşmışdır. 25 iyul 2022-ci il tarixdə "xxxx" ASC-nin “Mərkəzi-Aran” RETSİ-nin əməkdaşları tərəfindən sözügedən baxçada quraşdırılmış sayğac yoxlanılmış və müəyyən edilmişdir ki, sayğacın giriş “0” xətti küçədə yerləşən elektrik dirəyindən kəsildiyi, kənar bir yerdən “0” xətti götürülərək sayğacın normal işinə müdaxilə olmuş və enerji uçotu pozulmuşdur. Akt tərtib edilərkən onun iştirakım təmin edilməmişdir. Bütün bunlara görə ona 480.70 manat məbləğində əsassız borc hesablanmışdır. Bu borcun hesablanması barədə məlumat cavabdeh tərəfindən ona hesab ödəniş vərəqəsi təqdim olunarkən verilmişdir. Cavabdeh təşkilata aktın qanunsuz olduğunu bildirsə də, heç bir nəticəsi olmamışdır. Həmin aktın surəti də ona verilməmişdir. Sayğaca hər hansı müdaxilə edilməmiş və müdaxilə olunması barədə məlumatı olmamışdır. Sözügedən sayğac baxçanın daxilində deyil, həyətində quraşdırılmışdır. Uzun müddətdir ki, elektrik ödənişində problemlər olmamışdır. Aktda qeyd olunanların heç bir əsası yoxdur, çünki qeyd etdiyi kimi elektrik dirəyi küçədə yerləşir, həmin xətti kəsməyi və əlavə xətt qoşmağı mümkün deyil, eləcə də enerji uçot dəstinin pozulması hansı nəticə yaratdığı aydın deyildir və ona izah olunmamışdır. Sayğaca müdaxilənin onun təqsiri üzündən baş verməsi müəyyən olunmadığından, hesablanmış ziyanın onun üzərinə qoyulması tamamilə əsassızdır. Qaydalara görə yaşayış binalarının girişində, yaxud küçədə quraşdırılmış fərdi yaşayış evləri üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin faktiki halından göründüyü kimi, yaşadığı Göyçay şəhəri M.Fizuli küçəsində yerləşən 2 saylı baxçada ona məxsus elektrik sayğacı binanın girişində quraşdırılmışdır. Belə olan halda, elektrik sayğacının bütövlüyünə və işlək vəziyyətdə saxlanmasına cavabdeh təşkilat məsuliyyət daşıyır.Həmçinin 25 iyul 2022-ci il tarixli 263109 saylı aktdan görünür ki, onun tərtibi zamanı hal şahidləri iştirak etməmişlər. Halbuki «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.33-ci maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizat müəssisənin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edib və aktın bir nüsxəsinin məişət abonentinə verir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək göstərmişdir ki, 25 iyul 2022-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETS-nin struktur tərkibində fəaliyyət göstərən Göyçay EŞ-nin əməkdaşları Məmmədov Tural, Muradov Vüsal və İbadov Sübhan tərəfindən Göyçay şəhərində yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı Füzuli küçəsində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın giriş “0” xətti dayaqdan kəsilib, kənar yerdən “0” xətti götürülüb. Sayğacın normal işləməsinə müdaxilə olunub.Enerji uçotu pozulub. Video çəkiliş aparılmışdır. Sayğacdan keçən yük xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə ölçüldükdə sayğaca daxil olan yükün 0,44 kvt təşkil etdiyi müəyyən edilmişdir. Sayğacın çıxış faza yaxası əriyib. Bu səbəbdən İddiaçı barəsində “EEİQ”nın tələblərinə uyğun olaraq Akt R № 263109 saylı akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” hesablanmış məbləğ ödənilsin. Uçot dəsti bərpa olunsun ” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı akta imza etməkdən imtina etmişdir. Bu barədə aktın müvafiq hissəsində enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imza edilməklə qeydiyyat aparılmışdır. "xxxx" ASC-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən xx.xx.2022-ci il tarixli, AKT R № 263109 saylı akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 365 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 480,54 manat təşkil edən 3854 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır: ( P=0,44 kvt, W=0,44 kvt x 365 gün x24 saat = 3854 kvt s 2830 kvt sx 0,13 = 367,9 manat 124 kvt sx 0,11 = 112,64 manat Cəmi: 480,54 manat). İddiaçı barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq akt tərtib edilərkən və həmin akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılarkən ona qarşı hər-hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Buna görə də iddianın rədd edilməsin xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X3 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus Göyçay şəhəri Füzuli küçəsində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş, baxış zamanı “0” xəttinin dayaqdan kəsildiyi və başqa yerdə götürüldüyü müəyyən edilmişdir. Buna görə də akt tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 263109 nömrəli aktdan görünür ki, İddiaçı məxsus Göyçay şəhəri Füzuli küçəsində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş, sayğacın giriş “0” xətti dayaqdan kəsilib, kənar yerdən “0” xətti götürülüb. Sayğacın normal işləməsinə müdaxilə olunub.Enerji uçotu pozulub. Qeydi aparılmışdır. Qeyd: akt tərtib edilərkən İddiaçı və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, İddiaçı məxsus Göyçay şəhəri Füzuli küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın giriş “0” xətti dayaqdan kəsildiyi və kənar yerdən “0” xətti götürüldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11 -ci bəndinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus Göyçay şəhəri Füzuli küçəsində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş, sayğacın giriş “0” xətti dayaqdan kəsildiyi, kənar yerdən “0” xətti götürüldüyü, sayğacın normal işləməsinə müdaxilə olunduğu müəyyən edildiyindən bu barədə akt tərtib edilmişdir. Akt tərtib edilərkən İddiaçı və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Eləcə də məhkəmə baxışı zamanı İddiaçı özünə məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına (şalbandan “0” xəttinin çıxarılmasının) İddiaçı tərəfindən müdaxilə etdiyinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, "xxxx" ASC-nin elektrik enerjisindən istifadə Qaydalarının pozulmasını əsas götürərək İddiaçı 480.70 manat ziyan tələb etməkdə haqlı deyildir. İddiaçı hesablanmış 480.70 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə xx.xx.2022-ci il tarixli 263109 saylı protokola əsasən abonent koduna hesablanmış 480.70 manat borc pul silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar