Məhkəmə qərarları › İş №2(046)-237/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-237/2024

27.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-237/2024 27.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyev Sevinc Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh İB-in nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı akt nəticəsində hesablanmış pulun azaldılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin X9 İstismarı İdarəsi tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq abonent koduna yazılmış 907.20 (doqquz yüz yeddi manat iyirmi qəpik) borc məbləğinin azaldılaraq 75.60 manat (yetmiş beş manat altmış qəpik) saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evinə təbii qaz xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Hər ay Cavabdeh İB Ağsu RQİİ İsmayıllı Xidmət Sahəsinin əməkdaşının sayqaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq qazdan istifadəyə görə ödənişlər etmişdir. Cavabdeh İB Ağsu RQİİ İsmayıllı Xidmət Sahəsinin əməkdaşı 2020-ci il tarixdə onun iştirakı olmadan sayqaca baxış keçirmiş, bu barədə ona heç bir məlumat verməmiş, baxış keçirilən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar edilmiş, bu barədə akt tərtib edilmişdir. Lakin akt barədə ona 2023-cü il tarixdə rəsmi məktubla məlumat verilmişdir. Həmin akta əsasən ona qanunsuz olaraq 907.20 (doqquz yüz yeddi manat iyirmi qəpik) məbləğində borc hesablanmışdır. Həmin xətti aşkar edilsə də, o, həmin xəttdən heç bir vaxt istifadə etməmiş, istifadəsiz bir xəttdir. Aşkar edilən zaman da istifadə edilmirdi. Ona görə də hesablanmış borc məbləği ilə razı deyil, hesab edir ki, həmin borc tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən evində istifadə edilən qaz cihazlarının 90 günə hesablanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də ona yazılmış cərimə məbləği tamami ilə qanunsuzdur. Hesab edir ki, qanunsuz olaraq 907.20 (doqquz yüz yeddi manat iyirmi qəpik) məbləğində hesablanmış borc azaldılmalıdır. Belə ki Cavabdeh X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 30 aprel 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə qaz sayğacının nominal saatlıq qaz sərfinin 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bütün əhali abonentlərinin, o cümlədən də mənim yaşadığım evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir, sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər onun evində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Göründüyü kimi əvvəllər də bundan istifadə edilmədiyi üçün bu aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli qərarı və "Azəriqaz" İB Ağsu RQii-nin xx.xx.2020-ci il tarixli gərarı X6 Reyestrinin elektron variantında dərc edilmədiyi üçün həmin qərarların müddəalari istehlakçı üçün məcburi xarakter daşımır. Göründüyü kimi cavabdeh orqan onlara verilmiş hüquqlardan sui-istifadə edərək onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşlar. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, yaşadığı evdə aşkar edilmiş sayğacdan kənar əlavə qaz xəttinə görə ona hesablanmış məbləğ xeyli artiq yazılmışdır və azaldılmalıdır. Dəymiş ziyanın bərpasına dair tələbnamənin istinad edildiyi 30 aprel 2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı aktda qeyd olunan qaz cihazları aprel ayında və arxaya hesablanmış növbəti 90 gündə və 24 saat ərzində istifadə edilmədiyindən, bundan əlavə ərazi üzrə nəzarətçinin ən azından ayda bir dəfə ünvanına baxış keçirdiyindən itirilmiş təbii qazın hesabatı maksimum 30 gün müddətində hesablanmaqla hesablanmiş cərimənin ümumi məbləği azaldılarag 75.60 manat (yetmiş beş manat altmış qəpik) saxlanılmalidır. Cavabdeh İB-nin nümayəndəsi X7 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, Göyçay rayonu Qarabaqqal kəndində yaşayan İddiaçı Göyçay rayon Məhkəməsində iddia qaldıraraq əsassız hesablanmış 907.20 manat borc məbləğinin azaldılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun mənzilində sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar edilməsinə baxmayaraq həmin xəttdən istifadə edilmədiyini, hesablanmış cərimə məbləğinin qanunsuz olaraq həddən artıq şişirdildiyini bildirərək hesablanmış məbləğin əsassız olduğu üçün azaldılmasını xahiş etmişdir. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2020-ci il tarixində Cavabdeh Azəriqaz” X3 RQİİ-nin Göyçay XS-nin əməkdaşları Göyçay rayonu Qarabaqqal kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2020-ci il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Mənzildə təbii qazdan istifadənin aşkar edilməsi zamanı mobil telefon vasitəsi ilə foto çəkiliş aparılmışdır. xx.xx.2020-ci il tarxli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Azəriqaz” İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2020-ci il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2023-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********000000 nömrəli abonent koduna 9072 m3- 907.20 (doqquz yüz yeddi) manat 20 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 907.20 (doqquz yüz yeddi) manat 20 qəpik məbləğində məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmədən Göyçay rayonu Qarabaqqal kəndində yaşayan İddiaçı əsassız hesablanmış 907.20 manat cərimə məbləğinin azaldılması tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İB-in nümayəndəsi X7 iddianı qəbul etmədi, iddiaya etiraz ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarından görünür ki: 0244539 saylı, 14 aprel 2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar xətlə qeyri-qanuni olaraq təbii qazdan istifadə edilməsi aşkar edilmişdir. İş üzrə 14 aprel 2020-ci il tarixli inventar aktından görünür ki, İddiaçı məxsus Göyçay rayonu Qarabaqqal kəndində yerləşən evdə istifadə olunan cihazlar 01 ədəd radiator, 01 ədəd peç, 01 ədəd 4 gözlü pilətə, 01 ədəd radiator (işlətmir). xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, abonent İddiaçı 907 manat 20 qəpik dəyərində itirilmiş qazın həcmi hesablanmış həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh itirilmiş qazın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı Göyçay XS-nin abonent bazasındakı abonent koduna 9072 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Əsaslandırıcı hissə: Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nının 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara və tərəflərin izahatlarına qiymət verərək hesab edir ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar xətlə qeyri-qanuni olaraq təbii qazdan istifadə edilməsi aşkar edilmiş və 14 aprel 2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqında ******* saylı akt tərtib etmişlər. Məhkəmə hesab edir ki, Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini sayğacın göstəricilərinə əsasən tam hesablayaraq hər ay istehlakçıya məlumat (hesab) təqdim etməli olduğu halda qeyd olunanları etməmiş və iddiaçıya hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan 9072 m3, yəni 907 manat 20 qəpik hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. (907.20/3=302.40) Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin X9 İstismarı İdarəsi tərəfindən 2020-ci ilin aprel ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə İddiaçı abonent koduna hesablanmış 907 manat 20 qəpik cərimə məbləğinin azaldılaraq 302 manat 40 qəpik müəyyən edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin X9 İstismarı İdarəsi tərəfindən 2020-ci ilin aprel ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə İddiaçı abonent koduna hesablanmış 907 (doqquz yüz yeddi) manat 20 (iyirmi) qəpik cərimə məbləği azaldılaraq 302 (üç yüz iki) manat 40 (qırx) qəpik müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar