Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-456/2022 21.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdehnə qarşı miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X8 vəsiyyətnaməyə əsasən mərhum ərinə miras qalmış Göyçay şəhəri Atatürk küçəsi 73 saylı evdə yerləşən bir otaqlı 4 saylı mənzilə qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, 15 iyul 2005-ci il tarixdə X10 ilə nikah qetd etdirməklə ailə qurmuş, nikahdan 21 avqust 2005-ci il tarixdə Esmira, 27 iyun 2007-ci il tarixdə Ülkər və 23 mart 2010-cu il tarixdə Əli anadan olmuşdur. X3 15 noyabr 2017-cü il tarixdə vəfat etmişdir. Ərinin ölümündən sonra onun vəsiyyətnamə üzrə əldə etdiyi, Göyçay şəhəri Atatürk küçəsi 73 saylı evdə yerləşən bir otaqlı mənzil miras qalmışdır. Həmin mənzili mərhum ərinə 09 iyul 1992-ci il tarixdə mərhum X11 vəsiyyət etmiş və özü Bakı şəhərinə köçmüşdür. Mənzil 1992-ci ildən mərhum ərimin istifadəsində və sahibliyində olmuş, ərinin ölümündən sonra 2017- ci ildən onun sahibliyindədir. Mərhum X11 22 sentyabr 1994-cü il tarixdə vəfat etmişdir. Cavabdeh notariusu ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş və imtinasını mərhum Anna Qostiyevanın nə qanun, nə də vəsiyyət üzrə vərəsəsi olmamağı ilə əsaslandırmışdir. Halbuki mərhum ərinin vəsiyyətnaməyə əsasən faktiki qəbul etdiyi mirası faktiki idarə etməklə qəbul etmişdir İş üzrə Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını dinləyən, iş materiallarında olan sənədləri araşdıran məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X2 təsdiq edilmiş surətindən görünür ki, X10 ilə İddiaçı xx.xx.2015-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş X1 təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahdan 21 avqust 2005-ci il tarixdə Esmira, 27 iyun 2007-ci il tarixdə Ülkər və 23 mart 2010-cu il tarixdə Əli adlı uşaqları anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Qeydiyyat vəsiqəsinən görünür ki, Göyçay şəhəri Atatürk küçəsində yerləşən 73 saylı ev X9 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.1992-ci il tarixli vəsiyyətnamədən görünür ki, X11 mülkiyyətində olan Göyçay şəhəri Atatürk küçəsində yerləşən 73 saylı evi X7 vəsiyyət etmişdir. Məhkəməyə təqdim edilmiş Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X11 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş X5 təsdiq edilmiş surətlərindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X9 nə qanun üzrə nə də vəsiyyyə üzrə vərəsəsi olmadığından vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş Müqavilədən görünür ki, Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2012-ci il tarixdə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, Göyçay şəhəri Atatürk küçəsində yerləşən 73 saylı evə dair komunal xərclər X10 tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X11 tərəfindən xx.xx.1992-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə hal-hazırda Cavabdeh arxivindədir. Həmin notariat işinin üzərində ləğv edilməyə dair heç bir notariat əməliyyatı aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı mərhum X10 ilə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2005-ci il tarixdə Esmira, xx.xx.2007-ci il tarixdə Ülkər və xx.xx.2010-cu il taridə Əli adlı uşaqları anadan olmuşdur. İddiaçı Elşad Məmmədovla ailə həyatı qurduqdan sonra miras əmlak olan və mərhum X8 miras qalmış Göyçay şəhəri Atatürk küçəsi 73 saylı evin 4 saylı mənzilə gəlin köçmüş və həmin tarixdən hazırki vaxtadək həmin mənzildə yaşayır. Miras əmlak olan mənzil X11 tərəfindən iddiaçının mərhum əri Elşad Məmmədova xx.xx.1992-ci il tarixdə vəsiyyət edilmiş, miras qoyan X11 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Mərhum X9 1-ci növbəli vərəsəsi olmadığından, eləcə də mübahisəli miras əmlakla bağlı sonuncunun digər vərəsələri miras əmlakı qəbul etmədiyindən hazırki iş üzrə İddiaçı sözügedən mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Buna səbəb kimi xx.xx.1994-cü tarixdə vəfat etmiş X9 nə qanun üzrə nə də vəsiyyət üzrə vərəsəsi olmadığından vərəsəlik hüququ haqqında çəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki hüquq münasibətinin yarandığı, yəni mirasın açıldığı dövürdə - xx.xx.1994cü tarixdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinin birinci hissəsində göstərilir ki, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Mülki Məcəllənin 528-ci maddəsinin tələblərinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. MM-nin 529-cu maddəsinin tələblərinə əsasən vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. MM-nin 530-cu maddəsinin tələblərinə görə vəsiyyət üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar vərəsə ola bilərlər. Mülki Məcəllənin 537-ci maddəsində göstərilir ki, hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini(adi ev avadanlığı və məişətin predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair istimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Mülki Məcəllənin 545-ci maddəsinin tələblərinə görə vəsiyyətnamə tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən şəxsin imzalanmalı və notariatda təsdiq edilməlidir. Mülki Məcəllənin 552-ci maddəsinin tələblərinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu müddətdə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Həmin maddədə daha sonra göstərilir ki, qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İşin faktiki halları ilə müəyyən olunur ki, mərhum Elşad Məmmədov ona vəsiyyət edilmiş əmlakı faktiki qəbul etmiş, miras əmlak olan mənzildə yaşayaraq faktiki surətdə idarə etmiş, əmlaka yiyələnmişdir. Lakin qanunla müəyyən edilmiş müddət ərzindən miras əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Elşad Məmmədovun vəfatından sonra İddiaçı miras əmlakı faktiki qəbul etmiş, qoruyub saxlamış öz mülkiyyəti kimi idarə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə - vərəsənin mirasın açıldığı yerin notariat orqanına mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşulür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: məsələn, vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və sair hallar. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə - vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o, hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və sair hallar aiddir. Eyni zamanda miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən verilən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və sair. Lakin, yuxarıda qeyd olunduğu kimi, mirasın qəbuluna istər rəsmi, istərsə də faktiki yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Məhkəmə yekun olaraq qeyd edir ki, iddia təmin edilməli, mərhum X8 vəsiyyətnaməyə əsasən mərhum X7 miras qalmış Göyçay şəhəri Atatürk küçəsi 73 saylı evdə yerləşən bir otaqlı 4 saylı mənzilə İddiaçı qanun üzrə vərəsəlik hüququ tanınmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Mərhum X8 vəsiyyətnamə əsasında mərhum X7 miras qalmış Göyçay şəhəri Atatürk küçəsi 73 saylı evdə yerləşən bir otaqlı 4 saylı mənzilə İddiaçı qanun üzrə vərəsəlik hüququ tanınsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İ.B.Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-456/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-456/2022
21.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver