Məhkəmə qərarları › İş №2(046)-508/2022

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-508/2022

21.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-508/2022 21.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 16 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəyə Göyçay şəhərində baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 2138 saylı texniki pasportun X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəni belə əsaslandırılmışdır ki, şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 2138 saylı texniki pasporta əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 07 mart 2004-cü il tarixdə vəfat etmiş anası X1 mülkiyyətindədir. Miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Göyçay rayon Notariat Kontoruna və DƏDRX-nın 16 saylı Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, 2138 saylı texniki pasporta anasının adı X3 əvəzinə səhvən X4 yazılmışdır. Ona görə də ərizə ilə DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə müraciət edərək həmin sənədlərdə düzəliş edilməsini xahiş etmiş, lakin sözügedən inzibati orqan müvafiq düzəlişin edilməsindən imtina etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iş üzrə icraata xitam verilməldir . Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Göyçay rayon Texniki İnventarlaşdırma Bürosu və Komunal Təsərrüfat şöbəsi tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair mərhum X1 adına texniki pasportlar tərtib edilmiş, həmin texniki pasportlarda fərdi yaşayış evinin sahibinin adı texniki səhv olaraq “Xatın” əvəzinə, “Xanım” yazılmışdır. Hüquqların dövlət qeydiyyatını aparan DƏDRX-nın 16 saylı Ərazi İdarəsi həmin yalnışlığın aradan qaldırmamış və hüquqların dövlət qeydiyyatını aparmaqdan imtina etmişdir. Mübahisənləndirilən texniki pasportu tərtib edən Texniki İnventarlaşdırma Büroları ləğv edilmiş və bunun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılmışdır. “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Məcəllənin 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Qeyd edilən qanun normasının tələbindən göründüyü kimi, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, təqdim olunmuş sübutlar yetərli olmadıqda isə inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsi tərəfindən texniki pasportda buraxılmış səhvlərin düzəldilməsindən əsassız olaraq imtina edilməsi o demək deyildir ki, ərizəçi sənəddə yol verilmiş yanlışlığın düzəldilməsinə inzibati məhkəməyə inzibati iddia verməklə deyil, xüsusi icraat qaydasında ümumi məhkəməyə ərizə verməklə nail ola bilərlər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddənin mənasından və mahiyyətindən görünür ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. İnventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsidir. Belə olan halda həmin inzibati orqan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda yol verilmiş yalnışlığı aradan qaldırmalı və səhvlərin aradan qaldırılması barədə bildiriş verilməlidir. Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinin imtinasından iddia ərizəsi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli olduğu halda, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə ümumi məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2. və 2.2.3-cü maddələrinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə xitam verir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 16 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Ərizəçi izah edilsin ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 16 saylı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar