Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-530/2024 28.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı akt nəticəsində hesablanmış pulun azaldılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nın X3 İstismarı İdarəsi tərəfindən 2023-cü ilin noyabr ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq abonent koduna yazılmış 4121 manat 98 qəpik cərimə məbləğinin azaldılaraq 457 manat 92 qəpik saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır, həmin evdə qaz hesabatları onun adınadır, müqavilə onunla bağlanmışdır. Təxminən 2023-cü ilin noyabr ayında Göyçay qaz idarəsinin işçiləri onun yaşadığı fərdi yaşayış evinə baxış keçirən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmişlər və buna görə də ona qanunsuz olaraq 4121 manat 28 qəpik məbləğində cərimə yazmışlar. Lakin həmin xətt aşkar edilsə də, o, həmin xəttdən heç bir vaxt istifadə etməmiş, köhnə və istifadəsiz bir xəttdir. Aşkar edilən zaman da istifadə edilmirdi. Ona görə də hesablanaraq yazılmış məbləğ ilə razı deyil, hesab edir ki, tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən fərdi yaşayış evində istifadə edilən təbii qazın dəyərinin 180 və 365 gün müddətində və sutkanın 12 saatı ərzində hesblanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də ona yazılmış cərimə məbləği tamamilə qanunsuzdur, və azaldılmalıdır. Bütün əhali abonentlərinin, o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir, sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər onun mənzilində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsa idı, bunu nəzarətçi aşkar edərdi. Göründüyü kimi əvvəllər də bundan istifadə edilmədiyi üçün bu aşkar edilməmişdir. Cavabdeh İB-nin əməkdaşları xx.xx.2023-cü il tarixdə dəymiş zərəri müəyyənləşdirərkən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına və daxili təlimatlarına istinad etmişdir. Cavabdeh İB-nin istinad etdiyi həmin sənəd və ya sənədlər o vaxt sübut kimi qəbul edilə bilər ki, Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilsin. Həmin sənəd və ya sənədlər Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilmədiyindən həmin sənədlər vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Bu səbəbdən dəymiş zərərin müəyyənləşdirildiyi “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına və daxili təlimatları sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi cavabdeh orqan onlara verilmiş hüquqlardan sui-istifadə edərək onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşlar. Hesab edir ki, ona məxsus fərdi yaşayış evində aşkar edilmiş sayğacdan kənar əlavə qaz xəttinə görə ona hesablanmış məbləğ xeyli artıq yazılmışdır və azaldılmalıdır. Dəymiş ziyanın bərpasına dair tələbnamənin istinad edildiyi 20.11,2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı aktda qeyd olunan qaz cihazları noyabr ayında və arxaya hesablanmış növbəti 180 və 360 gündə və 12 saat ərzində istifadə edilmədiyindən, bundan əlavə ərazi üzrə nəzarətçinin ən azından ayda bir dəfə ünvanına baxış keçirdiyindən itirilmiş təbii qazın hesabatı maksimum 30 gün müddətində hesablanmaqla hesablanmış cərimənin ümumi məbləği azaldılaraq 457 manat 92 qəpik saxlanılmalıdır. Belə ki, 30.11,2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə istifadə edilən qaz cıhazlarına görə 180 və 360 gün müddətində hesablanmış 4121 manat 68 qəpik cərimə məbləği azaldılaraq 30 gün hesablanılmaqla ümumilikdə 457 manat 92 qəpik saxlanılmalıdır. Cavabdeh İB-nin nümayəndəsi X2 iddiaya qarşı etiraz vermişdir. etirazda göstərmişdir ki, Göyçay şəhəri Ə.Cavad küçəsi ev 79 ünvanında yaşayan İddiaçı Göyçay rayon Məhkəməsində iddia qaldıraraq əsassız hesablanmış 4121 manat 28 qəpik borc məbləğinin azaldılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun mənzilində sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar edilməsinə baxmayaraq həmin xəttdən istifadə edilmədiyini, hesablanmış cərimə məbləğinin qanunsuz olaraq həddən artıq şişirdildiyini bildirərək hesablanmış məbləğin əsassız olduğu üçün azaldılmasını xahiş etmişdir. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2023-cü il tarixində Cavabdeh və Ağsu RQİİ-nin ünvan 3 ünvanında yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Mənzildə təbii qazdan istifadənin aşkar edilməsi zamanı mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. xx.xx.2013-cü il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İBnin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2023-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********700000 nömrəli abonent koduna 34344 m3- 4121.28 (dörd min bir yüz iyirmi bir) manat 28 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 4121.28 (dörd min bir yüz iyirmi bir) manat 28 qəpik məbləğində məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqısatqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş CavabdehİB-in nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarından görünür ki: 0402570 saylı, 20 noyabr 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar xətlə qeyri-qanuni olaraq təbii qazdan istifadə edilməsi aşkar edilmişdir. İddiaçı məxsus Göyçay şəhəri, Ə.Cavad küçəsində yerləşən 79 saylı evdə istifadə olunan cihazlar: 01 ədəd sac altı, 02 ədəd PQ-3, 03 ədəd radiator, 01 ədəd dəmir peç, 01 ədəd axımlı suqızdırıcı, 01 ədəd İran peçi. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, abonent İddiaçı 4121 manat 28 qəpik dəyərində itirilmiş qazın həcmi hesablanmış və tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh itirilmiş qazın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı Göyçay XS-nin abonent bazasındakı abonent koduna 34344 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Əsaslandırıcı hissə: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın: 3.1.11-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 3.3-cü bəndinə əsasən “Qazdan istifadə Qaydaları”nın 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: İddiaçı sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə edildiyi xx.xx.2023-cü il tarixdə aşkar edilsə də, həmin xəttdən hansı müddətdə istifadə etdiyi sübüta yetirilməmiş və ona 360 gün müddətinə 22896 m3 və 180 gün müddətinə 11448 m3 təbii qazdan qanunsuz istifadə etdiyinə görə 4121 manat 28 qəpik hesablanmışdır. Məhkəmə hesab edir ki, hər ay istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb olunursa demək ki, bu göstəricilər qaz sayğacının üzərindən qaz paylayıcısı tərəfindən götürülür. Belə olan halda qaz paylayıcısı tərəfindən sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadəsi halının aşkarlanması mümkün olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, qazpaylayıcısı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, yəni 1 ay (22896/12=228.96, 11448/6=228.96) (228.96+228.96=457.92) müddət nəzərə alınmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-nin X3 İstismarı İdarəsi tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə İddiaçı abonent koduna hesablanmış 4121 manat 98 qəpik cərimə məbləğinin azaldılaraq 457 manat 92 qəpik müəyyən edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB-nin X3 İstismarı İdarəsi tərəfindən sayğacdan kənar çəkilmiş əlavə qaz xəttindən istifadəyə görə İddiaçı abonent koduna hesablanmış 4121 (dörd min yüz iyirmi bir) manat 28 (iyirmi səkkiz) qəpik cərimə məbləği azaldılaraq 457 (dörd yüz əlli yeddi) manat 92 (doxsan iki) qəpik müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-530/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-530/2024
28.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver