Məhkəmə qərarları › İş №2(046)-560/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-560/2020

13.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-560/2020 13.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh nümayəndəsi (vəkili) x1 iştirakı ilə, kompensasiya ödənilməklə evdən çıxarılma tələbinə dair mülki işə Göyçay şəhərində 13 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Göyçay şəhəri Z. Bünyadov küçəsi bina 6, mənzil 5-ə yerləşən iki otaqlı mənzildən 2000 manat kompensasiya müqabilində yaşayış hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, oğlu x3 28.09.2012-ci il tarixdə Cavabdeh nikah bağlamışlar, nikahdan sonra cavabdeh ona məxsus mənzilə gəlin köçmüşdür. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Zaman keçdikcə oğlu ilə cavabdeh arasında olan narazılıqlara görə oğlu nikahın pozulmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, aralarında bağlanmış nikah 09.04.2019-cu il tarixdə pozulmuşdur. Bundan sonra cavabdeh evə köçürülmə tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəki Apellyasiya Məhkəməsinin 27.08.2019-cu il tarixli qətnaməsinə əsasən tələbi təmin edilmişdir. Cavabdehlə ailə kimi heç vaxt bir yerdə yaşamamışlar, cavabdehdən bir gəlin hörməti və qayğısı görməmişdir. Hesab edir ki, yenidən cavabdehlə eyni yaşayış sahəsində yaşamaları mümkün deyildir. Maddi durumu aşağı olduğundan, kompensasiya vermək üçün pulu borca almışdır. Hesab edir ki, cavabdehə kompensasiya verməklə həmin evdə yaşayış hüququna xitam verilməlidir. Bundan başqa 182 saylı SMD-nin Müdiriyyət və Həmkərlar ittifaqları Komitəsinin 10.10.1993-cü il tarixli 47 saylı iclas protokoluna əsasən Göyçay şəhəri Vidadi küçəsi bina 6, mənzil 25-in mülkiyyətçisidir. Buna görə də iddianın təmin edilməsin xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 iddiaçının göstərdiyi xüsusatları müdafiə etmiş, iddia tələbinin təmin edilməsini xahiş emtişdir. İş üzrə Cavabdeh nümayəndəsi qismində məhkəmədə izahat verən x2 iddianı qəbul etməyərək göstərmişdir ki, cavabdehlə iddiaçının oğlu 28.09.2012-ci il tarixdə nikah bağlamışlar, birgə nikahdan iki uşaqları anadan olmuşdur. Cavabdeh uşaqları ilə birlikdə 01.12.2018-ci il tarixədək mübahisəli mənzildə yaşamışdır. Cavabdeh iddiaçıya qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəki Apellyasiya məhkəməsinin 27.08.2019-cu il tarixli qətnaməsinə əsasən tələbi təmin edilmişdir. Həmin qətnamə bu vaxta qədər icra olunmamış, cavabdeh azyaşlı uşaqları ilə həmin mənzilə köçürülməmişdir. Buna baxmayaraq iddiaçı cavabdehin ayzaşlı uşaqları ilə birlikdə həmin mənzildən çıxarılmasın tələb edir. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığı halda cavabdehə kompensasiya ödəməklə evdən çıxarılmsını tələb edir. Mübahisəli mənzil Dövlət Qeydiyyatına alınmamışdır. Göründüyü kimi iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmadığı halda onun həmin mənzildən cavabdehin istifadə hüququna müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsini tələb etmək etməkdə subyektiv hüququ olmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin 27.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh azyaşlı uşaqları x4 və Bəşirli Fİdan Elnur qızı ilə birlikdə Göyçay şəhəri Z. Bünyadov küçəsi bina 6, 5 saylı mənzilə köçürülmüşdür. Məhkəmə baxışı zamanı İddiaçı Göyçay şəhəri Z. Bünyadov küçəsi bina 6, 5 saylı mənzilin dövlət qeydiyyatına alınmasını təsdiq edən reyestrdən çıxarışı məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun mənasında göründüyü kimi İddiaçı cavabdehin yaşayış binasının tərkib hissəsinə istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsini həmin mənzilə dair mülkiyyət hüququnu əldə etdiyi təqdirdə tələb etmək hüququna malik olacaqdır. Məhkəmə baxışı zamanı İddiaçı Göyçay şəhəri Z. Bünyadov küçəsi bina 6, mənzil 5-ə dair heç bir hüquq müəyyənedici sənədləri və həmin mənzilin dövlət qeydiyyatına alınmasını təsdiq edən reyestrdən çıxarışı məhkəməyə təqdim edə bilməmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı Göyçay şəhəri Z. Bünyadov küçəsi bina 6, 5 saylı mənzildən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar