Məhkəmə qərarları › İş №2(046)-637/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-637/2024

15.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-637/2024 15.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı abonent koduna yazılmış cərimə məbləğinin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq abonent koduna yazılmış 2073 manat 60 qəpik cərimə məbləğinin azaldılaraq 172 manat 80 qəpik saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o Göyçay rayonu Potu-Şıxlı kəndində yerləşən və özünə məxsus olan fərdi yaşayış evində yaşayır, həmin evdə qaz hesabatları onun adınadır. 2023-cü ilin dekabr ayında Cavabdeh işçiləri onun yaşadığı fərdi yaşayış evinə baxış keçirdən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmişlər və buna görə də ona qanunsuz olaraq 17280 m3 təbii qazın dəyəri olan 2073 manat 60 qəpik məbləğində cərimə yazmışlar. Həmin xətt aşkar edilsə də, o həmin xəttdən heç bir vaxt istifadə etməmişdir, köhnə və istifadəsiz bir xəttdir. Aşkar edilən zaman da istifadə edilmirdi. Ona görə də o hesablanaraq yazılmış məbləğ ilə razı deyil, hesab edir ki, tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən mənzilində istifadə edilən təbii qazın dəyərinin 360 gün müddətində və sutkanın 12 saatı ərzində hesablanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də ona yazılmış cərimə məbləği tamamilə qanunsuzdur, hesab edir ki, azaldılmalıdır. Belə ki Cavabdeh X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 31 oktyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə istifadə edilən qaz cihazlarına görə günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Cavabdehin etirazları: Cavabdeh İB-in nümayəndəsi X3 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, xx.xx.2023-cü il tarixində "Azəriqaz” İstehsalat Birliyinin və Ağsu RQİİ-nin Göyçay XSnin əməkdaşları Göyçay rayonu Potu kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2023-cü il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Mənzildə təbii qazdan istifadənin aşkar edilməsi zamanı mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. xx.xx.2023-cü il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İBnin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2023-cü il tarixdə Ağsu RQİİnin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 17280 m3 – 2073 manat 60 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 2073 manat 60 qəpik məbləğində məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqısatqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh İB-in nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi X3 ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş ******* saylı, 01 dekabr 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay rayonu Potu-Şıxlı kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. İşə əlavə edilmiş Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, abonent İddiaçı 2073 manat 60 qəpik dəyərində itirilmiş qazın həcmi hesablanmışdır. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. İşə əlavə edilmiş Cavabdeh dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı yaşadığı evə sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilsin.Qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin.4x12x360=17280 m3 İşə əlavə edilmiş Cavabdeh nümayəndəsi Ramil Ömərovun xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki,İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına hər ayda bir dəfədən az olmayaraq baxış keçirilməsi,sayğacın son göstəricisi götürülrək abonentlərə aylıq istifadə etdikləri təbii qazın miqdarı və dəyəri barəsində bildiriş verilməsi göstərilmişdir. Tətbiq edilən hüquq normaları: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 22-ci maddəsinə görə bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinyaət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Qazdan istifadə Qaydaları"nın 6.5-1-ci bəndinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli,13№-li qərarına görə ölkədə əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifi illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd əməl deliktdir.Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,»Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 01 dekabr 2023-cü il tarixli,0401495 №-li akta görə İddiaçı tərəfindən yaşadığı Göyçay rayonu Potu-Şıxlı kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar istifadə etməsi faktı aşkar edilmişdir. Sayğacdan kənar təbii qazdan istifadə faktı aşkar edildiyindən qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmişdir.Qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və (4x12x360=17280 m3) 2073 manat 60 qəpik məbləğində zərərin ödənilməsi tələb edilmişdir. Məhkəmə istehlakçı İddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini nəzərə alıb,hesab edir ki,İddiaçı törətmiş olduğu mülki hüquq pozuntusuna görə təqsirli sayılmalıdır.Bununla yanaşı məhkəmə hesab edir ki, qaz sərfiyyatına görə hesablanmış zərərin məbləği faktiki olaraq dəymiş zərərin məbləğinə mütənasib olmamış,qaz paylayıcısı Cavabdeh İB-i tərəfindən sayğacdan kənar qazdan istifadə olunduğu müddəti düzgün hesablamamışdır.Belə ki,qaz paylayıcısı tərəfindən hər ayda bir dəfədən az olmayaraq qaz sayğacına baxış keçirilməsi nəzərdə tutulduğundan,01 dekabr 2023-cü il tarixədək keçirilmiş baxışda sayğacdan kənar qaz xəttinin olması aşkar edilməmişdir.Belə olan halda məhkəmə hesab edir ki, sayğacdan kənar qazdan istifadə olunduğu müddət 01 noyabr 2023-cü il tarixdən aşkar olunduğu 01 dekabr 2023-cü il tarixədək,yəni sonuncu baxış tarixindən qanunsuz qoşulma halı aşkar edildiyi tarixədək 30 gün üçün itirilmiş qazın dəyəri müəyyən olunmalı,hesabat müddəti 360 gün üçün deyil,30 gün üçün müəyyən edilməlidir.Beləliklə qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 m3/saat ,orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə (4x12x30=1440 m3) 1440 m3 müəyyən olunmalıdır.»Tarif Şurasının 16 oktyabr 2021-ci il tarixli,13№-li qərarına görə 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik (1200x0,12=144 manat),qalan (1440-1200=240 m3) 240 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik (240x0,20=48 manat) 48 manat,cəmi 192 manat (144+48=192) dəymiş zərərin məbləği müəyyən olunmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli,Cavabdeh İB-i tərəfindən 2023-cü ilin dekabr ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə İddiaçı abonent koduna hesablanaraq yazılmış 2073 manat 60 qəpik məbləğində dəymiş zərər azaldılaraq 192 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı abonent koduna Cavabdeh İB-i tərəfindən hesablanaraq yazılmış 2073 manat 60 qəpik dəymiş zərər məbləği 192 manat məbləğinədək azaldılsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar