Məhkəmə qərarları › İş №2(046)-716/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-716/2021

15.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-716/2021 15.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçıya qanunsuz hesablanmış elektrik enerjisi borcunun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçıya qanunsuz hesablanmış elektrik enerjisi borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin «Mərkəzi-Aran» RETSİ tərəfindən Göyçay EŞ-nin abonent bazasındakı ona məxsus abonent koduna əsassız hesablanaraq vurulmuş 327 manat 19 qəpiyin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göyçay rayon Potu kəndində yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. 26.10.2020-ci il tarixdə fərdi yaşayış evinə quraşdırılmış sayğac yoxlanılmış və müəyyən edilmişdir ki, sayğacın «A» zavod möhrünə müdaxilə edilmişdir. Sayğac götürülmüş və yenisi ilə əvəz olunmuşdur. Akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Sayğac laboratoriyada yoxlanılmış və ona 327 manat 19 qəpik məbləğində əsassız borc hesablanmışdır. Borcun hesablanması barədə məlumat cavabdeh tərəfindən ona hesab ödəniş vərəqəsi təqdim olunarkən verilmişdir. Cavabdeh təşkilata aktın qanunsuz olduğunu bildirsə də, heç bir nəticəsi olmamışdır. Həmin aktın surəti də ona verilməmişdir. Onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməmiş və müdaxilənin olması barədə məlumatı olmamışdır. Sözügedən sayğac evin daxilində deyil, küçədə quraşdırılmışdır. Elektrik ödənişində problemlər olmamışdır. Sayğacın «A» zavod möhrünə müdaxilə olunmasının hansı nəticəni yaratdığı aydın deyildir və ona izah olunmamışdır. Sayğaca müdaxilənin onun təqsiri üzündən baş verməsi müəyyən olunmadığından, hesablanmış ziyanın onun üzərinə qoyulması tamamilə əsassızdır. Qanunlara görə yaşayış binalarının girişində, yaxud küçədə quraşdırılmış fərdi yaşayış evləri üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Göründüyü kimi, ona məxsus fərdi yaşayış evinə elektrik sayğacı küçədə quraşdırılmışdır. Ona görə də, elektrik sayğacının bütövlüyünə və işlək vəziyyətdə saxlanmasına o deyil, cavabdeh təşkilat məsuliyyət daşıyır. Hesab edir ki, ona məxsus fərdi yaşayış evinin elektirik sayğacının «A» zavod möhrünə müdaxilə olunmasına görə məsuliyyət daşımadığı üçün, həmin fakta görə enerjitəchizatı müəssisəsi tərəfindən 26 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş 200785 saylı akt və həmin akt üzrə hesablanmış 327 manat 19 qəpik enerji haqqı da qanunsuzdur. Həmçinin, 26 oktyabr 2020-ci il tarixli 200785 saylı aktdan görünür ki, akt tərtib olunarkən hal şahidləri iştirak etməmişlər. Halbuki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizat müəssisənin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edib və aktın bir nüsxəsini məişət abonentinə verir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı yaşadığı Göyçay rayonu Potu kəndində yerləşən evə (ünvana) verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. İddiaçıya **********00649 abonent kodu verilmişdir. 26 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş R seriyalı 200785 saylı aktda qeyd olunmuşdur ki, qeyd olunan ünvanda EEİQ-yə riayət olunub-olunmaması yoxlanılması məqsədi ilə elektrik sayğacına baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, sayğacın «A» zavod möhürünə müdaxilə olunub, enerji uçotu pozulmuşdur. Axan yükə nəzərən hesablama aparılmışdır. Aktla tələb edilmişdir ki, sayğac dəyişdirilsin, çıxarılan sayğac rəy verilməsi üçün laboratoriyaya göndərilsin. Akt tərtib olunarkən abonentin iştirakı təmin edilməmişdir. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından göründüyü kimi, akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuş, məişət abonentinin iştirakı təmin edilməmiş, aktda adları qeyd olunmuş hal şahidlərinə dair məlumatlar (şəxsiyyət vəsiqələrinin seriya nömrələri, abonentlə qonşu olub-olmamaları və s.) ətraflı göstərilməmişdir. Bundan başqa, hesablaşma elektrik sayğacı məişət abonentinin cavabdeh olduğu ərazidə, yəni cavabdehin həyətyanı sahəsində, yaxud evin daxilində deyil, fərdi yaşayış evindən kənarda (küçədə) quraşdırıldığı halda, cavabdeh hesablaşma sayğacının «A» zavod möhürünə müdaxilə edildiyinə görə iddiaçıya itirilmiş enerjiyə görə 327 manat 19 qəpik hesablaması əsaslı hesab edilə bilməz. Bu səbəbdən, iddia əsaslı olduğundan təmin edilməli, abonentə əsassız hesablanmış 327 manat 19 qəpik borc abonentin kodundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 26 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş R seriyalı 200785 saylı akta əsasən Göyçay rayonu Potu kəndi ünvanı üzrə abunəçi İddiaçı adına olan **********00649 saylı abunə koduna hesablanmış 327 manat 19 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 26 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş R seriyalı 200785 saylı akta əsasən Göyçay rayonu Potu kəndi ünvanı üzrə abunəçi İddiaçı adına olan **********00649 saylı abunə koduna hesablanmış 327 manat 19 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar