Məhkəmə qərarları › İş №2(046)-72/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-72/2021

23.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-72/2021 23.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, qaz kəmərinin mühafizə zonasında inşa olunmuş hasarın sökülməsi tələbinə dair mülki işə Göyçay şəhərində 23 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı «Qaz İxrac» İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Göyçay rayonu Qarabaqqal kəndi ərazisində inşa edilməkdə olan hasarın cavabdehin öz vəsaiti hesabına sökülərək 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «Qaz İxrac» İdarəsinin nümayəndəsi X2 oğlu iddia tələbini müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalan”nın təsdiq edilməsi haqqında 21 iyul 1999-cu il tarixli, 103 saylı qərarın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri Sahəsinin balans və istismarında olan yüksək təzyiqli, yeraltı 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 15 metr məsafədə mişar daşından hasar inşa olunur. Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23. bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7. bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “Texniki təhlükəsizlik haqqında” 02.11.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.2001-ci il tarixli 94 saylı qərarına əsasən magistral qaz kəmərləri (QPS-lər) neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 30.06.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 -ci maddəsinə əsasən, göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə cavabdehin təhlükəsizlik zonasında torpaq sahəsinin özünküləşdirilməsinə dair bağladığı hər hansı əqd həmin məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır, eləcə də həmin məcəllənin 110-cu maddəsinə əsasən cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayonu Qarabaqqal kəndində dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus torpaq sahəsində hasar çəkmişdir. Həmin hasar ona məxsus torpaq sahəsində yerləşir. Buna görə də iddiaçının tələbini əsassız hesab edir. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 17.09.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, tərəflərin naturada göstərdikləri mübahisəli torpaq sahəsindən götürülmüş döngə nöqtələrinin koordinatları elektron məlumat bazasında mövcud olan torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materialları ilə araşdıran zaman məlum oldu ki, kompleks yerquruluşu xəritəsi ilə naturadakı faktiki istifadəçilik arasında kəskin uyğunsuzluq mövcuddur. Odur ki, JN-656 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən torpaq sahəsinin konfiqurasiyası faktiki naturadakı istifadəçilik vəziyyətini əks etdirmir (uyğunsuzluq rəyə əlavə olunan sxemdə öz əksini tapmışdır). Qaz İxrac idarəsinin nümayəndəsinin xüsusi aparat vasitəsi ilə yeraltı qaz xəttinin keçdiyi ərazidən götürülmüş koordinatlar ilə, elektron məlumat bazasında SOCAR-a aid məlumatlarda olan qaz xəttinin keçdiyi torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. Bu səbəbdən mübahisəli torpaq sahəsində inşa edilmiş daş hasarın Qaz İxrac İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin balans və istismarında olan 325 mm-lik Göyçay-1 QPS qolu olan qaz kəmərinin mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmadı. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş 'Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır.Çöl ölçmə işlərinin nəticəsi olaraq sxem əlavə olunur. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 86.40 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 16.05.2021-cİ il tarixli 10/1662 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Tərəflərin naturada göstərdikləri mübahisəli torpaq sahəsindən götürülmüş döngə nöqtələrinin koordinatları elektron məlumat bazasında mövcud olan torpaq sahəsinin yerləşdiyi ərazinin kompleks yerquruluşu xəritəsi ilə naturadakı faktiki istifadəçilik arasında kəskin uyğunsuzluq mövcud olduğu üçün, JN-656 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsinin konfuqurasiyası faktiki naturadakı istifadəçilik vəziyyətini əks etdirmədiyi müəyyən olunmuşdur. Eyni zamanda mütəxəssis rəyinə əsasən, Qaz İxrac idarəsinin nümayəndəsinin xüsusi aparat vasitəsi ilə yeraltı qaz xəttinin keçdiyi ərazidən götürülmüş koordinatlar ilə, elektron məlumat bazasında SOCAR-a aid məlumatlarda olan qaz xəttinin keçdiyi torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. Bu səbəbdən mübahisəli torpaq sahəsində inşa edilmiş daş hasann Qaz İxrac İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin balans və istismarında olan 325 mm-lik Göyçay-1 QPS qolu olan qaz kəmərinin mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmadı.Lakin Ağdaş MQKS-nin əməkdaşları tərəfindən 02 aprel 2020-cu il tarixdə tərtib olunmuş Akta əsasən, Göyçay rayon Qarabaqqal kəndi ərazisində Cavabdeh tərəfindən inşa edilmiş daş hasar “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri Sahəsinin balans və istismarında olan, diametri 325 mm-lik yüksək təzyiqli qaz kəmərindən 15 m kənarda yerləşdiyindən, həmin daş hasar qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7. bəndində göstərilən 50,0m-lik mühafizə zonasının daxilinı düşdüyü müəyyən edilir.Aparılmış təqdiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddiaçı «Qaz İxrac» İdarəsi Cavabdeh tərəfindən Göyçay rayonu Qarabaqqal kəndi ərazisində inşa edilməkdə olan hasarın cavabdehin öz vəsaiti hesabına sökülərək 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılmasını tələb edir. İş materiallırından göründüyü kimi Göyçay Qarabaqqal kəndi ərazisində Cavabdeh naturada istifadəsində olan torpaq sahəsi 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasında yerləşir. Cavabdeh naturada istifadəsində olan torpaq sahəsində inşa etdiyi daş hasar 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin 15 m kənarında yerləşir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı «Qaz İxrac» İdarəsinin cavabdeh Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasından inşa edilmiş daş hasarın sökülməsi və həmin torpaq sahəsindən cavabdehin çıxarılması tələbi tam əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı qərarının 2.7-ci bəndində qeyd edilmişdir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Prezidentinin 30.06.1998-ci il tarixdə təsdiq etdiyi «Qaz təchizatı haqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Qanunun tələbinə görə özbaşına tikilmiş binaların sökülməsini məhkəmə qaydasında yerli icra hakimiyyəti orqanları və belə tikililərin aparılması nəticəsində hüquqları pozulmuş və ya həyatı və sağlamlığı üçün təhlükə yaranmış şəxslər tələb edə bilərlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» 14 fevral 2003-cü il tarixli Plenumunun 6-cı maddəsində izah olunur ki, torpaq sahəsi üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. (Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-4-cü bəndləri, 21 aprel 2006-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə bu maddənin 1ci bəndi yeni redaksiyada verilmiş, 2-ci bəndi isə çıxarılmışdır.) Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 86.40 manat məhkəmə xərci Cavabdeh tutularaq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına və 100 manat ekspertiza xərci cavabdehdən alınaraq ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Göyçay rayonu Qarabaqqal kəndi ərazisində 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasında inşa edilməkdə olan hasar Cavabdeh öz vəsaiti hesabına sökülsün. 10 manat dövlət rüsumu Cavabdeh alınaraq “Qaz İxrac” İdarəsinə ödənilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 86.40 manat məhkəmə xərci Cavabdeh alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərci olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar