Məhkəmə qərarları › İş №2(046)-797/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-797/2022

16.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-797/2022 16.05.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh1, Göyçay rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21.09.2018-ci il tarixli 1.657 ha torpaq sahəsinin və 16.10.2018-ci il tarixli 0.24 ha torpaq sahəsinin İddiaçı tərəfindən azyaşlı oğlu Cavabdeh2 bağışlanılması barədə müqavilələrin etibarsız hesab edilməsi, 100 manat dövlət rüsumun və vəkil xidmət haqqı kimi ödənilmiş 100 manat pulun Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonunun Yeniarx kəndində yaşayır və orada da qeydiyyatdadır. Həmin ev 23 yanvar 2018-ci il tarixdə anası X2 və bacısı X5 tərəfindən ona rəsmi qaydada bağışlanılmışdır. 2010-cu ildə cavabdeh əri Cavabdeh1 ilə nikaha girmişdir. Nikahdan sonra Cavabdeh1 yaşamaq üçün Göyçay rayonu Yeniarx kəndində yerləşən, qohumlarına məxsus olan həmin fərdi yaşayış evinə köçmüşdür. Birgə nikahdan 11.09.2011 -ci il tarixdə X6 və xx.xx.2012-ci il tarixdə Cavabdeh2 anadan olmuşdur. Göyçay rayonunun Yeniarx kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı sahəsi notarial qaydada azyaşlı oğluna bağışlanılmışdır. Bundan başqa eyni qaydada anası Məhbubə Cəbrayılova və bacısı Çinarə Kərimova tərəfindən ona 1.657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də bağışlanılmışdır.Cavabdeh2 təkidi və təhdidi ilə ona hədiyyə edilmiş torpaq sahələrini birgə nikahdan anadan olmuş oğlu Cavabdeh2 bağışlamışdır. Həmin əqdləri bağlayarkən iradə azadlığı olmamış, ailəsinin və özünün təhlükəsizliyindən qorxduğu üçün həmin əqdi bağlamışdır. Lakin sözü gedən əqdləri imzalayan zaman Cavabdeh1 əsl məqsədini bilməmişdir. Cavabdeh2 əvəzinə əqdi cavabdeh (əri) Cavabdeh1 imzalamışdır. Qeyd edilən torpaq sahələrinin Cavabdeh2 adına tam rəsmiləşməsi prosesi 2021 -ci ilin noyabr ayında yekunlaşmışdır. Bundan sonra Cavabdeh1 ona və anası Məhbubə Cəbrayılovaya qarşı aqressiv hərəkətləri daha da intensivləşmişdir. Cavabdeh1 anası Məhbubə Cəbrayılovanı evdən qovmuşdur. Uzun müddətdir ki, məişət zorakılığının qurbanı olsa da, uşaqların mənafeyini üstün tutduğundan, həm də evdə olan sənədlərin, o cümlədən, ona məxsus şəxsiyyəti təsdiq edən və sair sənədlər Cavabdeh1 tərəfindən seyfdə gizlədildiyindən, aidiyyəti üzrə dövlət orqanlarına müraciət edə bilməmişdir. 2022-ci ilin 07 yanvar tarixində sənədlərin gizlədildiyi seyfi açaraq, oradan şəxsiyyət vəsiqəsini və digər özünə məxsus sənədlərdən bəzilərini götürüb, Göyçay Rayon Vəkil Bürosuna müraciət etmişdir. Məsələ üzrə dərhal qısamüddətli mühafizə orderinin verilməsi üçün müraciət tərtib edilsə də, Cavabdeh1 ona “evdən çıxsan, maşınla üstündən keçərəm, ölməsən, yenidən keçərəm” deməsi səbəbindən, müraciəti yalnız 11 yanvar 2022-ci il tarixdə imzalaya bilmişdir. Göyçay Rayon İcra Hakimiyyətinə müraciət edildikdən sonra, Cavabdeh1 anası Məhbubə Cəbrayılovanın evə gəlməsinə mane yaratmağı dayandırmışdır. Lakin cavabdeh hələ də onlara qarşı aqressiv davranışı davam edir. Əvvələrdə əri tərəfindən məişət zorakılığına məruz qalmışdır. Əgər bağışlanma əqdi nəticəsində hədiyyə edilən torpaq sahələrinə dair sənədlərin rəsmiləşdirmə proseduru yekunlaşandan sonra anasının evdən qovulacağını və özünün sənədlərinin məcburən ondan alınacağını və daha da aqressiv davranışa məruz qalacağını bilsəydi, Cavabdeh1 bağışlanma əqdi bağlanan ərəfədə ona qarşı etdiyi zorakılıq aktlarına nisbətdə ailəsinin rifahı naminə susmazdı, əksinə hüquq-mühafizə orqanlarına müraciət edərdi. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, qeyd edilən bağışlanma müqavilələri onun iradə azadlığı məhdudlaşdırılmaqla bağlanmışdır. Həmin torpaq sahəsi ona atasından miras qalmışdır. Torpaq sahəsinə görə subsidiya ala bilmir. Buna görə də tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı öz istəyi ilə torpaq sahələri bağışlanma müqaviləsi ilə azyaşlı oğluna bağışlamışdır. Onun tərəfindən iddiaçıya heç bir fiziki zorakılığ olmamışdır. Hal-hazırda iddiaçı və azyaşlı uşaqları ilə bir yerdə həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Göyçay rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanın nümayəndəsi X7 göstərmişdir ki, qeyd edilən torpaq sahəsinə görə iddiaçının subdsidiya ala bilməməsi barədə göstərdikləri tam əsassızdır. Ona görə ki, torpaq mülkiyyətçisi azyaşlı oğlu olduğundan, həmin subsidiya valideyinlərə verilir. Buna görə də hesab edir ki, iddiaçının bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi əsassızdır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 və Göyçay rayon Notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Cavabdeh1 tərəfindən Göyçay rayon Notariat kontoruna ünvanlanmış 21.09.2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 arvadı İddiaçı məxsus Göyçay rayonu Yeniarx kəndində yerləşən torpaq sahələrinin bağışlanmasına etirazı olmadığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş 21.09.2021-ci il tarixli 4Ə-868 nömrəli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan 1.657 ha torpaq sahəsini oğlu Cavabdeh2 bağışlamışdır. Məhkəməyə təqdim edilmiş 16.10.2021-ci il tarixli 4Ə-923 nömrəli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan 0.24 ha torpaq sahəsini oğlu Cavabdeh2 bağışlamışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışından görünür ki, Göyçay rayonu Yeniarx kəndində yerləşən 0.24 ha torpaq sahəsi Cavabdeh2 adına 22.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: Maddə 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə: Maddə 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1 sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 80 məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81 qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217 məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan 1.657 ha 0.24 ha torpaq sahələrini azyaşlı oğlu Cavabdeh2 bağışlanma müqaviləsinə əsasən bağışlayarkən iradə azadlığını pozulduğunu,müqaviləni təzyiq altında bağlandığını iddia edir və həmin bağışlanma müqavilələrinin etibarsız hesab edilməsini xahiş edir. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən bağlışlanma müqavilələri qanunda nəzərdə tutulmuş qaydada bağlanmış və notarial qaydada təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı İddiaçı qeyd edilən bağışlanma müqavilələrini bağlayarkən cavabdeh tərəfindən mərcbüretməyə və ya hər hansı bir zorakılığa məruz qaldığını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı 21.09.2018-ci il tarixli 1.657 ha torpaq sahəsinin və 16.10.2018-ci il tarixli 0.24 ha torpaq sahəsinin İddiaçı tərəfindən azyaşlı oğlu Cavabdeh2 bağışlanılması barədə müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və vəkilə xidmət haqqı kimi ödədiyi 100 manat pul İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh1 qarşı 21.09.2018-ci il tarixli 1.657 ha torpaq sahəsinin və 16.10.2018-ci il tarixli 0.24 ha torpaq sahəsinin İddiaçı tərəfindən azyaşlı oğlu Cavabdeh2 bağışlanılması barədə müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar