Məhkəmə qərarları › İş №2(046)-828/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-828/2021

08.10.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-828/2021 08.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, pul və ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 60.000 ABŞ dolları məbləğində pulun, 5000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, 2017-ci ildə qardaşı oğlu, Cavabdeh1 və digər Cavabdeh2 ona beton zavodu açmaq barədə təklif etmişlər, buna görə pul lazım olduğunu bildirmişlər və bununla bağlı ona məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evini və torpaq sahəsini, həmçinin “Qazel” markalı avtomobili satmağı razılığa gəlmiş, altı ay sonra Cavabdeh1 ona zəng edərək evi, torpaq sahəsini və avtomobili ümumilikdə 60.000 ABŞ dolları məbləğində satdığını bildirmişdir. Həmin pulun zavod açılmasında istifadə edilməsinə razılıq vermişdir. Bir müddət sonra işin nəticəsi ilə maraqlandıqda məlum oldu ki, heç bir iş görülməmişdir və Cavabdeh1 bildirdi ki, Cavabdeh2 onu da aldatmışdır və 60.000 dollarında birlikdə onun da 13.000 ABŞ dolları pulunu ələ keçirərək mənimsəmişdir. Cavabdeh1 Cavabdeh2 barəsində polisə şikayət etməsini tələb etmiş, lakin boyun qaçırmışdır və ona aydın olmuşdur ki, cavabdehlər məqsədli şəkildə onun külli miqdarda pul vəsaitini ələ keçirərək mənimsəmişlər.Dəfələrlə cavabdehlərdən pulu qaytarmalarını tələb etsə də buna əhəmiyyət verməmişlər, müxtəlif bəhanələrlə boyun qaçırmışlar və qaytarmaqdan imtina etmişlər.Bu barədə Göyçay rayon Polis Şöbəsinə şikayət etmişdir. Cavabdehlərin təqsiri üzündən stres keçirmiş, əsəb gərginliyinə məruz qaldığı səbəbindən mənəvi zərərə məruz qalmışdır. Aldadıldığı, külli miqdarda pul vəsaitindən məhrum edilməyi, fərdi yaşayış evinin və qazanc mənbəyi olan avtomobili əlindən çıxması və uzun müddət məsələnin həllini tapmaması şüuruna mənfi psixoloji təsir etmişdir, sağlamlığı pozulmuşdur. Cavabdehlər tərəfindən vurulmuş mənəvi zərəri 5000 manat məbləğində dəyərləndirir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçının sübut kimi iddia ərizəsinə əlavə etdiyi cinayət işinin başlanmasının rədd olunması haqqında 22 mart 2020-ci il tarixli qərarla cavabdehlərin iddiaçıdan iddia tələbində göstərilən məbləği almaları təsdiq olunmur. Ümumiyyətlə iddiaçı nəinki cavabdehlərin ondan iddia tələbində qeyd edilən məbləği almalarını təsdiq edən sübutları, həm də guya Cavabdeh1 satdığı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin, torpaq sahəsinin, QAZEL markalı avtomobilin mülkiyyətində olmasına və satılmasına dair sənədləri iddia ərizəsinə əlavə etməmişdir. İş üzrə Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə baxışı zamanı İddiaçı cavabddehlər Cavabdeh1 və Cavabdeh2 60.000 manat pulun alınıb ona verilməsinə və 5.000 manat məbləğində mənəvi ziyanın ödənilməsinə əsas verə bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu ödənilmiş 30 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul və mənəvi ziyan tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 60.000 manat məbləğində pulun, 5.000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumu alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar