Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-842/2024 03.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcunun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin X8 İstismarı İdarəsinin Göyçay xidmət sahəsi tərəfindən əsassız olaraq **********00000 abonent koduna yazılmış 769.48 (yeddi yüz altmış doqquz manat qırx səkkiz qəpik) manat məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, O, ünvan 1 ünvanında qeydiyyatıdır, həmin bu evdə qaz hesabatları onun adınadır, qazın alqı-satqısı barədə müqavilə onunla bağlanmışdır. Mütamadi olaraq gələn bildirişlər əsasında evində işlədilmiş təbii qazın dəyəri tərəfindən ödənilmiş, demək olar ki qazdan istifadəyə görə bir o qədər borcu olmamışdır ki, yəni 2022- ci ilin fevral ayında Göyçay qaz idarəsinin əməkdaşları tərəfindən ona artıq qaz yazılana qədər. Belə ki, 2022-ci ilin fevral ayı üçün oxunma mart ayının 12-də həyata keçirdilərkən və ona təbii qazdan istifadəyə görə bildiriş təqdim edilərkən borcu cəmi 207.40 (iki yüz yeddi manat qırx qəpik) olmuşdur. Bu işə əlavə etdiyi xx.xx.2022-ci il tarixli bildirişdən də açıq-aydın görünür. Yəni 2022-ci ilin fevral ayında mənzilində istifadə edilən qazın miqdarı 341 m3, dəyəri isə 44.28 (qırx dörd manat iyirmi səkkiz qəpik) manat təşkil etmişdir. Ötən aylardan da qalıq borcu 163.12 (yüz altmış üç manat on iki qəpik) manat üstünə gəldikdə xx.xx.2022-ci il tarixli bildirişdə cəmi borcu 207.40 (iki yüz yeddi manat qırx qəpik) manat olmuşdur. Lakin Göyçay qaz idarəsində elə həmin ayda ona əsassız olaraq 3613 m3 təbii qaz və onun dəyəri olan 769.48 (yeddi yüz altmış doqquz manat qırx səkkiz qəpik) manat yazılmışdır, hansı ki, o göstərici sayğacda ümumiyyətlə olmamışdır. Həmin qədər qaz sərfiyyatı ümumilikdə heç onun evində 2021-ci ilin 12 ayında da istifadə edilməmişdir. Sadəcə olaraq Göyçay qaz idarəsinin əməkdaşları qanunsuzluq edərək onun sayğacına bu qədər qaz sərfiyyatı və bu qədər məbləğ yükləmişlər. Bununla bağlı o və ailə üzvləri dəfələrlə Göyçay qaz idarəsində olmuş, aidiyyatı olaraq bütün rəhbərlərə bu barədə məlumat verərək onlara köməklik göstərilməsini xahiş etmişlər. Ancaq göründüyü kimi onlara dəfələrlə yalan vədlər verilməsinə baxmayaraq heç bir köməklik göstərilməmiş, artıq yazılmış qaz sərfiyyatı və məbləğ silinməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göyçay qaz idarəsinin əməkdaşlarının onun qaz sayğacına həddindən artıq qaz yükləmələri təqdim etdiyi abonent saldosundan da aydın görünür. Belə ki,2022-ci ilin mart ayından etibarən də 2023-cü ilin mart ayına qədər onun qaz sayğacı üstünə baxış keçirilməmiş, heç bir sərfiyyat verilməmiş, syağac göstəricisi təkrarlanmış, yalnız 2022-ci ilin oktyabr ayında 81 m3 təbii qazın dəyəri olan 9,72 manat məbləğ yazılmışdır ki, onun da bildirişi ona təqdim edilməmişdir. Ona bu müddət ərzində bildiriş təqdim edilməməsinə baxmayaraq 2022 və 2023-cü illər ərzində o, ödənişlər edərək faktiki və real borcunu ödəmişdir. Bu təqdim etdiyim abonent saldosundan da görünməkdədir. Göründüyü kimi cavabdeh orqan onlara verilmiş hüquqlardan sui- istifadə edərək onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh İB-nin nümayəndəsi X7 iddiaya qarşı etiraz vermişdir. etirazda göstərmişdir ki, ünvan 2 ünvanında yaşayan İddiaçı Göyçay rayon Məhkəməsində iddia qaldıraraq abonent koduna əsassız yazılmış 769.48 manat məbləğin silinməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun mənzilinə quraşdırılmış qaz sayğacına 2022-ci ilin fevral ayının oxunması zamanı əsassız olaraq 769.48 manat pul yazıldığını, həmin məbləğin onun tərəfindən istifadə edilmədiyini bildirərək yazılmış məbləğin əsassız olduğu üçün silinməsini xahiş etmişdir. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, 2022-ci ilin fevral ayında sayğacların göstəriciləri götürülərkən İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacının üzərində 3613 m3 qaz sərfiyyatı olduğu müəyyən edilərək həmin məbləğin dəyəri olan 769.48 qəpik məbləğ abonentin **********00000 nömrəli abonent koduna işlənmişdir. İddiaçı qaz sayğacının üzərində olan 3613 m3 təbi qazın dəyəri də 1200 m3-dək 12 qəpikdən,1200 m3-dan 2500 m3-dək olan 1300 m3 20 qəpikdən, ondan sonra qalan hisəsi isə 25 qəpikdən hesablanmış, ümumilikdə hesablanmış 769.48 (yeddi yüz altmış doqquz manat) 48 qəpik məbləğ onun Göyçay XSnin TQQ və SX-də olan **********00000 nömrəli abonent koduna işlənmişdir. İddiaçı heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamışdır. İddiaçı abonent koduna 2022-ci ilin may ayında hesablanaraq vurulmuş 769.48 (yeddi yüz altmış doqquz manat) 48 qəpik məbləğ onun mənzilində istifadə edilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Məhkəmədən ünvan 2 ünvanında yaşayan İddiaçı abonent koduna əsassız yazılmış 769.48 manat məbləğin silinməsi tələbinə dair İddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh İB-in nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi X7 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəciyini, işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarından görünür ki: Abonent İddiaçı adına olan abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı məxsus Göyçay şəhəri, Xəqani küçəsi 97 saylı evdə 2022-ci ilin fevral ayı üçün 3613 m3 təbii qazdan istifadə edilmiş və buna görə 769 manat 48 qəpik borc hesablanmışdır. X1 adına hesablanmış borca dair xx.xx.2022-ci il tarixli hesabdan (bildirişdən) görünür ki, təbii qazdan istifadəyə görə X3 207 manat 40 qəpik borc hesablanmışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli,13 nömrəli Qərarına əsasən əhali abonentləri üçün təbii qazın pərakəndə satış qiyməti 1200m3-dək hər min kubmetr üçün 120 AZN, yəni hər kubmetr üçün 12 qəpik,1200 m3dan 2500 m3-dək hər min kubmetr üçün 200 AZN, yəni hər kubmetr üçün 20 qəpik, 2500 m3-dan sonra isə hər minkubmetr üçün 250 AZN, yəni hər kubmetr üçün 25 qəpik məbləğində müəyyən edilmişdir.Həmin tariflər 01 noyabr 2021-ci il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” –nın: 5.1-ci maddəsinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2-ci maddəsinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, 2022-ci ilin fevral ayında sayğacların göstəriciləri götürülərkən İddiaçı evinə quraşdırılmış qaz sayğacının üzərində 3613 m3 qaz sərfiyyatı olduğu müəyyən edilmiş, həmin məbləğin dəyəri olan 769.48 qəpik məbləğ abonentin **********00000 nömrəli abonent koduna işlənmişdir. İddiaçı qaz sayğacının üzərində olan 3613 m3 təbi qazın dəyəri də 1200 m3-dək 12 qəpikdən, 1200 m3-dan 2500 m3-dək olan 1300 m3 20 qəpikdən, ondan sonra qalan hisəssi isə 25 qəpikdən hesablanmış, ümumilikdə hesablanmış 769.48 (yeddi yüz altmış doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğ onun Göyçay XS-nin TQQ və SX-də olan **********00000 nömrəli abonent koduna işlənmişdir. İddiaçı heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamışdır. İddiaçı məhkəməyə təqdim etdiyi bildirişə əsasən təbii qazdan istifadəyə görə xx.xx.2022-ci il tarix üçün yekun borc 207 manat 40 qəpik hesablansa da, abonentin saldosunda mart ayının sonuna borc 825 manat hesablanmışdır. Məlumdur ki, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarix üçün təbii qazdan istifadəyə görə borcu 207 manat 40 qəpik təşkil etmiş, belə ki, istehlakçıdan yalnız hesabda göstərilən məbləğin ödənilməsi tələb oluna bilər ki, təqdim olunmuş hesaba əsasən də tələb olunmuşdur. Hazırki vəziyyətdə abonent saldosunda qeyd olunan göstəricilər sübut kimi məhkəmə tərəfindən qəbul edilmir, çünki oradaki göstəricilər istehlakçıya təqdim olunmuş hesabdaki (bildirişdəki) göstəriciləri əks etdirməlidir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı 2022ci ilin mart ayı üçün təbii qazdan istifadəyə görə 769.48 (yeddi yüz altmış doqquz manat) 48 qəpik məbləğində borcu müəyyən edilməmiş bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB X8 İstismarı İdarəsinin Göyçay xidmət sahəsi tərəfindən əsassız olaraq **********00000 abonent koduna yazılmış 769.48 (yeddi yüz altmış doqquz manat qırx səkkiz qəpik) məbləğində borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-842/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-842/2024
03.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver