Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-844/2025 21.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış cərimə borcunun silinməsi və quraşdırılmış sayğacın dəyərinin ödənilməsi öhdəliyindən azad olunması tələbinə dair ilkin tələbinə, Cavabdeh İB-nin İddiaçı qarşı qazdan istifadəyə görə yaranmış borcun və dəymiş ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış 777 manat 60 qəpik məbləğin silinməsi və quraşdırılmış qaz sayğacına görə tələb edilən 65 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu Məlikkənd kəndində yaşayır və aylıq ona təqdim edilmiş bildirişlər əsasında istifadə etdiyi qazın dəyərini tam ödəyir. xx.xx.2023-cü ildə X5 İdarəsinin işçiləri yaşadığı evi qazla təmin edən, həyətyanı ərazisindən çöldə heç bir qorunma vasitəsi ilə təmin edilməmiş, onun nəzarət edə bilməyəcəyi bir yerdə quraşdırılmış qaz sayğacını ona heç bir rəsmi və ya şifahi məlumat verilmədən açaraq əvəzinə yenisini quraşdırılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixli Ağsu RQİİ üzrə Göyçay XS üzrə TQQSX-nin rəisi Z.Orucovun imzası ilə ünvanına məktub gəlmiş, həmin məktubda evindən açılmış Elster G-4 markalı, **********278 nömrəli qaz sayğacının yararsız hala düşməsi, sayğacın LCD ekranı zədəlidir, informasiya oxunmur, klapanın bağlı olduğu yazılmışdır. Həmin məktubda bütün bunlara görə 777.60 manat cərimə olunduğu və 65 manat sayğacın dəyərini ödəməli olunduğu, həmin məbləğləri 5 gün ərzində ödəməyəcəyi təqdirdə evinə qaz verilişinin dayandırılacağı göstərilmişdir. Bildirir ki, o həmin məktubda yazılmış məbləğlə razı deyil və hesab edir ki, qeyd edilən məbləğ tamamilə qanunsuz hesablanmışdır. Çünki çöldə heç bir qorunma vasitəsi ilə təchiz edilməmiş qaz sayğacına görə cavabdehlik daşımır. Göründüyü kimi cavabdeh orqan onlara verilmiş hüquqlardan sui-istifadə edərək onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşlar. Bundan başqa evindən qaz sayğacı açılarkən onun iştirakı təmin edilməmişdir. Hesab edir ki, belə olduğu halda həmin sayğacın yoxlamadan düzgün keçirilməsi böyük şübhə doğurur. Cavabdeh İB İddiaçı qarşı qarşılıqlı iddia verərək Göyçay rayonu Məlikkənd kəndində yaşayan İddiaçı abonent koduna vurulmuş 777 manat 60 qəpik əsassız hesablanmış borcun silinməsi və 65 manat qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad edilməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək rədd edilməsini, İddiaçı evində istifadə edilmiş təbii qaza görə yaranmış 1085.24 (bir min səksən beş manat iyirmi dörd qəpik) debitor borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) itirilmiş qazın dəyərinin, iddia ərizəsi üçün ödənilmiş 41.58 manat dövlət rüsumunun tutularaq Cavabdeh hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Göyçay rayonu Məlikkənd kəndində yaşayan İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə Cavabdeh Ağsu X2 İdarəsinin Göyçay Xidmət Sahəsinə 1085.24 (min səksən beş manat 24 qəpik) debitor borcu yaranmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixində ’’Azəriqaz” X1 RQİİ-nin Göyçay Xidmət Sahəsinin əməkdaşları Göyçay rayonu Məlikkənd kəndində yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış G4 markalı **********278 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-13164/Q002 nömrəli akta əsasən sayğacın LCD ekranının zədələndiyi və bu səbəbdən də informasiyanın oxunmadığı aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İBnin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 29 dekabr 2023-cü il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********00270 nömrəli abonent koduna 6480 m3 - 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi səbəbindən itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh İddiaçı Ağsu RQİİ-nin Göyçay Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun və dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Bu kimi hallar Cavabdeh əhalini təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Odur ki, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 155, 216- 220-ci maddələrini rəhbər tutaraq xahiş edir ki, Göyçay rayonu Məlikkənd kəndində yaşayan İddiaçı abonent koduna vurulmuş 1036.80 manat debitor borcun silinməsi və 65 manat qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad edilməsi tələbinə dair iddia ərizəsinin əsassiz hesab edilərək rədd edilsi, İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 1085.24 (min səksən beş manat iyirmi dörd qəpik) debitor borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) itirilmiş qazın dəyərinin, iddia ərizəsi üçün ödənilmiş 41.58 manat dövlət rüsumunun tutularaq ”Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh İB-in nümayəndəsi məhkəməyə gəlməmiş, cavabdehin nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından əlavə edilmiş: 26 dekabr 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay rayonu Məlikkənd kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacın LCD ekranın zədələnməsi, informasiya oxunmaması aşkar edilmişdir. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-in əməkdaşları tərəfindən Göyçay rayonu, Məlikkənd kəndində yerləşən qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və abonentə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, abonent İddiaçı 777.60 manat dəyərində itirilmiş qazın həcmi və qaz sayğacına müdaxilə ilə əlaqədar 65 manat məbləğində sayğacın dəyəri hesablanmış və tərəfindən ödənilməsi tələb edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. Cavabdeh dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı Göyçay XSnin abonent bazasındakı abonent koduna 6480 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır.İddiaçı adına olan abonent saldosundan görünür ki, sonuncunun təbii qazdan istifadəyə görə 1085.20 manat məbləğində debitor borcu mövcüddur. Əsaslandırıcı hissə: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. "Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il № 80 saylı Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Hazırki tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı istifadəsi üçün quraşdırılmış qaz sayğacı onun evində deyil, evindən görünüşə qapalı olan yerdə quraşdırılmış və həmin qaz sayğacın LCD ekranın zədələnməsi, informasiyasının oxunmaması və klapanın bağlı olduğu aşkar olunması aktla müəyyən olunsa da, bu hərəkətlərin məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi öz təsdiqini tapmamış, bu barədə hər hansı bir sübütu Cavabdeh təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mülki hüquq pozuntusu törətməsi iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmadığından, o mülki məsuliyyət daşıya və ya mülki məsuliyyətə cəlb oluna bilməz. O ki, qaldı qaz sayğacının istehlakçının vəsaiti hesabına dəyişdirilməsi məsələsinə, məhkəmə qeyd edir ki, sayğacın zədələnməsi istehlakçının təqsiri üzündən baş vermədiyindən dəyişdirilmiş sayğacın dəyərinin istehlakçıdan tələb edilməsi əsassızdır, sayğacın dəyişdirilməsi qaz paylayıcısının hesabına həyata keçirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddianın təmin edilməsi qarşılıqlı iddianın həmin hissədə təmin edilməsini aradan qaldırdığından qarşılıqlı iddianın 777 manat 60 qəpik itirilmiş qazın dəyərinin alınması hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşısında qaz sərfiyyatına görə 1085 manat 24 qəpik borcu yarandığından, qarşılıqlı iddianın 1085 manat 24 qəpik tələbinə dair hissəsi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı barəsində hesablanmış 777 manat 60 qəpik ziyan həcmi silinməli, qarşılıqlı iddia qismən təmin olunmalı, İddiaçı 1085 manat 24 qəpik alınaraq Cavabdeh İB-nə verilməli, qalan hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddia üzrə məhkəmə xərci İddiaçı aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 41.58 (qırx bir manat əlli səkkiz qəpik) İddiaçı tutularaq Cavabdeh İB-nə verilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı abonent koduna Cavabdeh İB-nin Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanaraq yazılmış 777.6 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) borc silinsin. İddiaçı yeni qaz sayğacına görə 65 (altmış beş) manatı ödəmək öhdəliyindən azad edilsin. Qarşılıqlı iddia qismən təmin olunsun. İddiaçı qaz sərfiyyatına görə 1085.24 (bir min səksən beş manat iyirmi dörd qəpik) məbləğində pul alınaraq Cavabdeh İB-nə verilsin. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Dövlət rüsumu üçün ödənilmiş 41.58 (qırx bir manat əlli səkkiz qəpik) İddiaçı tutularaq Cavabdeh İB-nə verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-844/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-844/2025
21.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver