Məhkəmə qərarları › İş №2(046)-862/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-862/2021

07.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-862/2021 07.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, cavabdehlər AtaBank ASC-nin nümayəndəsi X1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər AtaBank ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X4 ilə AtaBank ASC arasında bağlanmış GY- 1256saylı 19.02.2015-ci il tarixli ipoteka müqavilələsinin və 19.02.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə baxışında iştirak etməmişlər. İddiaçı1 və İddiaçı2 iddianı ərizəsində tələblərini belə əsaslandırmışlar ki, Göyçay Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən edilmiş, 19 fevral 2015-ci il tarixli, GY-1256 saylı kredit müqaviləsi üzrə 18299 ABŞ dolları əsas, 12404 ABŞ dolları faiz və 73 ABŞ dolları cərimə olmaqla cəmi 30776 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı X2 tutularaq “AtaBank" ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 45000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində ünvan 2 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan 3 otaqlı mənzilin boşaldılması, əldə edilən vəsaitdən 30776 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ödənilmiş 26 manat notariat xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 11 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının Cavabdeh2 alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 402/2020-ci il tarixli 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə biz iddiaçılar və Cavabdeh2. Cavabdeh3 və X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, cavabdeh X2 əsas borc üzrə 18074.22 ABŞ dolları, faiz borcu üzrə 11939.25 ABŞ dolları, 73 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 30086.25 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və iddia qaldırılması üçün pdənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 11 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulub iddiaçı "AtaBank” ASC-yə ödənilməsi qət edilmişdir. Bildirirlər ki, həmin ailənin üzvü olmaqla müvafiq olaraq 1991-ci ildən və 2014-cii ildən bu günədək qeyd edilən ipoteka predmeti olan mənzildə pasport qeydiyyatında olmaqla daimi həmin mənzildə yaşamışlar. Kreditin götürülməsi ilə əlaqədar həmin kreditin ödənilməsinin təminatı kimi, qeydiyyatda olduqları və yaşadıqları ünvan 2 ünvanda yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan 3 otaqlı mənzilin ipoteka ilə yüklü edilməsindən xəbərləri olmamış, ailə üzvü kimi həmin mənzilin ipoteka ilə yükülü edilməsinə razılıq və ya etiraz bildirməmişlər, həmin kreditin götürülməsi və yaşadıqları mənzilin ipoteka edilməsi ilə əlaqədar üzərlərinə heç bir öhdəlik götürməmişlər. Götürülmüş kreditin təminatı olaraq mübahisəli mənzil ipoteka ilə yüklü edilən zaman həmin mənzildə kimlərin qeydiyyatda olması və ya faktiki yaşamasını dəqiq müəyyən etmək üçün heç bir araşdırma aparılmamış, cavabdehlər ipoteka qoyulan mənzildə onlardan başqa onların da qeydiyyatda olmaqları və yaşadıqlarını bildikləri halda, bu barədə onları məlumatlandırmamış, ipoteka müqaviləsi bağlanan zaman onların həmin mənzildə qeydiyyatda olan, yaşayan və həmin mənzildən istifadə edən şəxslər kimi barələrində notariusa məlumat verməmiş, Cavabdeh1 ASC bütün bunları dəqiq müəyyən etməmişdir və onlar arasında 19 fevral 2015-ci il tarixli, GY-1256 saylı ipoteka müqaviləsi bağlanaraq imzalanmışdır. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh3 iddianı qəbul edərək göstərmişdir ki, Cavabdeh2 AtaBank ASC ilə kredit müqaviləsi bağlamış, həmin kredit müqaviləsinin təminatı kimi, xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzili ipoteka ilə yüklü etmişdir. Lakin həmin evdə qeydiyyatda olan iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin evi ipoteka ilə yüklü edilməsinə etirazı olub-olmaması barədə ərizəsi alınmamışdır. İş üzrə cavabdeh AtaBank ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyərək göstərmişdir ki, Cavabdeh2 AtaBank ASC ilə kredit müqaviləsi bağlamış, həmin kredit müqaviləsinin təminatı kimi, cavabdeh X6 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzili ipoteka ilə yüklü etmişdir. İddiaçıların hazırki iddiası əsassızdır belə ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh2 xüsusi mülkiyyətində olan mənzildə yaşadığı üçün razılıqın alınmaması ipoteka müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə digər cavabdehlərə və Göyçay rayon Notariat Kontoruna məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin və notariat kontorunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən və E-məhkəmə sistemi çıxarışından görünür ki, İddiaçı1 və İddiaçı2 Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29A, 25 saylı mənzildə pasport qeydiyyatındadırlar. Məhkəməyə təqdim edilmiş kredit müqaviləsindən görünür ki, 19.02.2015-ci il tarixli kredit müqaviləsindən görünü ki, Cavabdeh2 ilə AtaBank ASC arasında kredit müqavilə bağlanmış, X3 illik 20 faiz olmaqla 60 ay müddətinə 19.090 ABŞ dolları kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş 19.02.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, X7 ilə AtaBank ASC arasında bağlanmış 19.02.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 xüsusi mülkiyyətində olan Göyçay şəhəri, M.Hüseynzadə küçəsi ev 29A, 25 saylı mənzili AtaBank ASC qarşısında yüklü etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh (atası) Cavabdeh2 19.02.2015-ci il tarixdə AtaBank ASC ilə kredit müqaviləsi bağladığını,həmin müqavilənin təminatı kimi AtaBank ASC arasında 19.02.2015-ci il tarixdə ipoteka müqaviləsinin bağlandığını, Cavabdeh2 qeydiyyatda olduğu Göyçay şəhəri, M.Hüseynzadə küçəsi ev 29A, 25 saylı mənzili AtaBank ASC-yə yüklü etdiyini və bu barədə onların razılıqının alınmadığını əsas gətirərək, Cavabdeh2 ilə AtaBank ASC arasında bağlanmış 19.02.2015-ci il tarixli GY-1256 saylı ipoteka müqaviləsinin və 19.02.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh dilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 03.11.2015-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Qanunun mənasından göründüyü kimi, Cavabdeh2 oğlunun 19.02.2015-ci tarixli kredit müqaviləsinin təminatı kimi AtaBank ASC arasında 19.02.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən iddiaçıların razılığının alınmaması 19.02.2015-ci il tarixli GY-1256 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilməz. Məhkəmə baxışı zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 ilə AtaBank ASC arasında 19.02.2015-ci il tarixli GY-1256 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 ilə cavabdeh AtaBank ASC arasında bağlanmış 19.02.2015-ci il tarixli GY-1256 saylı ipoteka müqaviləsinin və 19.02.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar