Məhkəmə qərarları › İş №2(046)-869/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-869/2021

17.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-869/2021 17.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, cərimə borcunun silinməsi və 68 manat qaz sayğacına görə ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nin Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən ona hesablanmış 216 manat cərimənin və 68 manat qaz sayğacına görə ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, ünvan 2 evdə yaşayır. Cavabdeh İB-nin əməkdaşları evinə quraşdırılmış qaz sayğacını aparmış və bu barədə akt tərtib etmişlər. Evindən çıxarılmış sayğac dövlət yoxlanılmasına göndərilmiş, sayğaca kənar müdaxilə olduğu aşkar edilmişdir. Buna görə də 216 manat məbləğində cərimə edilmiş və 68 manat yeni sayğacın dəyəri hesablanmışdır. Halbuki, sayğaca heç bir müdaxilə etməmişdir. Yeni sayğacın dəyəri tərəfindən ödənilmişdir. Buna görə də iddia tələbinin təmin olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazını belə əsaslandırmışdır ki, Cavabdeh Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsinin mütəxəssisləri 29.09.2020-ci il tarixdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış məişət qaz sayğacı açaraq növbədənkənar dövlət yoxlamasına göndərilmiş və sayğaca kənar müdaxilə edildiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən iddiaçının evində istifadə etdiyi qaz işlədici avadandıqlar və onların parametrlərinə dair təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Göyçay XS-nın abonent bazasındakı abonent koduna 2160 m3 – 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Buna görə də iddianın rədd edilməsini xahiş edilir. Məhkəməyə təqdim edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQna riayət olunması yoxlanılmış və sayğaca kənar müdaxilə edildiyi aşkar edilmişdir Məhkəməyə təqdim edilmiş Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin 16.10.2020-ci il tarixli bildirişdən görünür ki, abonent İddiaçı 216 manat dəyərində itirilmiş qazın həcmi hesablanmış, həmçinin 68 manat sayğacın dəyəri tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. Məhkəməyə təqdim olunmuş qəbzdən görünür ki, 28.09.2020-ci il tarixdə 68 manat qaz sayğacının dəyəri Cavabdeh İB-nin Ağsu RQİİ-nin hesabına ödənilmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından göründüyü kimi tərəflər arasında təbii qazdan istifadə qaydaları ilə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Yeni quraşdırılmış qaz sayğacınn dəyəri olan 68 manat iddiaçı tərəfindən ödənilmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır, sayğaca kənar müdaxilənin edilməsi iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməmiş, eyni zamanda iddiaçının təqsirli hərəkətləri nəticəsində sayğaca kənar müdaxilənin edillməsi barədə heç bir mötəbər sübut müəyyən olunmamışdır. Sayğaca kənar müdaxilənin edilməsi istehlakçının təqsirli hərəkətləri nəticəsində baş verdiyi müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın iddiaçıdan tutulması qərara alınmışdır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbi təmin edilməli, Cavabdeh Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən iddiaçıya hesablanmış 216 manat borc silinməli və yeni quraşdırılmış sayğaca görə iddiaçı tərəfindən ödənilmiş 68 manat pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində Cavabdeh İB-nin Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akt əsasında abonent koduna vurulmuş itirilmiş qazın bərpası üçün hesablanmış 216 manat məbləğində borc silinsin və iddiaçı tərəfindən ödənilmiş 68 manat pul Cavabdeh İB-dən tutularaq İddiaçı qaytarılsın. Qətnamənin icrası cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar