Məhkəmə qərarları › İş №2(046)-897/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-897/2021

06.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-897/2021 06.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «cərimənin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Qaraməryəm kəndi ərazisində yerləşən ona məxsus olan fərdi yaşayış evinə verilən elektrik enerjisini qeyd edən sayğacın DSM möhrünün qoparılması, hesab mexanizminin rəqəmlərinin cızılmasına dair cavabdeh tərəfindən tərtib edilmiş 24 sentyabr 2020-ci il tarixli 195633 nömrəli protokola əsasən ona tətbiq edilmiş 500 manat cərimənin sılinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Göyçay rayonu Qaraməryəm kəndində yaşayır. Göyçay rayonu Qaraməryəm kəndi ərazisində özünə məxsus fərdi yaşayış evinə elektrik xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Vaxtlı-vaxtında X1 əməkdaşının sayğaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq elektrik enerjisindən istifadəyə görə ödənişlər etmişdir. Cavabdeh yaşadığı evə verilən elektrik enerjisini qeyd edən sayğacın DSM möhrünün qoparılmasının, hesab mexanizminin rəqəmlərinin cızılmasının onun tərəfindən baş verməsinə dair 24 sentyabr 2020-ci il tarixdə 195633 nömrəli protokol tərtib etmişdir. Həmin 24 sentyabr 2020-ci il tarixli 195633 nömrəli protokola əsasən ona 500 manat cərimə tətbiq edilmişdir. Qeyd edir ki, yaşadığı evə gələn elektirik enerjisini qeydə alan sayğac qonşunun həyətyanı sahəsində yerləşir. X1 əməkdaşı sayğaca baxış keçirdikdən sonra ona bildiriş təqdim edirlər. Onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, yaşadığı evə verilən elektrik enerjisini qeyd edən sayğacın DSM möhrünün qoparılmasının, hesab mexanizminin rəqəmləri ilə cızılmasının onun tərəfindən baş verməsinə dair 24 sentyabr 2020-ci il tarixdə 195633 nömrəli protokol tərtib edilməsi qanunsuzdur. Həmin protokolun harada, kimin tərəfindən tərtib edilməsindən məlumatı yoxdur. Ancaq bır neçə gün əvvəl həmin protokol ona təqdim edilib. Bu səbəbdən, həmin protokola əsasən ona tətbiq edilmiş 500 manat cərimə məhkəmə qətnaməsi ilə silinməlidir. Hesab edir ki, 24 sentyabr 2020-ci il tarixli 195633 nömrəli protokol qanunsuzdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddiaya etiraz göndərmiş və teleqram vuraraq göstərmişdir ki, İddiaçı cavabdeh tərəfindən tərtib edilmiş 24 sentyabr 2020-ci tarixli 195633 nömrəli protokola əsasən ona tətbiq edilmiş 500 manat cərimənin silinməsi tələbinə dair iddiasını aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi 01.02.2008-ci il tarixdən **********00306 saylı istehlakçı kodu ilə Göyçay EŞ-nin «Proqram bazası»nda qeydiyyatdadır və yaşadığı evdə elektrik enerjisindən ÜG 6807 Vk tipli, zavod nömrəsi 66070079 olan elektrik hesablama sayğacı vasitəsi ilə 01.02.2008-ci il tarixidən 10.09.2020-ci il tarixinə kimi istifadə etmişdir. 09.09.2020-ci il tarixdə «Mərkəzi Aran» RETSİ-nin Sayğacquraşdırma bölməsinin X2 üzrə texniki Məmmədov.A tərəfindən İddiaçı məxsus fərdi yaşayış evində istismarda olmuş elektrik hesablama sayğacı yeni PAUD- MP106 tipli, zavod nömrəsi **********4 olan elektrik hesablama sayğacı ilə əvəz edilmişdir. Elektrik hesablama sayğacının yenisi ilə əvəz edilməsi barədə «Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında» ******* №-İi Protokol tərtib edilərək Göyçay EŞ-nin texniki A.Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır. Çıxarılan elektrik hesablama sayğacının Laboratoriya şəraitində yoxlanışa göndərilməsi və abonentin həmin yoxlamada iştirak etməsi A.Məmmədov tərəfindən İddiaçı izah edilmişdir. Sayğacın «qeyd» hissəsində «Yarım elektron tipli sayğac çıxarıldı, yeni «Smart» kart tipli sayğac quraşdırıldı» qeydiyyatı aparılmışdır. Göstərilən elektrik hesablama sayğacı 24 sentyabr 2020-ci il tarixdə «Mərkəzi Aran» RETSİ-nin Sayğac quraşdırma bölməsinin Laboratoriyasında yoxlanılmışdır. İddiaçı sayğacın yoxlanışında iştirak etməmişdir. Yoxlama zamanı «Sayğacın DSM möhürü yoxdur. Hesab mexanizminin rəqəmlərində müdaxilə cızıqları var. Qüsuru aşkar edilmişdir» «Mərkəzi Aran» RETSİ-də fəaliyyət göstərən «Aktlar üzrə Komissiya» tərəfindən «qüsur aşkar edilməsi barədə» tərtib olunmuş «Sayğacların və cərəyan transformatorlarının yoxlanması»na dair 195633 №-li Protokola əsasən «Sayğacın DSM möhürü olmadığı, hesab mexanizminin rəqəmlərində müdaxilə cızıqları aşkarlandığı üçün» yenidən hesablama aparılaraq dəyəri 521,28 manat təşkil edən 6048 kvt.saat miqdarında itilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesablama aşağıdakı qaydada aparılmışdır. P=1 Kvt; W=1 Kvt x 24s x 360g x 0,07=6048 Kvts 3600Kvts x 0,07= 252 man 2448 Kvts x 0,11=269,28 man Cəmi: 252 man+269,28 man=521,28man. “EEİQ”-nın 7.6-cı bəndinin tələblərinə əsasən “Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yarariı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. İzah edir ki, İddiaçı elektrik enerjisindən istifadəyə görə hesabat aparılarkən Enerjitəchizatı müəssisə tərəfindən ona qarşı hər-hansı bir hüquqa zidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Hesabat Qaydaların tələblərinə uyğun olaraq düzgün aparılmışdır. Belə ki, «EEİQ»-nin 8.32-ci bəndində “Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır”- göstərilmışdir. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Cavabdehin nümayəndəsi teleqramda məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan teleqramı nəzərə alaraq, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı yaşadığı Göyçay rayonu Qaraməryəm kəndində yerləşən evə (ünvana) verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. İddiaçıya **********6 abonent kodu verilmişdir. 24 sentyabr 2020-ci il tarixdə tərtib edilmiş 195633 saylı sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə protokoldan; Məişət istelakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 09 sentyabr 2020-ci il tarixli ******* saylı protokoldan; 24 sentyabr 2020-ci il tarixli 195633 saylı icra vərəqəsindən görünür ki, iddiaçının evinə verilən elektrik enerjisi sərfiyyatının hesabatını aparan 66070079 nömrəli sayğac çıxarılaraq, 0**********4 sayğac quraşdırılmış; bu vaxt istehlakçının iştirakı təmin edilməmişdir. Köhnə sayğac laboratoriyada abonentin iştirakı olmadan yoxlanılaraq, sayğacın DSM möhürünün olmadığı, hesab mexanizminin rəqəmlərində müdaxilə cızıqları olduğu qeyd edilmişdir. İcra vərəqəsi tərtib olunaraq, hesablama aparılmış və iddiaçıya 521 manat 28 qəpik cərimə hesablanmışdır. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından göründüyü kimi, köhnə sayğac çıxarılarkən və yenisi ilə əvəz olunarkən məişət abonentinin iştirakı təmin edilməmişdir. Bundan başqa, hesablaşma elektrik sayğacı məişət abonentinin cavabdeh olduğu ərazidə, yəni cavabdehin həyətyanı sahəsində, yaxud evin daxilində deyil, fərdi yaşayış evindən kənarda (küçədə) quraşdırıldığı halda, cavabdeh hesablaşma sayğacının DSM möhürünün olmaması, hesab mexanizminin rəqəmlərində müdaxilə cızıqları olduğuna görə iddiaçıya itirilmiş enerjiyə görə 521 manat 28 qəpik hesablaması əsaslı hesab edilə bilməz. Bu səbəbdən, iddia əsaslı olduğundan təmin edilməli, abonentə əsassız hesablanmış 500 manat borc abonentin kodundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 24 sentyabr 2020-ci il tarixdə tərtib edilmiş 195633 saylı akta əsasən Göyçay rayonu Qaraməryəm kəndi ünvanı üzrə abunəçi İddiaçı adına olan **********6 saylı abunə koduna hesablanmış 500 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 24 sentyabr 2020-ci il tarixdə tərtib edilmiş 195633 saylı akta əsasən Göyçay rayonu Qaraməryəm kəndi ünvanı üzrə abunəçi İddiaçı adına olan **********6 saylı abunə koduna hesablanmış 500 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar