Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-91/2021 29.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Sadiq oğlunun və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Sadiq oğlunun cavabdeh «xxxx» ASC-yə qarşı 1.170 manat vəsaitin hesabından silinməsi tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sadiq oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC-nin tərəfindən qanunsuz və əsassız hesablanmış 1.170 manat pulun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sadiq oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2ində yerləşən evində sayğac quraşdırılmış və sayğac yaşadığı evdən aralıda, küçədə yerləşdirilmişdir. 2009-cu ilin iyul ayının 16-da X2 Təchizat MMC-nin əməkdaşları həmin sayğaca baxış keçirərək heç bir əsas göstərmədən sayğaca müdaxilə etməsini əsas göstərib, akt tərtib edərək, bütün enerji təminatını yerinə yetirən enerji xətlərini sayğacla birlikdə söküb aparılmışdır. Enerji xəttinin bərpa edilməsi üçün 2010-cu ilin fevral ayında poçt vasitəsi ilə cavabdehin hesabına 250 manat ödəniş aparsa da, enerji verilişi bərpa edilməmişdir. Buna görə də, 2020-ci ilin fevral ayına kimi onun evinə enerji təminatı dayandırılmışdır. 2020-ci ilin fevral ayında «xxxx» ASC-nin Göyçay şöbəsinin əməkdaşları yeni smart sayğac quraşdırıb enerji təminatını bərpa etmişlər. Smart karta pul yüklədikdə 1.170 manat borcunun olduğunu gördükdən sonra və ondan pul tutulduğunu görüb, bununla bağlı «xxxx» ASC-nin Göyçay şöbəsinə müraciət edərək, ona rəsmi sənədlərin verilməsini xahiş etsə də, nəticəsi olmamışdır. Halbuki, sayğaca heç bir müdaxilə etməmişdir, sayğac daim Göyçay şəbəkəsinin əməkdaşlarının nəzarətində olub və onun cavabdehliyində deyildir. Göründüyü kimi, məsuliyyət «xxxx» ASC-nin üzərinə düşür və vətəndaş kimi istehlakçıdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində 2009cu ilin iyul ayının 16-da «X2 Təchizatı» MMC-nin əməkdaşları tərəfindən onun yaşadığı evdə quraşdırılmış elektrik sayğacına baxış keçirilərək heç bir əsas göstərmədən sayğaca müdaxilə etməyini əsas göstərib akt tərtib etdiklərini və elektrik xətlərini sayğacla birlikdə söküb apardıqlarını, enerji xətlərinin bərpa edilməsi üçün 2010-cu ilin fevral ayında poçt vasitəsi ilə cavabdehin hesabına 250 manat ödəniş etməsinə baxmayaraq enerji verilişinin bərpa edilmədiyini və buna görə 2020-ci ilin fevral ayına kimi yaşadığı evin elektrik enerjisi ilə təminatının dayandırıldığını göstərmişdir. İddiaçı Sadiq oğlu elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Göyçay EŞ-nin «Proqram bazası»nda 01.02.2008-ci il tarixdən **********1 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla yaşadığı evdə elektrik enerjisindən ÜG 6807 tipli, zavod nömrəsi 67010603 olan elektrik sayğacı vasitəsi ilə 22.04.2016-cı il tarixə kimi istifadə etmişdir. İddiaçı barəsində «xxxx» MMC-nin əməkdaşları tərəfindən EEİQ-nin pozulması haqqında 16.07.2009-cu il tarixli, 012051 nömrəli akt tərtib edilmişdir. Aktın tərtibatında onun qardaşı Arzu Sadıqov iştirak etmişdir. Aktın «Uçotun vəziyyəti» qrafasında «Sayğaclı. Sayğaca müdaxilə. Sayğacı deşib sancaq vasitəsi ilə sayğacı süni şəkildə saxlayıb» qeydi aparılmışdır. Aktda «Ampermaşa» ilə ölçü aparılaraq sayğacdan keçən yükün 2,02 kvt təşkil etdiyi müəyyən edilərək 6 ay müddətinə yenidən hesablama aparılaraq dəyəri 436,32, manat təşkil edən 7272 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Aktın «qəbul edilmiş qərar» hissəsində «hesablanmış məbləğ tam ödənilsin (üç gün müddətinə). Sayğac abonentin hesabına dəyişdirilsin. Uçot dəsti bərpa olunsun. Əks halda şəbəkədən açılsın» qeydiyyatı aparılmışdır. Akt enerji təchizatı müəssisəsinin əməkdaşları və İddiaçı qardaşı A.Sadıqov tərəfindən imzalanmışdır. İddiaçı Göyçay EŞ-də qeydiyyatda olan istehlakçı kodu üzrə «istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişi haqqında» məlumatı təhlil etdikdə, onun 2009-cu ilin oktyabr ayına 23,98 manat məbləğində debitor borcunun olduğu görünür. Məlumatda onun tərəfindən 2010-cu ilin oktyabr ayında elektrik enerjisindən istifadəyə görə 50 manat pul ödədiyi və həmin məbləğin barəsində tərtib edilmiş aktla hesablanmış məbləğdən ödənildiyi öz əksini tapmışdır. Məlumatda 2010-cu ilin yanvar ayında iddiaçıya akta əsasən dəyəri 390,20 manat təşkil edən 6450 kvt s. miqdarında elektrik enerjisinin sərfiyyatı hesablanmışdır. İddiaçı mütəmadi olaraq elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə istifadə etmişdir. Onun mübahisələndirdiyi 16.07.2009-cu il tarixli «EEİQ»-nin pozulması haqqında tərtib edilmiş aktdır. İddiaçının akt tərtib edildikdən sonra yaşadığı evin elektrik enerjisi ilə təchizatının bərpa edilməsi üçün poçt vasitəsi ilə 250 manat məbləğində enerji təchizatı müəssisəsinin hesabına pul ödəməsi barədə iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, istehlakçı tərəfindən enerji təchizatı müəssisəsinin hesabına elektrik enerjisindən istifadəyə görə ödəniş edildikdə ödənilmiş məbləğ onun istehlakçı kodu üzrə Elektrik şəbəkəsinin proqram bazasında qeydiyyatda olan hesabında öz əksini tapır. Onun 250 manat pul ödəməsi barədə heç bir qeydiyyat aparılmamışdır. 2010-cu ilin mart ayından 2010-cu ilin noyabr ayına kimi olan dövr ərzində iddiaçının yaşadığı evi elektrik enerjisi ilə təchiz edən sayğacın enerji sərfiyyatı göstəricisi 6219 kvt olmaqla dəyişməz qalmışdır. İddiaçı elektrik enerjisindən qanunsuz istifadə (sayğacdan kənar xətt vasitəsi ilə) etdiyi üçün ona 2010-cu ilin noyabr ayında dəyəri 300,06 manat təşkil edən 5001 kvt saat miqdarında enerji sərfiyyatı hesablanmışdır. 2011-ci ilin iyun ayına kimi iddiaçıya enerji sərfiyyatı hesablanmamışdır. 2011-ci ilin iyul ayından 2012-ci ilin iyul ayına kimi ümumi dəyəri 294.00 manat təşkil edən 4900-kvt saat miqdarında enerji sərfiyyatı hesablanmışdır. Beləliklə, iddiaçıya 2012-ci ilin iyun ayına kimi dəyəri (akta əsasən hesablanmış 394,20 manat məbləği nəzərə alınmaqla) 1.227,90 manat təşkil edən 20465 kvt s. miqdarında enerji sərfiyyatı hesablanmışdır. Göstərilən eneji haqqı dəyərindən İddiaçı tərəfindən 309,20 manat məbləğində ödəniş edilmişdir ki, həmin məbləğin 199,20 manatı istehlak edilmiş elektrik enerjisinin, 110,00 manatı isə aktla hesablanmış məbləğdən edilmiş ödənişdən ibarətdir. İddiaçının elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə qanunsuz istifadə etməsi Göyçay EŞ-nin Yekəxana kəndinə xidmət edən xətt nəzarətçisi X1 tərəfindən Göyçay EŞ-nin rəisi O.Quliyevə ünvanladığı 29.06.2015-ci il tarixli xidməti məlumatda öz təsdiqini tapmışdır. Xidməti məlumatda «nəzarətçinin xidmət etdiyi ərazidə Sadıqov Arzu və İddiaçı məxsus sayğaclara akt yazıldığı, lakin sayğacların dəyişdirilmədiyi, eyni zamanda xətlərin «sipləşdirildiyinə» (açıq naqillərin üstü izolə olunmuş kabel xətləri ilə əvəz edilməsi) baxmayaraq xətti zədələyərək sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdikləri və sayğacların dəyişdirilərək oğurluğun qarşısının alınmasına köməklik göstərilməsi» xahiş edilmişdir. İddiaçının yaşadığı evdə istismarda olmuş ÜG-6807 tipli, zavod nömrəsi 67063776 olan elektrik hesablama sayğacı 18.04.2016-cı il tarixdə yeni M550 tipli zavod nömrəsi 18761529 olan elektrik hesablama sayğacı ilə əvəz edilmişdir.Yeni quraşdırılmış elektrik hesablama sayğacı vasitəsi ilə iddiaçı tərəfindən 2016-cı ilin aprel ayından 2017-ci ilin avqust ayına kimi olan 15 ay ərzində sayğac göstəricilərinə əsasən dəyəri 313,39 manat təşkil edən 4505 kvt saat miqdarında elektrik enerjisi istehlak edilmişdir. Orta aylıq enerji sərfiyyatının dəyəri 20,89 manat təşkil edir. 2017-ci ilin avqust ayından 2018-ci ilin iyul ayına kimi olan 12 ay ərzində dəyəri 34,37 manat təşkil edən 491 kvt saat miqdarında elektrik enerjisi istehlak edilmişdir. Elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricisi 5055 kvt saat olmaqla 12.12.2019-cu il tarixinə kimi dəyişməz qalmışdır. İddiaçı isə bu müddət ərzində elektrik enerjisindən qanunsuz istifadə etmiş və elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu borc məbləğinin ödənilməsindən qəsdən yayınmışdır. İddiaçının elektrik enerjisindən qanunsuz istifadə etməsinin qarşısının alınması və yaratmış olduğu debitor borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2016-cı ildə onun yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacı yeni, əvvəlcədən ödənişli PAUD-MP-106 tipli zavod nömrəsi **********9 olan «smart kart» sayğacla əvəz edilmişdir. İddiaçı sayğacın dəyişdirilməsinə etiraz etdiyinə görə, Göyçay EŞ tərəfindən rayon Polis şöbəsinə müraciət edilmişdir. Yalnız polis əməkdaşları tərəfindən onunla aparılmış izahlı söhbətdən sonra yeni elektrik hesablama sayğacı quraşdırılaraq onun istifadəsinə verilmişdir. Sayğacın yenisi ilə əvəz edilməsi barədə 12.12.2019-cu il tarixli «Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında» ******* №-li Protokol tərtib edilərək Göyçay EŞ-nin əməkdaşı A.Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır. Protokolda hər iki sayğacın texniki parametrləri göstərilməklə çıxarılan sayğacın enerji sərfiyyatı göstəricisinin «5055» kvt saat, yeni sayğacın göstəricisinin isə «0000» Kvt saat olması barədə qeydiyyat aparılmışdır. İddiaçı tərəfindən yeni quraşdırılmış sayğacın kartına 03.03.2021-ci il tarixinə kimi 333 manat məbləğində pul vəsaiti yüklənmişdir. Həmin məbləğdən 204 manatı enerjinin istehlakına, qalan 129 manat isə İddiaçı debitor borcunun ödənilməsinə yönəldilmişdir. Beləliklə İddiaçı 01.03.2021-ci il tarixə 1.115,25 manat məbləğində ödənilməli olan debitor borcu vardır. İddiaçı 01.03.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclası zamanı yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricisinin dəyişməz qaldığı dövrdə elektrik enerjisindən qardaşı Arzu Sadıqovun yaşadığı evi elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacından xətt çəkməklə istifadə etdiyini bildirmişdir. İddiaçı qeyri-səmimilik göstərərək məhkəməyə yanlış məlumat vermişdir. Belə ki, İddiaçı qardaşı Arzu Sadıqov da elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə etdiyinə görə barəsində «EEİQ»-nin pozulması haqqında 01.04.2010-cu il tarixdə 009050 nömrəli akt tərtib edilmişdir. Aktda pozuntu faktı ilə əlaqədar hesablama aparılaraq dəyəri 332,64 manat təşkil edən 5544 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Arzu Sadıqovun da yaşadığı evə elektrik hesablama sayğacları eyni vaxtlarda, yəni 2008-ci, 2016-cı və 2019-cu illərdə quraşdırılmışdır. Hər iki qardaş tərəfindən «İstehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişi»ni əks etdirən məlumatlar eynilik təşkil edir. A.Sadıqov da qardaşı İddiaçı kimi elektrik enerjisindən qanunsuz istifadə etdiyinə görə yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricisi 09.06.2018-ci il tarixdən 12.12.2019-cu il tarixinə kimi 2876 kvt olmaqla dəyişməz qalmışdır. Qeyd edilənlər İddiaçı məhkəmə baxış iclası zamanı elektrik enerjisindən qardaşının yaşadığı evi elektrik enerjisi ilə təchiz edən elektrik sayğacından çəkmiş olduğu xətt vasitəsi ilə istifadə etməsi barədə göstərdiklərini təkzib edir. Göründüyü kimi, İddiaçı silinməsini tələb etdiyi 1.170 manat məbləğinin 394,20 manatı onun barəsində tərtib edlmiş mübahisələndirdiyi akta əsasən, qalan 775,80 manat məbləği isə elektrik enerjisindən istifadəyə görə 2012-ci ilin iyun ayına kimi hesablanmış məbləğdən ibarətdir. İddiaçı Sadiq oğlu silinməsini tələb etdiyi 1.170 manat borc məbləğinin 2009-cu ilin iyun ayından 2012-ci iln iyun ayına kimi «xxxx» ASC tərəfindən hesablandığını bildiyi halda həmin borc məbləğinin silinməsini hər-hansı bir qaydada mübahisələndirməmiş və məhkəməyə borcun (enerji haqqı dəyərinin) hesablanmasından 11 il müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi İddiaçı elektrik enerjisindən istifadəyə görə enerjitəchizatı müəssisəsi tərəfindən özünün iddia ərizəsində qeyd etdiyi kimi 2009-cu ilin iyun ayında akta əsasən hesablanmış 394,20 manat və enerji sərfiyyatına görə hesablanmış 775,80 manat borc məbləğini mövcud prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia müddəti daxilində məhkəmədə mübahisələndirməmişdir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 (üç) ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət ötürülməklə məhkəməyə müraciət edildiyinə görə iddia müddətinin tətbiq edilməsini və iddiadan bu əsasla imtina barəsində qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Sadiq oğlunun yaşadığı ünvan 2ində yerləşən evə verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. İddiaçıya **********1 abonent kodu verilmişdir. 16 iyul 2009-cu il tarixdə tərtib edilmiş 012051 saylı aktda qeyd olunmuşdur ki, «X2 Təchizatı» MMC-nin əməkdaşları tərəfindən həmin ünvanda EEİQ-yə riayət olunubolunmaması yoxlanılmışdır. Yoxlamada abonentin qardaşı Arzu Sadıqovun iştirak etdiyi qeyd olunmuşdur. Abonentin özünün nə üçün iştirak etmədiyi qeyd edilməmişdir. Aşkar edilmişdir ki, elektrik sayğacına müdaxilə edilərək, sayğac deşilmiş, sancaq vasitəsi ilə sayğac süni şəkildə dayandırılmışdır (saxlanılmışdır). Bununla da, EEİQ-nin 8-32-ci və EQQQ-nin 1-V bəndlərinin tələbləri pozulmuşdur. Amper maşa ilə müvafiq ölçü işləri aparılmışdır. Hesabat tərtib edilərək, itirilmiş enerji sərfiyyatına görə 436 manat 32 qəpik borc hesablanmışdır. (Akt tərtib olunarkən abonent və şahidlərin iştirakı təmin edilməmişdir.) «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından göründüyü kimi, akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuş, məişət abonenti və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bu səbəbdən, iddia aktla bağlı hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdeh tərəfin verdiyi ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddia müddətinin axımı iddiaçının cavabdehə ödəniş etdiyi və ödənişin bir hissəsinin akt üzrə hesablanmış borca çıxılması anından hesablanır. İddiaçıya münasibətdə delikt 16 iyul 2009-cu il tarixdə baş versə də, iddia müddətinin axımı 2012-ci ildən, edilmiş ödənişin 110 manatı akt üzrə hesablanmış borcdan çıxılan an kəsilmişdir və 10 illik ümumi iddia müddəti axımı yenidən başlamışdır. Hazırkı iş üzrə mübahisələndirilən ümumi məbləğin bir hissəsi iddiaçının sayğac üzrə istifadə etdiyi real elektrik enerjisi sərfiyyatına görə hesablanmış borcdur və iddiaçı həmin borcu ödəməlidir. Mübahisənin həmin hissəsinə münasibətdə 3 illik iddia müddəti aktualdır. Çünki, vaxtaşırı edilməli ödənişlərlə bağlıdır. Lakin akt üzrə borc hesablanması delikt olmaqla, mübahisənin aktla bağlı hissəsinə 10 illik iddia müddəti şamil olunur. Bu səbəbdən, cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. «C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 28 noyabr 2018-ci il tarixli Qərarında göstərilir ki, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 16 iyul 2009-cu il tarixdə tərtib edilmiş 012051 saylı akta əsasən ünvan 2i ünvanı üzrə abunəçi İddiaçı Sadiq oğlunun adına olan **********1 saylı abunə koduna hesablanmış 436 manat 32 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməli, iddiaçının ödədiyi məbləğdən akt üzrə hesablanmış borca silinmiş 110 manat iddiaçının qətnamə çıxan günə mövcud olan real borcundan çıxılmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Çünki, iddiaçının mübahisələndirdiyi digər borc məbləbi iddiaçının sayğac üzrə istifadə etdiyi elektrik enerjisi sərfiyyatına görə hesablanmış real borc olmaqla, silinə bilməz. İddiaçı qanunvericiliyə görə həmin məbləği cavabdehə ödəməyə borcludur. Hər bir abunəçi istifadə etdiyi sərfiyyata uyğun mövcud tariflərə uyğun ödənişləri etməyə borcludur. İddiaçı enerjitəchizatı müəssisəsi ilə bağladığı müqavilə şərtlərini yerinə yetirməyə, ona satılan elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X2 Təchizatı MMC tərəfindən 16 iyul 2009-cu il tarixdə tərtib edilmiş 012051 saylı akta əsasən ünvan 2ində İddiaçı Sadiq oğlunun adına olan **********1 saylı abunə koduna hesablanmış 436 manat 32 qəpik elektrik enerjisi borcu silinsin. İddiaçı Sadiq oğlu tərəfindən 2007-ci ilin sentyabr ayından, 2012-ci ilin yanvar ayına qədər ödənilmiş 309.20 manat vəsaitdən, cavabdeh xxxx ASC tərəfindən 16 iyul 2009-cu il tarixdə tərtib edilmiş 012051 saylı akta əsasən hesablanmış borca silinmiş 110 manat pul iddiaçının mövcud olan borcundan çıxılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İ.B.Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-91/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-91/2021
29.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver