Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-918/2025 26.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı istehlakçı hüquqlarının pozulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin X4 İstismarı İdarəsi tərəfindən 2025-ci ilin yanvar ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız və qanunsuz olaraq hesablanaraq **********00000 nömrəli abonent koduna yazılmış 1018.20 (bir min on səkkiz manat iyirmi qəpik) cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: ünvan 1 ünvanda yerləşən özünə məxsus fərdi yaşayış evi vardır. Həmin evdə qaz hesabatları onun adınadır, müqavilə onunla bağlanmışdır. 2025-ci ilin yanvar ayında Cavabdeh İB-nin işçiləri ona məxsus olan fərdi yaşayış evinə baxış keçirdən zaman guya sayğacdan kənar əlavə qaz xətti aşkar etmişlər və buna görə də ona qanunsuz olaraq 1018.20 (bir min on səkkiz manat iyirmi qəpik) məbləğində cərimə yazmışlar. Lakin bildirmək istəyir ki, onun evində heç vaxt əlavə qaz xəttindən istifadə edilməmişdir. Ona görə də o hesablanaraq yazılmış məbləğ ilə razı deyil, hesab edir ki, tamamilə qanunsuz yazılmışdır və silinməlidir. Belə ki, "X1 dəyişiklik edilməsi haqqında" 25 iyun 2023-cü il tarixli, 218 nömrəli Qərarın 6.5. bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qanunun tələbindən də göründüyü kimi, əgər cavabdeh oraqan onun mənzilində hər hansı bir qanunsuz istifadə halı aşkar etmiş olsaydı əgər, barəsində tərtib edilmiş akt və ya digər sənədləri tədbir görülməsi üçün aidiyyatı olaraq müvafiq quruma göndərməli, həmin qurumda araşdırma aparılaraq onun mənzilində təbii qazdan hər hansı bir qanunsuz istifadə halı təsdiq edilməli idi. Lakin hazırkı vəziyyətdə cavabdeh orqan Qanunun tələblərini pozaraq barəsində hər hansı bir inzibati qərar olmadan ona qanunsuz olaraq cərimə tətbiq etmiş, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edrək onun qanunla qorunan hüquqlarını pozmuşlar. Ona tətbiq edilmiş cərimə sənədlərini əldə etmək üçün Göyçay Qaz İdarəsinə bir-neçə dəfə getsə də, həmin sənədlərin mövcud olmadığını və yaxud sistemə vurulmadığını bəhanə gətirərək həmin sənədləri təqdim etməkdən imtina etdilər. O, yalnız abonent saldosunu əldə edə bilmiş və orda da həqiqətən də ona 2025-ci ilin yanvar ayında qanunsuz olaraq 1018.20 manat məbləğində cərimə yazıldığının şahidi olmuşdur. Əlavə sənədləri əldə edə bilmədiyindən tək abonent saldosunu iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İnanır ki, məhkəmənin sorğusu əsasında həmin sənədlər təqdim edilər. "Azəriqaz" İB-nin əməkdaşları 2025-ci ilin yanvar dəymiş zərəri müəyyənləşdirərkən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş "İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları"na və daxili təlimatlarına istinad etmişdir. Bununla əlaqədar bildirmək istəyir ki, Cavabdeh İB-nin istinad etdiyi həmin sənəd və ya sənədlər o vaxt sübut kimi qəbul edilə bilər ki, Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilsin. Həmin sənəd və ya sənədlər Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilmədiyindən həmin sənədlər vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Bu səbəbdən dəymiş zərərin müəyyənləşdirildiyi "İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları"na və daxili təlimatları sübut kimi qəbul edilə bilməz. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, mənzilində aşkar edilmiş sayğacdan kənar əlavə qaz xəttinə görə hesablanmış məbləğ silinməlidir. Cavabdeh İB-nin nümayəndəsi X3 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, İddiaçı iddia ərizəsində Cavabdeh İB-nin əməkdaşlarının qanunsuz olaraq ona 1018.20 manat məbləğində cərimə yazdıqlarını bildirmiş və həmin məbləğin silinməsini xahiş etmişdir Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2024-cü il tarixində ’’Azəriqaz” X2 RQİİ-nin İSQNŞ-nin əməkdaşları ünvan 2 ünvanında yaşayan İddiaçı məxsus evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2025-ci il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. xx.xx.2025-cü il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək Göyçay XS-nin abonenti İddiaçı Göyçay XSnin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 8485 m3 - 1018.20 (min on səkkiz manat) 20 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur İddiaçı abonent koduna hesablanaraq vurulmuş 1018.20 (min on səkkiz manat iyirmi qəpik) məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 216, 217, 218, 220-ci maddələrinə istinad edərək ünvan 3 ünvanında yaşayan İddiaçı əsassız hesablanmış 1018.20 manat cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları: 10 yanvar 2025-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbbi qazdan istifadə olunduğu aşkar edilmişdir. Cavabdeh dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı Göyçay XSnin abonent bazasındakı abonent koduna 8485 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. DVD diskdəki videogörüntülərdən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi aşkar olunmuş, yoxlanış aparıldığı zaman həmin xəttin işlək vəziyyətdə olduğu aşkar edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə poçt vasitəsi ilə teleqrama göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh İB-in nümayəndəsi məhkəməyə gəlməmiş, cavabdehin nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İlkin məhkəmə hazırlıq iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, aktla bağlı Göyçay rayon Qaz İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş xətt onlar tərəfindən istifadə edilməyib, baxış keçirilən zaman onların iştirakı təmin olunmamışdır. Sözügedən evin açarlarını qonşulara vermiş, orada yaşamamışlar, ola bilər ki, qonşu gəlib evə nəzarət edən zaman evin qapısını açıq saxlamış, həmin vaxtı Cavabdeh İB-nin əməkdaşları ora gəldikdə qonşu onlara ev sahiblərinin burada olmadığını bildirmiş, lakin buna baxmayaraq Qaz İdarəsinin işçiləri evə girərək köhnə, istifadəyə yararsız sayğacı aşkar edərək borc hesablamışlar. Buna görə də sayğacdan kənar əlavə qaz xəttinə görə hesablanmış borcu əsassız hesab edir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndi Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 11-ci maddəsinin 6-cı hissəsi: Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 22 Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinyaət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndi: Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1 İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli,13№-li qərarı: Ölkədə əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifi illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı: Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.4 Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 yanvar 2025-ci il tarixli, ******* saylı akta görə İddiaçı tərəfindən yaşadığı ünvan 2 ünvanda yerləşən yaşayış evində təbii qazdan sayğacdan kənar istifadə etməsi faktı aşkar edilmişdir. Sayğacdan kənar təbii qazdan istifadə faktı aşkar edildiyindən qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmişdir. Qaz sayğacının nominal saatlıq qaz sərfinin 8 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 131 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və (0.8х12х267=2563 m3), (1.5х12х62=1116 m3), (1,5х12х267=4806 m3) 1018 manat 20 qəpik məbləğində zərərin ödənilməsi tələb edilmişdir. Məhkəmə istehlakçı İddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini nəzərə alıb, hesab edir ki, İddiaçı törətmiş olduğu mülki hüquq pozuntusuna görə təqsirli sayılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, qaz sərfiyyatına görə hesablanmış zərərin məbləği faktiki olaraq dəymiş zərərin məbləğinə mütənasib olmamış, qaz paylayıcısı Cavabdeh İB-i tərəfindən sayğacdan kənar qazdan istifadə olunduğu müddəti düzgün hesablamamışdır. Belə ki, qaz paylayıcısı tərəfindən hər ayda bir dəfədən az olmayaraq qaz sayğacına baxış keçirilməsi nəzərdə tutulduğundan, 10 dekabr 2024-cü il tarixədək keçirilmiş baxışda sayğacdan kənar qaz xəttinin olması aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sayğacdan kənar qazdan istifadə olunduğu müddət 10 dekabr 2024-cü il tarixdən aşkar olunduğu 10 yanvar 2025-ci il tarixədək, yəni sonuncu baxış tarixindən qanunsuz qoşulma halı aşkar edildiyi tarixədək 30 gün üçün itirilmiş qazın dəyəri müəyyən olunmalı, hesabat müddəti 360 gün üçün deyil, 30 gün üçün müəyyən edilməlidir. Beləliklə qaz sayğacının nominal saatlıq qaz sərfinin 8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə 288 m3 (0.8x12x30=288 m3), 540 m3 (1.5x12x30=540 m3), 540 m3 (1.5x12x30=540 m3) müəyyən olunmalıdır. Tarif Şurasının 16 oktyabr 2021-ci il tarixli, 13 nömrəli qərarına görə 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpikdən (1200x0,12=144 manat), qalan (1368- 1200=168 m3) 168 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpikdən (168x0,20=33.60 manat) hesablanmaqla, cəmi 177 manat 60 qəpik (144+33.60=177.60) dəymiş zərərin məbləği müəyyən olunmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azəriqaz» İB-nin X4 İstismarı İdarəsi tərəfindən sayğacdan kənar çəkilmiş əlavə qaz xəttindən istifadəyə görə İddiaçı abonent koduna hesablanmış 1018.20 (bir min on səkkiz manat, iyirmi qəpik) cərimə məbləğindən 840.60 (səkkiz yüz qırx manat altmış qəpik) silinməli və iddia qismən təmin edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB-nin X4 İstismarı İdarəsi tərəfindən sayğacdan kənar çəkilmiş əlavə qaz xəttindən istifadəyə görə İddiaçı abonent koduna hesablanmış 1018.20 (bir min on səkkiz manat, iyirmi qəpik) cərimə məbləğindən 840.60 (səkkiz yüz qırx manat altmış qəpik) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-918/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-918/2025
26.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver