Məhkəmə qərarları › İş №2(046)-933/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-933/2023

24.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-933/2023 24.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X4 Firudin oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-i tərəfindən abonent koduna əsassız hesablanaraq vurulmuş 1555 manat 20 qəpik cərimə borcunun silinməsi və 65 manat məbləğində sayğac dəyərinin ödənilməsi öhdəliyindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Çərəkə kəndində yaşayır. Fərdi yaşayış evinə Cavabdeh İB-nin əməkdaşları quraşdırılmış qaz sayğacını aparmış və bu barədə akt tərtib etmişlər. Evindən çıxarılmış sayğac dövlət yoxlanılmasına göndərilmiş, sayğaca kənar müdaxilə olduğu aşkar edilmişdir. Buna görə də 1555 manat 20 qəpik məbləğində cərimə edilmiş və 65 manat sayğacın dəyərini ödəməli olduğu barədə bildiriş göndərilmişdir. Halbuki, sayğaca heç bir müdaxilə etməmişdir. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh İB-in nümayəndəsi məhkəməyə gəlməmiş,cavabdehin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə edilmiş ******* saylı,28 fevral 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay rayonu Çərəkə kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 04 oktyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Göyçay rayonu Çərəkə kəndində yerləşən fərdi yaşayış evindən qaz sayğacına müdaxilə edildiyi aşkar edildiyi üçün, qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, abonent İddiaçı 1555 manat 20 qəpik dəyərində itirilmiş qazın həcmi hesablanmışdır. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh itirilmiş qazın bərpasına dair tələbnamədən görünür ki, İddiaçının Göyçay XS-nin abonent bazasındakı abonent koduna 12960 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Tətbiq edilən hüquq normaları: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Yaşayış sahəsindən kənarda qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır, sayğaca kənar müdaxilə edilməsi iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməsini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Sayğaca istehlakçı tərəfindən kənar müdaxilənin müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın iddiaçıdan tutulması qərara alınmışdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçının iddiası təmin edilməli, Cavabdeh Ağsu X3 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən iddiaçıya hesablanmış 1555 manat 20 qəpik borc silinməli,yeni qaz sayğacına görə 65 manat dəyərinin ödənilməsi öhdəliyindən iddiaçı azad edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı barəsində Cavabdeh İB-nin Ağsu X3 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akt əsasında abonent koduna vurulmuş itirilmiş qazın bərpası üçün hesablanmış 1555 manat 20 qəpik məbləğində borc silinsin. İddiaçı yeni qaz sayğacına görə 65 manat məbləğində dəyərinin ödənilməsindən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar