Məhkəmə qərarları › İş №2(047)-361/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-361/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-361/2023 01.08.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qərardadına əsasən İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Laçın Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərardadına əsasən İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işin obyektiv araşdırılması üçün "xxxx" MMC-nin cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı QSC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisiyə satış müqaviləsinə əsasən cavabdeh 451,49 manat dəyərində nisyə aldığı mala görə ilkin ödəniş olaraq 25 manat ödəməklə qalan 426,49 manat borcu 12 ay müddətinə hissə-hissə ödəmək barədə öz üzərinə öhdəlik götürmüşdür. Bundan sonra İddiaçı QSC ilə Optimal Elektronika MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı olan tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Lakin cavabdeh qeyd edilən müqavilənin şərtlərini pozaraq öhdəliklərini lazımınca yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdehnın QSC-nə müqavilə üzrə 426,49 manat əsas borcu qalmışdır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 426,49 manat əsas borcun və 30,40 manat ödənilmiş dövlət rusumunun tutulması məhkəmədən xahiş edilmişdir. İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini nəzərə alaraq işə onların iştirakları olmadan baxılmasını və iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə olan Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisiyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh 451,49 manat dəyərində nisyə aldığı mala görə ilkin ödəniş olaraq 25 manat ödəməklə qalan 426,49 manat borcu 12 ay müddətinə hissə-hissə ödəmək barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarına əlavə olunmuş Optimal Elektronika MMC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsindən və xx.xx.2022-ci il tarixli sazişdən görünür ki, Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə borcun tələb edilməsi hüququ İddiaçı QSC-yə ötürülmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə 426,49 manat əsas borcu qalmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, cavabdehə müqaviləyə əsasən ödəməli olduğu borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 tərəfindən məhkəməyə ünvanlanan etiraz ərizəsinin və Optimal Elektronika MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın məzmunundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 40007805 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən alıcı aldığı mobil telefonun ümumi məbləği olan 451,49 manat pulun ilkin ödəniş olaraq 25 manatını ödəməklə qalan 426,49 manat borcu 12 ay müddətinə hissə-hissə ödəmək barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin alıcıya qeyd olunan müqavilə üzrə sifariş etdiyi məhsul razlaşdırılmış müddətə, yəni 2 həftə ərizində təhvil verilə bilmədiyindən alıcı təhvil ala bilmədiyi məhsuldan imtina etmiş, nəticədə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40007805 saylı nisyə alqısatqı müqaviləsi ləğv edilmişdir. Hazırda Cavabdeh xx.xx.2022-ci il tarixli, 40007805 saylı nisyə alqı-satqı müqaviləsi üzrə heç bir öhdəliyi və borcu yoxdur. xx.xx.2022-ci il tarixli, 40007805 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranan 426,49 manat borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. Qeyd olunan hallar barədə İddiaçı QSC-yə məlumat verilmişdir. Odur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 40007805 saylı nisyə alqı-satqı müqaviləsi üzrə malı almadığından, müqavilə üzrə cavabdehdən pul tələb edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-nin 655.1 və 655.2-ci maddələrinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Bu Məcəllənin 657.4-cü maddəsinin tələblərinə görə əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Bundan əlavə MM-nin 194.1-ci maddəsinin tələblərinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. MM-nin 194.2-ci maddəsinin tələblərinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. MM-nin 195-ci maddəsinin tələblərinə əsasən tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. MM-nin 196-cı maddəsinin tələblərinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. MM-nin 199.1-ci maddəsinin tələblərinə əsasən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. MM-nin 199.2-ci maddəsinin tələblərinə əsasən əgər borclu borc öhdəliyi barədə sənəd vermişsə, borc öhdəliyinin təqdim edilməsi üzrə tələbin güzəşti zamanı o, yeni kreditor qarşısında buna istinad edə bilməz ki, öhdəlik münasibətlərinə girməsi və onların təsdiqi yalnız görüntü yaratmaq üçün edilmişdir və ya ilkin kreditorla razılaşmaya görə güzəşt istisna edilmişdir, amma güzəşt zamanı yeni kreditorun işin təfsilatını bildiyi və ya bilməli olduğu hallar istisna təşkil edir. Həmçinin, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 1-ci yarımbəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinin 1-ci yarımbəndinə əsasən lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Həmin Qanunun 2-ci yarımbəndinə əsasən malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Eyni zamanda MM-nin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-nin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-nin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. MM-nin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. MM-nin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. MM-nin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, "xxxx" MMC tərəfindən Cavabdeh qeyd olunan müqavilə üzrə sifariş etdiyi məhsul razlaşdırılmış müddətə, yəni 2 həftə ərizində təhvil verilə bilmədiyindən cavabdeh təhvil ala bilmədiyi məhsuldan imtina etmiş, "xxxx" MMC isə öz növbəsində üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdeh ilə aralarında hüquq münasibəti qalmadığından nisyə-alqı satqı müqaviləsini ləğv etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı QSC-nin cavabdehdən pul tələb etmək hüququ "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40007805 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gəlir. Lakin həmin nisyə alqı-satqı müqaviləsi isə ləğv edildiyindən, hazırda İddiaçı QSC-nin cavabdehdən həmin müqavilə üzrə tələb etmək hüququ da artıq mövcud deyildir. Bundan başqa qeyd edilməlidir ki, İddiaçı QSC-nin 40007805 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin güzəştinə görə çəkdiyi xərcin əvəzini "xxxx" MMC-dən tələb etmək hüququ da istisna edilmir. Çünki, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilən arayışda da 40007805 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi qəbul etdiklərini göstərmişlər. Bundan başqa Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə hesab edir ki, İddiaçı QSC iddianın təmin edilməsi üçün hər hansı sübut növünü məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, lakin iddia tələbi isə rədd edilməli olduğundan məhkəmə belə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının hesabına aid edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam əsasında belə nəticəyə gəlir ki, İddiaçı QSC-nin Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı borc tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilməsin. İddiaçı QSC-nin Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı borc tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu iddiaçının hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar