Məhkəmə qərarları › İş №2(047)-563/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-563/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-563/2023 27.09.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisiyə) alqısatqı müqaviləsinə əsasən sonuncu aldığı Ağata künc divan, Yuxu döşək və Borçalı Yataq dəstinə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 129 manat olmaqla 2325 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh qeyd edilən müqavilənin şərtlərini pozaraq öhdəliklərini lazımınca yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixinədək Cavabdeh MMCnə müqavilə üzrə 1679 manat əsas, 550 manat cərimə məbləği, cəmi 2229 manat borcu qalmışdır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh 1679 manat əsas, 550 manat cərimə məbləği, cəmi 2229 manat borcun və 42,29 manat ödənilmiş dövlət rusumunun "xxxx" MMC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin direktoru X1 məhkəməyə ərizə göndərək məhkəmə iclasının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə olan Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan Ağata künc divan, Yuxu döşək və Borçalı Yataq dəsti almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müqaviləyə əsasən əsas borc üzrə cəmi 1679 manat ödənilməmiş hissə, cərimə üzrə 550 manat, ümumilikdə 2229 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, cavabdehə müqaviləyə əsasən ödəməli olduğu borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə işin faktiki və hüquqi əsaslarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn mübahisə yaranmışdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 600.1ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il və nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan Ağata künc divan, Yuxu döşək və Borçalı Yataq dəsti almış, lakin müqaviləyə əsasən borclu aldığı əmlaklara görə ödənilmələri vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehin MMCnə iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 1679 manat ödənilməmiş hissə, cərimə üzrə 550 manat, cəmi 2229 manat məbləğində borcu yaranmışdır. Bundan başqa, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh 550 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 50 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 42,29 manat dövlət rusumunun 38 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 4,29 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 1679 manat əsas borc, 50 manat cərimə, ümumilikdə 1729 manat borc pul, ödənilmiş 42,29 manat dövlət rüsumunun 38 manatı tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 4,29 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1679 manat əsas borc, 50 manat cərimə cəmi 1729 (bir min yeddi yüz iyirmi doqquz) manat borc pul və ödənilmiş dövlət rüsumunun 38 (otuz səkkiz) manatı tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 4,29 (dörd manat iyirmi doqquz qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar