Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-654/2025 04.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs qismində qeyd edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs qismində qeyd edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 27 oktyabr 2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx.xx.1981-ci ildə Lerik rayonu, Haftonu kəndində anadan olmuş və hazırda da həmin kənddə yaşayır. X4 ilə xx.xx.2006-cı ildə ailə qurmuş və birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. X9 anadangəlmə spastik tetraplegiya, serebral iflic, uşaq serebral iflici xəstəliklərindən əziyyət çəkir və ona müddətsiz birinci dərəcəli əlillik təyin olunmuşdur. Oğlu fəaliyyət qabiliyyətsizdir, o hərəkətlərini dərk edə bilmir, öz funksiyalarını icra edə bilmir. Oğluna o baxır, onun bütün tələbatlarını özü qarşılayır, onun adından bütün hərəkətləri o etmək istəyir. Lakin qəyyumluq müəyyən olunmadığı üçün oğlunun adından hər hansı hərəkət edə bilmir. Oğlunun müalicəsi ilə bağlı tibbi sənədlər və rəylər mövcuddur. Oğlu Tibbi Sosial Ekspert Komissiyası tərəfindən yoxlanılmış və əmək qabiliyyətinin olmadığına görə əlillik təyin olunmuşdur. Buna baxmayaraq fəaliyyət qabiliyyətsiz olması müəyyən olunmadığı üçün qəyyum olaraq təyin oluna bilmir. Oğlunun fəaliyyət qabiliyyəti olmadığı üçün müəyyən sənədləşmə işlərinin həyata keçirilməsindən məhrum olmuşdur. O, da oğlunun üzərində qəyyum olaraq təyin olunmadığı üçün onun adından hər hansı sənədləşmə işlərini həyata keçirə bilmir. Dövlət tərəfindən verilən müavinətlərdən istifadə edə bilmir. Onun üzərində qəyyum təyin olunmağı barədə İcra Hakimiyyətinə də müraciət etmiş, onun məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz hesab olunduğu halda qəyyum təyin oluna biləcəyi göstərilmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin etibarnamə üzrə nümayəndəsi X4 ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Lerik rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 290781 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X2 arasında 13 dekabr 2006-cı il tarixdə nikah bağlanmış və həmin nikah 224 №li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Abışova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayonu Nücü kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 860759 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 27 oktyabr 2006-cı il tarixdə Masallı rayonunda anadan olmuşdur. Ata qrafasında X4, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, 27 oktyabr 2006-cı il təvəllüdlü X7 “spastik tetraplegiya, serebral iflic, uşaq serebral iflici” diaqnozu qoyulmuşdur. Lerik Rayon Məhkəməsinin 2(048)-654/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə 27 oktyabr 2006-cı il təvəllüdlü X3 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəməpsixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X8 Hüquqi şəxsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 01 sentyabr 2025-ci il tarixli, 2914 saylı rəyində belə qərara gəlinmişdir ki, X5 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X9 onda müəyyən edilən uşaq serebral iflici, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi ilə 27 oktyabr 2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 27 oktyabr 2006-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 oktyabr 2006-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-654/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-654/2025
04.12.2025 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver