Məhkəmə qərarları › İş №2(049)-4064/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4064/2025

15.12.2025 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4064/2025 15.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçinun maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialı cəlb edilməklə “şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə” ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1944-cü ildə anadan olmuş anam X3 məhdud fəaliyyət qabiliyyətli hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun anası xx.xx.1944-cü ildə Kəlbəcər rayonunda anadan olmuş X2 şəhəri, C.Cabbarlı küçəsi, ev 10 ünvanında onunla birlikdə yaşayır. Anası bir sıra xəstəliklər nəticəsində yataq xəstəsi olaraq sərbəst yaşaya bilmir və onun köməyi olmasa, o, nə dövlət tərəfindən ona verilən pensiyanı, yaşaması üçün maddi tələbatlarını təmin etmək üçün dükan-bazar alveri hərəkətlərini yerinə yetirə bilmir, hətta yaşaması üçün zəruri olan dava-dərmanı belə ala bilmir. Bir sözlə, yaza bilmir, imzalaya bilmir, fəaliyyət qabiliyyəti həqiqətən də zəifdir. Ona görə də anasının barəsində məhdud fəaliyyət qabiliyyətli olması, fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32-ci maddəsinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmağına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasmı ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur. Qeyd etdiyi mülki qanunvericiliyin normasına uyğun olaraq anası Bakı şəhərində qeydiyyatda olsa da, amma faktiki olaraq onunla Lənkəran şəhərində yaşadığına görə anasının məhdud fəaliyyət qabiliyyətli hesab olunması barədə ərizə ilə özünün qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edir. Eyni zamanda ərizəsinə qoşduğu sənədlərlə onun ağır xəstə olması, savadsızlığı nəticəsində hər şeyə inanması və tez aldana bilməsi halları öz təsdiqini tapır. Anasının onunla yaşayaraq onun köməyinə kəskin ehtiyacı olduğunu, onun əvəzinə pensiyasının və digər ala biləcəklərinin, zəruri olan başqa hərəkətlərin həyata keçirilməsi üçün onun məhkəmə qaydasında məhdud fəaliyyət qabiliyyətsiz elan olunması onun əvəzinə ona aid olan bir sıra hərəkətləri etməyinə imkan verərdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddia ərizəsinə qarşı mülahizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, ərizəçi ərizəsində anası xx.xx.1944-cü il təvəllüdlü X3 yataq xəstəsi olduğunu, kömək olmadığı təqdirdə sərbəst yaşaya bilməməsi, həmçinin ona təyin edilmiş əmək pensiyasını təkbaşına müvafiq kart hesabından çıxara bilmədiyini qeyd edərək anasının məhdud fəaliyyət qabiliyyətli hesab edilməli olduğunu bildirmişdir. Ərizəçinin anası X6 xx.xx.2001 -ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilməklə, hazırda aylıq 393.33 manat məbləğində ödəniş davam etdirilir. İlkin olaraq məhkəmənin diqqətinə çatdırır ki, hazırki iş üzrə cavabdeh olan Fondun 1 saylı X1 əsl cavabdeh olan Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra - Mərkəzi Filial) ilə əvəz edilməsi zərurəti mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32.1-ci maddəsinə əsasən Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işiərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edib, ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki,anasının məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi ona anasının üzərində qəyyum təqyin edilməsi üçün lazımdır. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə məhkəməyə təqdim edilən iddia ərizəsinə qarşı mülahizənin məzmununa uyğun izahat verərək, iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il təvəllüdlüdür. AZE seriyalı, 05417020 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1944-cü il təvəllüdlüdür. AZ-T seriyalı 035192 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il təvəllüdlüdür. Anası – X4r. E-sosial internet resursundan əldə edilmiş”əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair” xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1944-cü il təvəllüdlü X8 üçüncü dərəcəli əlildir və əlillik səbəbinə dair ümumi xəstəliyi “ikitərəfli displaziya nəticəsində koksartroz, sol bud çanaq oynağının ağır formalı İV dərəcəli koksartrozu” ilə əlaqədardır. Lənkəran Şəhər İcra Hakimiyyətindən Ərizəçi Valdimirovnaya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda ərizəmiyə anası Emma Bağırovanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasından ötrü aidiyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. ********** nömrəli ödəniş qəbzindən görünür ki, hazırki ərizə tələbi üzrə Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, ərizəçi ərizəsində anası xx.xx.1944-cü il təvəllüdlü anası X3 yataq xəstəsi olaraq sərbəst yaşaya bilməməsi, onun köməyi olmasa, pensiyanı almasını, yaşaması üçün maddi tələbatlarını təmin etmək üçün dükan-bazar alveri hərəkətlərini yerinə yetirə bilməməsini, hətta yaşaması üçün zəruri olan dərmanları ala bilməməsini əsas götürərək onun məhdud fəaliyyət qabiliyyətli hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32.1-ci maddəsinə əsasən Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən, fFiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur. İş materiallarına əlavə edilmiş sənədlərdən və ərizəçinin ərizəsindən xx.xx.1944-cü il təvəllüdlü X3 məhdud fəaliyyət qabiliyyətli olmasına dair Mülki Məcəllənin 32.1-ci maddəsində qeyd edilmiş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.1 -ci maddəsinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırılır. Həmin məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin məcəllənin 318.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında ərizədə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi nəticəsində şəxsin öz ailəsini ağır maddi vəziyyətdə qoymasını təsdiq edən hallar şərh edilməlidir. Eyni zamanda şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin məcəllənin 320.1-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Məhkəmələr hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işləri qüvvədə olan qanunvericiliyə uyğun, dövlət, hüquqi və fiziki şəxslərin qanunla müdafiə olunan mənafelərini təmin etməklə əsasən düzgün həll etməlidirlər. Həmin məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ərizə tələbi təmin edilmədiyindən ərizəçi tərəfindən 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçinun maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialı cəlb edilməklə “şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə” ərizəsi təmin edilməsin. Ərizə tələbi üzrə Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar