Məhkəmə qərarları › İş №2(048)-766/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-766/2025

01.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-766/2025 01.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı Cavabdeh qarşı “evin və torpağın zəbtdən azad edilərək ona qaytarılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “evin və torpağın zəbtdən azad edilərək ona qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1977-ci ildə babası X3 adına şəxsi mülkiyyət hüququ olan evlərinin Cavabdeh zəbtindən azad edilərək evin onlara qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; Həmin Məcəllənin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir; Həmin Məcəllənin 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ərizədə 1977ci ildə babası X3 adına şəxsi mülkiyyət hüququ olan evlərinin Cavabdeh zəbtindən azad edilərək evin onlara qaytarılmasını xahiş etsə də, lakin mübahisəli əmlakın qeydə alındığını təsdiq edən hər hansı sənədi, yəni öz tələbinin əsası kimi istinad etdiyi faktlara dair sübutları iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, atası X2 adına 1996-cı ildə X1 Bürosu tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Texniki pasport tərtib olunsa da, həmin Texniki pasportun arxiv əsasları ərazi idarəsində aşkar edilməmişdir. Bununla yanaşı onun və atası Ə.Əliyevin adına Aqrar İslahat Komissiyasının qərarı əsasında torpaq sahəsinin ayrılmasına dair ərazi idarəsində hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməlidir. Bu isə o halda mümkündür ki, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutlar iddia ərizəsinə əlavə olunsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “evin və torpağın zəbtdən azad edilərək ona qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, öz tələblərinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməklə ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektoron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar