Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-855/2025 08.01.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs qismində qeyd edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs qismində qeyd edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 08 dekabr 2006-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladı 08 dekabr 2006-cı ildə anadan olmuş X7 anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik nəticəsində onun hərəkət və zehni qabiliyyətləri ciddi şəkildə məhdudlaşmışdır. Uşağın diaqnozu rəsmi şəkildə tibb müəssisəsi tərəfindən təsdiqlənmiş və əllilk dərəcəsi müəyyən edilmişdir. Hazırda uşağın özünü ifadə etmək, gündəlik fəaliyyətləri icra etmək və ümumi həyat bacarıqları yoxdur. Bu səbəbdən o, hüquqi mənada fəaliyyət qabiliyyətsiz hesab olunmalıdır. Yuxarıda qeyd olunanları və xəstə övladının maraqlarının qorunması məqsədi ilə 08 dekabr 2006-cı ildə anadan olmuş X1 fəaliyyət qabiliyyətsiz hesab olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik rayonu Nüvədi ərazi icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 275295 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 arasında 08 yanvar 2007-ci il tarixdə nikah bağlanmış və həmin nikah 01 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Lerik rayonu Nüvədi ərazi icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 883879 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 08 dekabr 2006-cı il tarixdə Lerik rayonu, Bırkandul kəndində anadan olmuş, ata qrafasında Ərizəçi, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, 08 dekabr 2006-cı il təvəllüdlü X6 “uşaq serebral iflici, tetraplegiya, alaluya” diaqnozu qoyulmuşdur. Lerik Rayon Məhkəməsinin 2(048)-855/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə 08 dekabr 2006-cı il təvəllüdlü X1 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X4 Hüquqi şəxsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 29 oktyabr 2025-ci il tarixli, 3678 saylı rəyində belə qərara gəlinmişdir ki, X3 uşaq serebral iflici nəticəsində yaranmış ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik aşkar edilir. Yoxlanılan şəxs X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar var. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi ilə 08 dekabr 2006-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 08 dekabr 2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08 dekabr 2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-855/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-855/2025
08.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver