Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1010/2023 17.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəriqaz” İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında istehlakçı X4 hesablanmış və 2022-ci ilin dekabr ayında abonentin saldosu cədvəlində onun öz adına işlənmiş 172,80 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X1 rayonu, Liman şəhəri, H.Aslanov küçəsi, ev 202 ünvanında **********00000 nömrəli abonent kodu ilə “Azəriqaz” X2 X7 İdarəsində istehlakçı kimi qeydiyyatda olmuşdur. Anası xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə, təxminən, 10 il əvvəl vəfat etmiş şəxsə, yəni onun mərhum anasına cərimə tətbiq edilmişdir. Bundan sonra təbii qazın alqısatqısı barədə onun özü ilə müqavilə bağlansa da, həmin müqavilənin surəti bu günədək ona təqdim edilməmişdir. Müqavilə bağlandıqdan bir neçə gün sonra ərazinin qaz nəzarəti çilingəri ona yaşadığı evin qaz sayğacına müdaxilə edildiyinə görə cərimə yazıldığını və həmin cəriməni ödəməli olduğunu demişdir. Mərhum anası 10 il əvvəl vəfat etdiyindən və onun özü tərəfindən sayğaca müdaxilə edilmədiyindən həmin müdaxilə üzrə təqsiri olmadığına görə cərimə sənədlərinin surətlərini almış və istehlakçı kimi hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında ona təqdim edilən xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan məlum olmuşdur ki, yaşadığı evin qaz təchizatı xətti üzərindəki ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlaması səbəbi ilə “əvəz etmə” kimi çıxarılmış, həmin sayğacın yerinə **********4 nömrəli yeni sayğac quraşdırılmışdır. Aktın tərtib edilməsindən onun məlumatı olmamış və həmin akta imza da etməmişdir. Akta imza etmiş olsaydı belə, həmin akt məsuliyyət müəyyən edən sənəd olmadığından onun üçün heç bir məsuliyyət də yarada bilməzdi. Mərhum anasının adına cərimə aktı tərtib edilməzdən 2 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli akta görə anasının adına 1440 kub metr həcmində itirilmiş təbii qazın bərpası barədə qərar verilmişdir. ******* nömrəli qaz sayğacının üzərində hər hansı müdaxilə halı olmamış, lakin həmin qaz sayğacı çıxarıldığı gündən 163 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə dövlət yoxlamasına göndərilmişdir. O və mərhum anası istehlakçı olaraq qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdeh olmamaqla həmin sayğaca müdaxilə etmələri qanunvericiliyin tələbləri səviyyəsində sübut edilməmişdir. Küçə ərazisində quraşdırılan qaz sayğacına istənilən şəxs tərəfindən müdaxilə edilə bilər. Qaz sayğacı küçə ərazisində quraşdırıldığından istehlakçının onunla heç bir təması olmur və istehlakçı onun üzərində ola bilən hər hansı bir müdaxilə halına da cavabdeh deyildir. Zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq qaz paylayıcının vəzifələrinə aiddir. İstehlakçının təqsiri sübut edildiyi təqdirdə həmin vəzifələr istehlakçının hesabına, sübut edilməzsə qaz paylayıcının hesabına yerinə yetirilməlidir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında qanunsuz tətbiq edilmiş 172,80 manat cərimə məbləği “Abonentin saldosu” sənədinin 2022-ci ilin dekabr ayı qrafasında onun adına işlənmişdir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, həmin akt ləğv edilməli və onun adına yazılmış 172,80 manat cərimə məbləği silinməlidir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, yaşadığı evdə istifadə edilən təbii qazın dəyərini anasının vəfatından sonra istehlakçı olaraq o özü ödəmişdir. Tələbnamə mərhum anasının adına yazılmış olsa da, həmin evin qaz sayğacının göstəriciləri ilə bağlı abonentin saldosu da onun öz adına tərtib edilmiş və debitor borc da hazırda onun özündən tələb edilir. O, yaşadığı evdə istifadə edilən təbii qazın dəyərini həm köhnə, həm də yeni sayğac üzrə sərfiyyat göstəricilərinə uyğun və tam şəkildə mütəmadi olaraq ödəmişdir. O, qaz sayğacına heç bir müdaxilə etməmişdir və bununla bağlı hər hansı məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir. Lakin nəzarətçi belə bir qüsur aşkar etməmiş və bu barədə ona məlumat da verməmişdir. xx.xx.2022-ci il tarixli akt üzrə heç bir qanuni əsas olmadan ona təbii qaz sərfiyyatı hesablanmış və həmin sərfiyyata uyğun olaraq onun hesabına 172,80 manat miqdarında debitor borcu yazılmışdır. Hesab edir ki, cavabdeh tərəfindən onun hesabına yazılmış 172,80 manat debitor borc silinməlidir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli akt, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamə, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə tərtib olunan abonentin saldoları, xx.xx.2012-ci il tarixli AZ-İ 542249 nömrəli ölüm haqqında şəhadətnamənin, xx.xx.1968-ci il tarixli AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətləri, xx.xx.2023cü il tarixli 247 nömrəli arayış ilə müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə quraşdırılmış qaz sayğacı “Azəriqaz” X2 X7 İdarəsində istehlakçı kimi abonent kodu ilə iddiaçının mərhum anası X3 adına qeydiyyatda olmuşdur. X5 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Hazırki iş üzrə iddiaçı həmin vaxtdan sonra da qeyd edilən fərdi yaşayış evində yaşamaqla təbii qazdan istifadə etmişdir. “Azəriqaz” İB-nin Lənkəran X7 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş, qaz xəttində olan ******* nömrəli sayğac çıxarılaraq yeni sayğacla əvəz edilmiş və əvvəlki sayğac laboratoriya yoxlamasına göndərilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilən aktda qeyd edilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərindəki qulaqcıq qırıqdır. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100 % nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfıyyatda keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keşirilərkən kənar təsirlərin izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır. Həmin akt əsasında iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1440 kub metr müəyyən edilmiş və xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən həmin miqdarda qazın dəyərinin ödənilməsi istehlakçıdan tələb edilmişdir. Hazırda iddiaçı “Azəriqaz” İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında istehlakçı X4 hesablanmış və 2022-ci ilin dekabr ayında abonentin saldosu cədvəlində onun öz adına işlənmiş 172,80 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta, qaz sayğacının yoxlanılması barədə akta, təbii qazdan istifadə qaydalarının pozulması barədə akta və abonentin saldosuna istinad edərək yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq və tam şəkildə ödədiyini, sayğacda olan qüsurdan məlumatı olmadığını, sayğaca ən geci ayda bir dəfə nəzarətçi tərəfindən baxış keçirildiyini, lakin nəzarətçinin də qüsur aşkar etmədiyini bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca istehlakçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı olaraq baxış keçirilmiş və həmin əməkdaşların sayğacda yaranan qüsuru vaxtında görmək imkanları olmuşdur. Eyni zamanda, sayğacın laboratoriyada yoxlanılması zamanı sayğacın istismara yararsız olduğu müəyyən edilsə də, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keşirilərkən kənar təsirlərin izləri aşkar edilməmişdir. Bununla da, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə edildiyi sübuta yetirilməmiş, həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarıın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndində qeyd edilmişdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. İstehlak edilmiş təbii qazın dəyəri istehlakçı tərəfindən ödənilmədiyi təqdirdə, qaz paylayıcı tərəfindən istehlakçıdan tələb edilir. Hazırki iş üzrə isə itirilmiş təbii qazın dəyəri kimi iddiaçıdan tələb edilən 172,80 manat debitor borcun onun həmin dəyərə uyğun miqdarda təbii qazdan istifadə etməsi və ya təbii qazı israf etməsi, habelə, qaz sayğacına o və ya ailə üzvləri tərəfindən müdaxilə olunması nəticəsində yarandığı sübuta yetirilməmişdır. Qaz sayğacına cavabdeh təşkilatın səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq hər ay baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə, qısa müddət ərzində 1440 kub metr miqdarında, yəni 172,80 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Məhkəməyə təqdim edilmiş abonentin saldosundan da görünür ki, iddiaçının yaşadığı evdə əvvəlki sayğac yeni sayğacla əvəz edildikdən sonra əvvəlki illərin və son ilin uyğun dövrlərində sərf edilmiş təbii qazın həcmində artım müşahidə edilməmişdir. Təbii qazın həcmində artım müşahidə edilmədiyindən, iddiaçının təbii qazdan sui-istifadə edilməsi məqsədi ilə və ya digər hər hansı məqsədlə sayğaca müdaxilə etməsi, bununla da mənfəət əldə etmək niyyətində olması da məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca istehlakçı tərəfindən müdaxilə edildiyi sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbinin itirilmiş təbii qazın dəyəri olan debitor borcun silinməsinə dair hissəsi təmin edilməli, “Azəriqaz” İB tərəfindən iddiaçının barəsində verilmiş xx.xx.2022-ci il tarixli qərar əsasında onun hesabına işlənmiş 1440 kub metr itirilmiş təbii qazın dəyəri olan 172,80 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. İddia tələbinin “Azəriqaz” İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsinə dair hissəsi üzrə icraata məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə xitam verildiyi nəzərə alınmalıdır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında İddiaçı hesabına işlənmiş 1440 kub metr itirilmiş təbii qazın dəyəri olan 172,80 manat debitor borc silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-1010/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1010/2023
17.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver