Məhkəmə qərarları › İş №2(049)-1098/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1098/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1098/2024 06.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan sonuncunun nisyə aldığı PVC materialları və aksesuarların dəyəri olan 5510.98 manat məbləğində pulun və iddia qaldırılması üçün ödədiyi 75.50 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, keçən ilin sentyabr ayının 21-də cavabdeh ondan 5510,98 manat dəyərində pvc profil və aksesuarları nisyə alaraq pulunu qısa müddətində, uzağı bir ay ərzində verəcəyini bildirmişdir. Bununla bağlı aralarında akt tərtib edilmiş və cavabdeh də həmin aktı imzalamışdır. Lakin o, həmin müddət ərzində pulu ödəməmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirən cavabdeh qeyd olunan malın pulunu bu vaxtadək ödəməmişdir. Bununla, bağlı Masallı RPŞ-də aparılan araşdırma zamanı cavabdeh həqiqətən də ondan qeyd olunan aktda göstərilən dəyərdə nisyə mal almasını bildirmiş, pulunu ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq yenə də o, öhdəliyini icra etməmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, fiziki şəxs olsa da, vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olu və PVC materialları və aksesuarların satışı ilə məşğuldur. Məhkəmə iclasında Cavabdeh aktdakı imzaların ona məxsus olmadığını bildirməklə bərabər məhkəməyə “X2 (Xüsusi)” adlanan sənədi təqdim edərək göstərmişdir ki, onun iddiaçıdan aldığı mal-materiala görə xx.xx.2023-cü il tarixinə 5683 manat borcu olmuş, aldığı-mal materialın bir qismini iddiaçının xahişi ilə sonuncunun işçisi, sürücü Mirsaleh Bağırova qaytarmış, bu barədə Mirsaleh Bağırov xx.xx.2023-cü il tarixdə malı təhvil alması barədə onda olan sənədi imzalamışdır. Həmin sənədi də məhkəməyə təqdim edir. Bundan başqa aldığı malın pulunun bir hissəsini də iddiaçının işçisi, satıcı-menecer Nərmin xanıma vermişdir. Hazırda iddiaçıya 1700-2200 manat arası borcu qalmışdır. Həmin borcu da ödəyəcəkdir. Əlavə olaraq bildirmişdir ki, fiziki şəxs olsa da, əvvəllər inək və çamış südünün istehsalı ilə bağlı vergi ödəyicisi olmuş, hazırda fəliyyəti dayandırılmış, iddiaçıdan aldığı PVC material və aksesuar dayandırılmış fəaliyyəti ilə bağlı olmamış, həmin materialları şəxsən qapı və pəncərələr düzəltmək məsdəilə almışdır. İddiaçı cavabdehi dinlədikdən sonra bildirmişdir ki, onun Mirsaleh adlı işçisi olmamış və belə bir şəxsə malların geri götürülməsi tapşırığını verməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh qeyd olunan materialları özünün şəxsi istifadəsi üçün aldığından, hazırki mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: “ADİSGROUP” başlığı altında olan və “xx.xx.2023-cü il tarixə qalıq borc 5 510.98 AZN” və s. cümlələr yazılmış sənəddən görünür ki, həmin sənədi imzalayan şəxslər kimi iddiaçı ilə cavabdeh göstərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 4/565 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbzdə “İmza:” qrafalarında və “ELCİN ELDAR oglu MİRZEYEV” yazıların qarşısındakı imzaların Cavabdeh və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etməkl mümkün olmamışdır. (Ekspertiza xərci 127 manat təşkil etmişdir). Cavabehin məhkəməyə təqdim etdiyi “X2 (Xüsusi)” adlanan sənəddən görünür ki, xx.xx.2023-cü il tarixinə cavabdehin iddiaçıya qalıq borcu 5683,68 manat təşkil etmişdir. Cavabehin məhkəməyə təqdim etdiyi sənədin surətindən görünür ki, sənəddə bir sıra yazı və rəqmlərlə bərabər “təhvil aldı Mirsaleh Bağırov və tarix 09.10.23” yazısı yazılmış və imza vardır. Məhkəmə iclasında cavabdehin dəvət etdiyi şahid X1 göstərmişdir ki, o, cavabdehlə əvvələr bir yerdə işləmişdir. İddiaçı tərəfindən cavabdehə 5683 manat dəyərində nisyə verilmiş, malları onlar birlikdə ondan götürmüşlər. Aldıqları mallardan 2600 manatlıq malı iddiaçının sürücüsü Mirsaleh vasitəsilə qaytarmışlar. Lakin iddiaçı qaytarılmış malın dəyərini, nisyə verdiyi malların dəyərindən çıxmamışdır. Qalıq borc onunla cavabdehin öhdəsində qalmışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının satdığı məhsulların dəyərinin qaytarılmaması ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 600.4 -cü maddəsində göstərilmişdir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunmuş “ADİSGROUP” başlığı altında olan və “xx.xx.2023-cü il tarixə qalıq borc 5 510.98 AZN” yazılmış sənəddən müəyyən olunur ki, cavabdehin iddiaçıya 5 510.98 manat borcu qalmışdır. Lakin, Məhkəmə Ekspertiza Mərkəzi öz rəyində həmin sənəddəki imzanın cavabdehə məxsus olduğunu müəyyən edə bilməmişdir. Belə olan halda cavabdehdən tələb etdiyi 5510.98 manat məbləğində pulun cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yəni, Konvensiyanın tələblərinə əsasən ilk növbədə sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin, iddiaçı tələbi ilə bağlı akt və Masallı RPŞ-də verilmiş izahatdan başqa hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq cavabdeh və onun tərəfindən dəvət edilmiş şahid iddiaçıdan 5683 manat dəyərində nisyə mal aldıqlarını etiraf etmişlər. Bu hal isə ona dəlalət edir ki, “ADİSGROUP” başlığı altında olan xx.xx.2023-cü il tarixli sənəddəki imzanın cavabdehə məxsus olduğu müəyyən olunmasa da, 5683 manat dəyərində malın cavabdehə nisyə verilməsi onun özünün izahatı və şahidin ifadəsi ilə təsdiq edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh özü ona iddiaçı tərəfindən 5683 manat dəyərində malın nisyə verildiyini etiraf etdiyindən, iddiaçını bu halı sübut etmək yükündən (vəzifəsindən) azad edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan etiraf “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunan Lənkəran Rayon Məhkəməsində məhkəmə iclasında baş vermişdir. Qeyd olunanları nəsərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 5683 manat dəyərində malın nisyə verildiyi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Bununla yanaşı cavabdeh və onun şahidi, nisyə alınmış mallardan 2600 manat dəyərində malın, iddiaçının göstərişinə əsasən, sonuncunun sürücüsü Mirsaleh Bağırova verməklə iddiaçıya geri qaytarıldığını bildirmişlər. İddiaçı, onunla Mirsaleh Bağırov adlı işçinin işləmədiyini bildirmişdir. Buna görə də, cavabdeh iddiaçı ilə belə bir işçinin işlədiyini və məhz iddiaçının göstərişi əsasında 2600 manat dəyərində malın onun vasitəsilə iddiaçıya qaytarıldığını sübut etməlidir. Lakin, cavabdeh, iddiaçı ilə Mirsaleh Bağırov adlı işçinin işlədiyini, məhz iddiaçının göstərişinə əsasən malın ona qaytarılmasını təsdiqləyən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, 5683 manat dəyərində malın nisyə verildiyi məhkəmə iclasında tam sübuta yetirildiyindən, cavabdehdən 5510.98 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddiaçının cavabehin etiraf etdiyi 5683 manat məbləğdən fərqli olan 5510.98 manat pulun tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhz 5510.98 manat məbləğində pul tələb etdiyindən, məhkəmə məhz həmin tələbə qiymət verməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Cavabdehin 2600 manat dəyhərində malın Mirsaleh vasitəsilə geri qaytarıldığına və aldığı malın dəyərindən iddiaçının satıcısı-menecer Nərmin xanıma ödədiyinə dair göstərdiklərinə qiymət verərək məhkəmə qeyd edir ki, bununla bağlı onun onlara qarşı reqres qaydada verdiyi malların dəyərinin və ya verdiyi pulun tələbinə dair iddia qaldırmaq hüququ vardır. Buna görə də ona reqres qaydada Mirsalam Bağırov və Nərmin adlı xanıma qarşı pul tələbinə dair iddia vermək hüququ izah olunur. Məhkəmə qeyd edir ki, iş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddianın verilməsinə görə, iddiaçı tərəfindən 75.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri də cavabdehə aid edilməli və ondan 127 manat tutlaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, ekspert, aktdakı imzaların cavabdeh tərəfindən icra olunub-olunmadığını müəyyən edə bilməsə də, sonda sübuta yetrildi ki, həmin aktda göstərilmiş məbləğdə cavabdehin iddiaçıya borcu vardır. Buna görə də, ekspert xəci də, cavabehə aid edilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən, Cavabdeh İddiaçı 5683 manat dəyərində nisyə malları götürmüş, borcunun kişik hissəsini ödəmiş, qalan borcunu ödəməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət edərək həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh 2600 manat dəyərində malın geri qaytarıldığını və borcun bir hissəsini Nərmin adlı xanıma ödəməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, yalnız izahatında formal mülahizələrə əsaslanan, hər hansı sübutla təsdiq olunmayan dəlillər irəli sürmüş, həmin dəlillər isə öz növbəsində iddianın qismən təmin edilməsi üçün məhkəmə tərəfindən yetərli hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 5510.98 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu məbləği olan 75.50 manat məbləğində pul, cəmi 5586.48 (beş min beş yüz səksən altı) manat 48 qəpik Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri Cavabdeh aid edilsin və ondan 127 manat tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Cavabdeh reqres qaydada Mirsalam Bağırov və Nərmin adlı xanıma qarşı pul tələbinə dair iddia qaldırmaq hüququ izah olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar