Məhkəmə qərarları › İş №2(049)-1119/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1119/2024

28.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1119/2024 28.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı aktın ləğv edilməsii tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı «Azəriqaz» İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizə geri qaytarılmalıdır. Belə ki, məhkəməyə müraciət edilməsi və işin icraata qəbul edilməsi qaydası bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində qeyd edildiyi kimi, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin qeyd olunan müddəasının məzmunundan göründüyü kimi, iki halda - pozulmuş hüququn bərpası və ya qanunla qorunan hüququn müdafiəsi üçün məhkəməyə müraciət etdikdə mülki işə başlamaq mümkündür. Hazırkı iş də öz xarakteri etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aid olsa da, hazırki işdə mübahisə predmetinə aid olan aktın qanuniliyi və əsaslılığı yoxlanılmazdan əvvəl, ümumiyyətlə, həmin aktın mübahisələndirilməsinin mümkünlüyü, bunun hüquqi nəticələrinin olub- olmaması aydınlaşdırılmalıdır. Mübahisələndirmənin mümkünlüyü isə tərtib edilmiş aktın iddiaçının ehtimal edilən hər hansı hüququnun bilavasitə pozuntusu nəticəsini yaradıb-yaratmamasının müəyyən olunmasından asılıdır. Hazırki iş üzrə cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt isə özü-özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə olunduğunu müəyyən etmir. Belə ki, həmin akt iddiaçının yaşadığı evə keçirilmiş baxışın nəticəsində aşkar edilən hallara dair cavabdeh təşkilatın əməkdaşlarının mövqeyini əks etdirir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən aktın tərtib edilməsi ilə iddiaçı hər hansı maddi və ya hüquqi məsuliyyətə cəlb olunmamışdır, həmin aktda yalnız cavabdeh təşkilatın əməkdaşlarının aşkar etdikləri hallar əks olunmuş və bununla bağlı tələbnamə göndərilmişdir. Qeyd olunan akt əsasında iddiaçıya münasibətdə maddi və hüquqi məsuliyyət yaradan qərar, yəni hesablanmış debitor borcun ödənilməsi ilə bağlı qərar qəbul edilərək borcun ödənilməsi ondan tələb olunduqdan sonra həmin andan etibarən artıq iddiaçının hüquqlarının pozulduğu ehtimal edilir. İddiaçı da məhz həmin hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirə bilər. Çünki aktın tərtib edilməsi və cavabdeh tərəfindən həmin aktın məlumatları nəzərə alınmaqla iddiaçının barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi tərəflər arasında yaranan mübahisəli hüquq münasibətlərinin ayrıayrı mərhələləridir. Belə ki, cavabdeh tərəfindən akt tərtib edilməsinə baxmayaraq iddiaçı üçün məsuliyyət yaradan qərar qəbul edilməyə də bilər. Qanunvericiliyin tələbinə əsasən şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilə və bunun nəticəsində güman edilən pozuntu yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında yarana bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun. Hesab edirəm ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt özü-özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya belə bir statusa xitam vermədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozulması qənaətinə gəlmək də ağlabatan deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Bununla yanaşı, hətta borcun akta əsasən hesablandığı təsdiq olunsa belə, iddiaçının tələbi aktın etibarsızlığına (ləğvinə) yox, məhz əsassız və qanunsuz hesablandığını iddia etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir. Çünki bu halda, aktın özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə yalnız o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Şəxsin hüquqi müdafiəsinin məhkəmə vasitəsinə isə müvafiq hüquqi marağın müəyyən olunması halında ehtiyac yaranır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-cı maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunan əsaslara iddiaçının hazırki iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığı üçün iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və iddiaçıya Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 151, 153, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı «Azəriqaz» İB-nə qarşı aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən, iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin şəxsə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar