Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1190/2023 21.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Raufoğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «3900 manat əmək haqqı borcunun, mediasiya xidməti üçün ödənilmiş 50 manat rüsumun və audit rəyinin verilməsindən ötrü ödənilmiş 100 manat rüsumun cavabdehdən alınması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən əmək haqqı borcunun və məcburi boşdayanma vaxt üçün 6400 manat vəzifə maaşının və eləcə də ona dəymiş mənəvi zərər görə 5000 manat məbləğində, ümumilikdə 11400 manat pul məbləğinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2011-ci ilin may ayının 20-də "xxxx" MMC-də müqavilə əsasında əmək fəaliyyətinə başlamışdır. 2019-cu ilin dekabr ayına qədər işlədiyi müddət ərzində əmək haqqını almışdır. Lakin 2019-cu ilin dekabr ayından sonra işə götürənlə aralarında mübahisələri başlamışdır. Belə ki, onun 2017-ci ildən 2019-cu ilədək ümumilikdə beş aylıq əmək haqqı kəsilib. Bununla bağlı aralarında mübahisələr yaranıb. Bundan sonra yəni 2020-ci ildən sonra ona maaaşını ödəməyib. 2020-ci il tarixdən 2022-ci ilin aprel ayınadək olan dövrdə o, "xxxx" MMC-nin əməkdaşı olsa da, ona əmək haqqı ödənilməmişdir, müxtəlif bəhanələrlə aldanılmışdır. Nəhayət o, müvafiq qurumlara 2022-ci ildə etdiyi müraciətlərlə əlaqədar işdən azad olunmuşdur. Halbuki, o, dövlətə və vətənə etdiyi xidmətlərə görə bu münasibətə layiq deyil. O, Qarabağ müharibəsi əlili olduğunu dediyi zaman ona verilən cavab belə olub ki, sənin kimi adam bizim işimizə yaramır. O, dəfələrlə onlara müraciət etsə də heç bir faydası olmayıb, buna görə də məcbur olub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran regional ərazi şöbəsinə müraciət edib. Araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran regional ərazi şöbəsi tərəfindən müəyyən edilib ki, "xxxx" MMC tərəfindən qanunsuzluğa yol verilmişdir. Tərəfindən Müfəttişliyə təqdim edilmiş AzərTürk Bank ASC-nin Müştəri Xidmətləri Mərkəzi tərəfindən verilmiş hesabdan çıxarışa əsasən müəyyən olunub ki, o, xx.xx.2019-cu ilədək əmək haqqı almışdır. Bununla da sübuta yetirilib ki, o, 2020-ci ildə və ondan sonrakı dövrlərdə əmək haqqı almamışdır. Həmin həsabdan çıxarışı da sübut qismində iddia ərizəsinə əlavə etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran regional ərazi şöbəsi tərəfindən araşdırma aparılarkən DƏMX-nin Lənkəran -Astara regional şöbəsinin xx.xx.2022-ci il tarixli **********8 nömrəli göstəriş xarakterli məktubu ilə "xxxx" MMC-nin rəhbərliyinə tövsiyyə edilmişdir ki, əmək haqqı borcu və məcburi boşdayanma vaxtı üçün vəzifə maaşının üçdə iki hissəsindən az olmayaraq haqqın hesablanıb ödənilməsi təmin edilsin. Lakin həmin tədbirlər də heç bir müsbət nəticə verməmişdir. Nəhayət o, işin könüllü qaydada həlli naminə mediasiyaya da müraciət edib, lakin yenə də müsbət nəticə əldə edə bilməyib. Məhz bu səbəbdən də Lənkəran 1 Sayll MedlaSİya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı iddia ərizəsinə əlavə edir. Çox təəssüf ki, məhkəməyə qədər etdiyi bütün tədbirlər və səylər nəticəsiz qalmışdır. Odur ki, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, əmək müqaviləsinə xitam verildikdən sonra cavabdeh "xxxx" MMC tərəfindən ona olan əmək haqqı borcundan 2500 manat pulun ödənildiyini bildirərək və əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 3900 manat əmək haqqı borcunun, mediasiya xidməti üçün ödənilmiş 50 manat rüsumun və audit rəyinin verilməsindən ötrü ödənilmiş 100 manat rüsumun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh "xxxx" MMC heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq cavabdeh "xxxx" MMC məhkəməyə məktub ünvanlayaraq, İddiaçı bir gün də olsun işə gələrək əmək fəaliyyəti ilə məşğul olmadığını, qeyd olunan müəssisənin rəhbərliyi iddiaçının Qarabağ müharibəsi veteranı olmasını nəzərə alaraq ona maddi köməklik məqsədi ilə onunla əmək müqaviləsi bağladığını, əmək funksiyalarını icra etmədiyinə baxmayaraq hər ay əmək haqqı ona ödənildiyini, bir müddət sonra MMC-nin fəaliyyətində yaranan çətinliklərə baxmayaraq onun əmək haqqının ona ödənilməsinin davam etdirildiyini, belə ki, MMC-nin bank hesablarında sərəncam olduğundan ona ödənilməli əmək haqqı MMC-nin hesabından deyil, rəhbərliyin göstərişi ilə "card to card" metodu ilə onun kartına köçürülmə şəkilində edildiyini, lakin daha sonra qeyd olunan formada ("yardımın") əmək haqqının ödənişinin davam etdirilməsi mümkün olmadığından onunla bağlanmış əmək müqaviləsinə 2022-ci ilin aprel ayında xitam verildiyini bildirimişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC İddiaçı ilə aylıq əmək haqqı 200 manat təşkil etməklə əmək müqaviləsi bağlayaraq iddiaçını fəhlə kimi işə qəbul etmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, İddiaçı "xxxx" MMC-nin 06 aprel 2022-ci il tarixli, FC 060622 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə işdən azad edilmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş "xxxx" ASC tərəfindən İddiaçı verilmiş debit kartın surətindən görünür ki, "xxxx" Bank ASC tərəfindən İddiaçı verilmiş debit kartın son istifadə tarixi 2021-ci ilin mart ayı kimi göstərilmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş 6-3/xx/xx-4322 nömrəli, 09 iyun 2023-cü il tarixli "xxxx" Bank ASC-nin məktubundan görünür ki, barəsində sorğu edilən X1 adına Bankın Müştəri Xidmətləri Mərkəzində xx.xx.2017-ci il tarixində açılmış AZ66AZRT******************** saylı AZN əmək haqqı kart hesabı xx.xx.2022-ci il tarixində qanunvericiliklə müəyyən olunmuş qaydada bağlanmış, müvafiq nömrəli kartın istifadə müddəti xx.xx.2021-ci il tarixində bitmiş və yeni kart sifariş edilməmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş 17 mart 2022-ci il tarixdə AzərTürk Bank ASC tərəfindən təsdiq edilmiş xx.xx.2015-xx.xx.2022-ci il dövr üzrə hesabdan çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək AzərTürk Bank ASC tərəfindən İddiaçı verilmiş debit karta əmək haqqı ödənilmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş "xxxx" Bank ASC tərəfindən verilmiş xx.xx.2020-xx.xx.2022-ci il dövr üzrə hesabdan çıxarışdan görünür ki, xx.xx.2020ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" Bank ASC tərəfindən İddiaçı verilmiş debit karta heç bir mədaxil olunmamışdır. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli müstəqil auditor rəyindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 02(049)-1190/2023 saylı məktubu əsasında icraatda olan İddiaçı "xxxx" MMCyə əmək haqqı bocunun ödənilməsinə dair mülki iş vardır. Auditə təqdim olunmuş "xxxx" ASC tərəfindən verimiş bank hesabından çıxarışa əsasən İddiaçı adına verilmiş debit (əmək haqqı) kartı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cü il dövrünü əhatə edir və debit (əmək haqqı) kartına 21 (iyirmi bir) dəfə əmək haqqı köçürülməsi təsdiq edilir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş xx.xx.2022-xx.xx.2023-cü il dövr üzrə hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən İddiaçı verilmiş debit karta mədaxil olunmuşdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 13 fevral 2023-cü il tarixli MŞL-00212 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC-nin direktoru ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 13 fevral 2023-cü il tarixli MŞL-00212 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 16 iyun 2023-cü il tarixli "xxxx" MMC-nin 054929 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, rəy verilməsindən ötrü İddiaçı 100 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X4 Birliyinin Ə№008718 saylı, 16 may 2016-cı il tarixli vəsiqəsindən görünür ki, İddiaçı İİ qrup müharibə əlilidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Lənkəran ŞİH Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin 1284 saylı, 27 dekabr 2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Sadıqlı X2 şəhəri, Ş.Xiyabanı ev 159, mənzil 22 ünvanda yaşayır. Yuxarıda qeyd edildiyi kimi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx"MMC məhkəmə iclasına gəlməmiş, öz tələblərinin və etirazlarının əsası kimi istinad edə biləcəyi halları sübut edə bilən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, 18 may 2016-cı il tarixdə cavabdeh "xxxx" MMC İddiaçı ilə aylıq əmək haqqı 200 manat təşkil etməklə əmək müqaviləsi bağlayaraq iddiaçını fəhlə kimi işə qəbul etmişdir. 06 aprel 2022-ci il tarixdə tərəflər arasında olan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi dövrlər ərzində ona ödənilən əmək haqqı "xxxx" Bank ASC tərəfindən verilmiş debit karta köçürülmüşdür. "xxxx" Bank ASC tərəfindən verilmiş debit kartı xx.xx.2017-ci il tarixdə açılmış, etibarlılıq (istifadə) müddəti isə xx.xx.2021-ci il tarixində bitmiş və yeni kart sifariş edilməmişdir. İddiaçı iddia ərizəsində onun 2017-ci ildən 2019-cu ilədək ümumilikdə beş aylıq əmək haqqı kəsildiyini bildirmişdir. Audit rəyinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cü il tarixədək debit karta 21 dəfə əmək haqqı köçürülmüşdür. Lakin xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cü il tarixədək olan dövr 26 ay təşkil edir. Bu da öz növbəsində 26 dəfə əmək haqqının ödənilməsi deməkdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək debit karta əmək haqqının ödənilməsi ilə bağlı heç bir mədaxil olmamışdır. "xxxx" Bank ASC tərəfindən verilmiş debit kartın etibarlılıq (istifadə) müddəti xx.xx.2021-ci il tarixində bitmiş və yeni kart sifariş edilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət 27 ay, aylıq 200 manat əmək haqqı olmaqla 5400 manat təşkil edir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verildikdən sonra cavabdeh "xxxx" MMC tərəfindən ona olan əmək haqqı borcundan 2500 manat pulun ödənildiyini bildirmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cü il tarixədək olan dövrlədə ödənilməyən 5 aylıq əmək haqqının (1000 manat) və xx.xx.2020-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddətdə ödənilməyən əmək haqqının (2.900 manat) cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Mediasiya xidməti üçün ödənilmiş 50 manat rüsumun və audit rəyinin verilməsindən ötrü ödənilmiş 100 manat rüsumun iddiaçı tərəfindən ödənilməsi məhkəmədə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Həmin Məcəllənin 156.1-ci maddəsinin tələbinə görə, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMCdən 3900 manat əmək haqqı borcu, mediasiya xidməti üçün ödənilmiş 50 manat rüsum və audit rəyinin verilməsindən ötrü ödənilmiş 100 manat rüsum, ümumilikdə 4050 manat pul tutularaq İddiaçı ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əmək fəaliyyəti ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumundan azad edilmişlər. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilmişlər. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 3900 manat əmək haqqı borcu, Mediasiya xidməti üçün ödənilmiş 50 manat rüsum və Audit rəyinin verilməsindən ötrü ödənilmiş 100 manat rüsum, ümumilikdə 4050 manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 59 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1190/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1190/2023
21.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver