Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1214/2024 25.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İB tərəfindən istehlakçı kimi mərhum anası X2 hesablanmış 1555.20 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X3 **********03800 nömrəli abonent kodu ilə “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olmuşdur. Anası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Yaşadıqları evdə istifadə edilən təbii qazın dəyərini anasının vəfatından sonra istehlakçı olaraq o özü ödəmişdir. Cavabdeh “Azəriqaz” İB xx.xx.2023-cü il tarixdə, yəni anasının ölümündən 4 ay 26 gün sonra ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək həmin aktla mərhum anasına 12960 kub metr həcmində, yəni 1555.20 manat məbləğində qanunsuz və əsassız borc hesablamışdır. Tələbnamə, evin qaz sayğacının göstəriciləri ilə bağlı abonentin saldosu və həmçinin digər sənədlər mərhum anasının adına yazılmış olsa da, debitor borc hazırda onun özündən tələb edilir. Valideynləri vəfat etdiklərindən ailənin təsərrüfatına o özü başçılıq edir. O və evdə yaşayan ailə üzvləri qaz sayğacına heç bir müdaxilə etməmişər və bununla bağlı hər hansı məlumatları olmamışdır. Qaz sayğacı yenisi ilə əvəz edilərkən X6 İstismar İdarəsinin əməkdaşları tərəfindən akt tərtib edilmiş və onlar köhnə qaz sayğacını özləri ilə aparmışlar. O, həmin aktı sonradan əldə etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən mərhum anası X1 hesabına yazılmış 1555.20 manat debitor borc silinməlidir. Çünki, onunla qaz paylayıcı arasında heç bir müqavilə yoxdur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbinin həcmini artıraraq və iddia tələbində dəqiqləşmə apararaq “Azəriqaz” İB tərəfindən onun barəsində verilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesabına işlənmiş 12960 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1555.20 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasına gəlməmiş, məhkəməyə ərizə göndərib işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı iş materiallarına əlavə edilmiş AZE 04962233 nömrəli və AA ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, xx.xx.2022-ci il tarixli AZ-İV 325265 nömrəli doğum haqqında və xx.xx.2022-ci il tarixli AZ-İİ 325265 nömrəli ölüm haqqında şəhadətnamələrin surətləri, Lənkəran şəhər İHB-nın Nərimanabad qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 12-5/144 nömrəli arayışı, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı barədə xx.xx.2015-ci il tarixli 32122 nömrəli müqavilənin, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətləri, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə tərtib olunan abonentin saldoları, xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlıq ilə müəyyən edildi ki, iddiaçı Lənkəran rayonu Nərimanabad-1 qəsəbəsində yaşayır. Onun mərhum anası X3 da həmin ünvanda yaşamışdır. Qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə ilə bağlı müqavilə iddiaçının mərhum anası X3 ilə bağlanmışdır. Fərdi yaşayış evinin təbii qaz xəttinə quraşdırılmış qaz sayğacı da “Azəriqaz” X4 X7 İdarəsində istehlakçı kimi abonent kodu ilə X1 adına qeydiyyatda olmuşdur. X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və həmin fərdi yaşayış evində hazırda iddiaçı və ailə üzvləri yaşamaqla təbii qazdan istifadə edirlər. “Azəriqaz” İB-nin X6 İstismar İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair akt tərtib edilmiş, qaz xəttində olan ******* nömrəli sayğac çıxarılaraq yeni sayğacla əvəz edilmiş və əvvəlki sayğac laboratoriya yoxlamasına göndərilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilən aktda qeyd edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilmişdir, xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100 % nisbi xəta ilə işləyir, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilərkən plastmas boruda deşik aşkar edilmiş, hesablama mexanizmi minimal sərfıyyatda keçən qazın həcmini qeyd etmir və sayğac istismara yararsızdır. Həmin akt əsasında iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 12960 kub metr müəyyən edilmiş və xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən həmin miqdarda qazın dəyərinin ödənilməsi istehlakçıdan tələb edilmişdir. Hazırda iddiaçı “Azəriqaz” İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında istehlakçı kimi mərhum anası X2 hesablanmış 1555.20 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta, qaz sayğacının yoxlanılması barədə akta, təbii qazdan istifadə qaydalarının pozulması barədə akta və abonentin saldosuna istinad edərək yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq və tam şəkildə ödədiyini, sayğacda olan qüsurdan məlumatı olmadığını bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca istehlakçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, qaydalara əsasən qaz sayğacına cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı olaraq baxış keçirilməli olduğundan həmin əməkdaşların sayğacda yaranan qüsuru vaxtında görmək imkanları olmuşdur. Eyni zamanda, sayğacın laboratoriyada yoxlanılması zamanı sayğacın istismara yararsız olduğu müəyyən edilsə də, bununla bağlı tərtib edilmiş aktda kamera vasitəsi ilə sayğacın daxilinə baxış keşirilərkən kənar müdaxilənin təsirinin aşkar olunduğu qeyd edilməmişdir. Bununla da, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə edildiyi sübuta yetirilməmiş, həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarıın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. İstehlak edilmiş təbii qazın dəyəri istehlakçı tərəfindən ödənilmədiyi təqdirdə, qaz paylayıcı tərəfindən istehlakçıdan tələb edilir. Hazırki iş üzrə isə itirilmiş təbii qazın dəyəri kimi iddiaçıdan tələb edilən 1555.20 manat debitor borcun onun həmin dəyərə uyğun miqdarda təbii qazdan istifadə etməsi və ya təbii qazı israf etməsi, habelə, qaz sayğacına o və ya ailə üzvləri tərəfindən müdaxilə olunması nəticəsində yarandığı sübuta yetirilməmişdır. Qaz sayğacına cavabdeh təşkilatın səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq hər ay baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə, qısa müddət ərzində 12960 kub metr miqdarında, yəni 1555.20 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Məhkəməyə təqdim edilmiş abonentin saldosundan da görünür ki, iddiaçının yaşadığı evdə əvvəlki sayğac yeni sayğacla əvəz edildikdən sonra əvvəlki illərin və son ilin uyğun dövrlərində sərf edilmiş təbii qazın həcmində artım müşahidə edilməmişdir. Təbii qazın həcmində artım müşahidə edilmədiyindən, iddiaçının təbii qazdan sui-istifadə edilməsi məqsədi ilə və ya digər hər hansı məqsədlə sayğaca müdaxilə etməsi, bununla da mənfəət əldə etmək niyyətində olması da məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş hazırki tələblə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırda iddiaçı və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evində təbii qazdan istifadə ilə bağlı müqavilə iddiaçının mərhum anası X3 ilə bağlanmasına, qaz sayğacı da istehlakçı kimi onun adına qeydiyyatda olmasına, habelə, “Azəriqaz” İB tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında tərtib edilmiş tələbnamə və bildiriş də X1 adına yazılmasına baxmayaraq, hazırda həmin fərdi yaşayış evində təbii qazın istehlakçısı faktiki olaraq iddiaçı olduğuna və borcun ödənilməsi də ondan tələb edildiyinə görə bu hal onun hüquqlarına və mənafelərinə bilavasitə təsir etdiyindən iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca istehlakçı tərəfindən müdaxilə edildiyi sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbi təmin edilməli, “Azəriqaz” İB tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında X1 hesabına yazılmış və hazırda iddiaçıdan tələb edilən 12960 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1555.20 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı istehlakçı olaraq hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə verdiyi iddia üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan və onun iddia tələbi təmin edildiyindən ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 35.55 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş 12960 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1555.20 manat debitor borc silinsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 35.55 manat dövlət rüsumu məbləği cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-1214/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1214/2024
25.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver