Məhkəmə qərarları › İş №2(049)-1284/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1284/2023

18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1284/2023 18.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçının iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə 18 may 2023cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2023-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1036.80 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, o, hazırda da ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Xarxatan kəndində yaşayır. Yaşadığı ev mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evin öz qaz xətti və sayğacı vardır. Həmişə də qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Qaz sayğacı evə çoxdan qoyulmuş və heç bir problemi də olmamışdır. Mütəmadi olaraq gəlib sayğacı yoxlayıblar. 12 sentyabr 2023-cü il tarixdə, o, evdə olmadığı zaman qaz idarəsinin işçiləri evə gələrək sayğaca baxış keçirib, sayğacı yenisi ilə əvəz ediblər. Sonradan məlum olub ki, ona ziyan aktı yazılıb. Bu səbəbdən Qaz idarəsinə gedib yazılmış aktın surətini tələb etmiş və 23 fevral 2023-cü il tarixdə Qaz idarəsi tərəfindən məktubla ziyan aktı və abonent saldosunun surəti poçt vasitəsi ilə ona göndərilmişdir. Həmin aktda, 12 sentyabr 2022-ci il tarixdə sayğacın dəyişdirilərək yenisi ilə əvəz olunmasının əsas səbəbi kimi sayğacın qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsi və yapışqan maddə ilə yenidən yerinə bərpa olunması və bu səbəbdən sayğacın istismara yarasız olması qeyd edilmişdir. Ayda iki dəfə nəzarətçilər tərəfindən yoxlanılan sayğacın yarasız halda olması ilə razılaşmır. Aktın, sayğac dəyişdirildikdən 4 ay sonra tərtib olunmasını və aktın onun iştirakı və imzası olmadan tərtib edilməsini absurd hesab edərək həmin aktı qanunsuz hesab edərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Cavabdeh «X1» nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «X1» nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «X1» nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərədən keçirib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı oğlunun yaşadığı Lənkəran rayonu, Xarxatan kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış ”Elster” tipli, G-4 markalı, ******* nömrəli sayğac, “Zenner” tipli, G4 markalı, ********* nömrəli təzə qaz sayğacı ilə əvəz olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 yanvar 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilməsi və yapışqan maddə ilə yenidən bərpa olunması və xətanın normadan artıq olması əsasən itirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 8640 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçı 2023-cü ilin yanvar ayı üçün 1036.80 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-ci il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, abonentin fərdi evinə quraşdırılmış qaz sayğacının sayğacın qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilməsi və yapışqan maddə ilə yenidən bərpa olunması və xətanın normadan artıq olması aşkar olunmuşdur. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında sübuta yetirildi ki, iddiaçının sayğacı onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində deyil, sayğacın hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri nəticəsində sayğac sərfiyatı qeydə almamışdır. Məhkəmə hesab edir ki, iddiaçı qaz sayğacının hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri aşkar olunmasında iddiaçının təqsirli olması sübuta yetirilmədiyi ücün onun barəsində hesablanmış cərimə ləğv edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması labaratoriyasında iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasından keçmiş, yoxlama nəticəsində həmin sayğac yararsız hesab olunmuşdur. Belə ki, həmin sayğacın yararsız olma səbəbi sayğacda hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri aşkar edilməsi olmuşdur. Buna görə də, sayğacın yararsız vəziyyətə düşməsi iddiaçının təqsiri üzündən baş vermədiyi üçün məhkəmə hesab edir ki, mübahisələndirilən akt əsassında hesablanmış 1036.80 manat cərimə məbləği ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun cavabdeh «X1»nə qarşı aktın ləğv edilməsi və onun əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin xx.xx.2023-ci il tarixli, ******* saylı aktı əsasında hesablanmış 1036.80 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar