Məhkəmə qərarları › İş №2(049)-1285/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1285/2025

29.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1285/2025 29.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Lənkəran Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə və DƏDRX-nin Lənkəran şəhər Ərazi idarəsinə qarşı daşınmaz əmlakın bağışlanması ilə bağlı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə və DƏDRX-nin Lənkəran şəhər Ərazi idarəsinə qarşı daşınmaz əmlakın bağışlanması ilə bağlı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71,8 kv metr olan fərdi yaşayış evinin və 0,12712 ha torpaq sahəsinin Cavabdeh2 Daşınmaz əmlakın bağışlanması müqaviləsi, Dövlət Reyestri Xidmətinin çıxarışının etibarsız hesab edilməsi və ödədiyi 100 manat dövlət rüsumunün cavabdehlərdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X10” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 27 oktyabr 2011-ci il tarixdə əsas kredit müqaviləsi bağlanmışdır. Daha sonra tərəflər arasında müxtəlif vaxtlarda əlavə kredit müqavilələri bağlanmış, həmçinin kredit müqaviləsi üzrə yeni ödəniş cədvəlləri təqdim edilmişdir. Eyni zamanda alınmış kreditin təminatı kimi 27 oktyabr 2011-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X1 mülkiyyətində olan və Lənkəran rayonu Şilavar kəndində yerləşən 0.01288 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən X1 mülkiyyətində olan və Lənkəran rayonu Şilavar kəndində yerləşən 0.12712 ha torpaq sahəsini və həmin torpaq sahəsində yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Daha sonra bankın xeyrinə yüklü edilmiş Seriya RX, № ******* Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X6 əsasən Lənkəran rayonu Şilavar kəndində yerləşən bir mərtəbəli ümumi sahəsi 70.5 kv.m İddiaçı Hüseybala oğluna bağışlanmışdır. 2022-ci ildə X2 daşınmaz əmlakın özünə məxsus olan tikintialtı sahə 0.00782 ha, 45.4 kv.m sahəsi Cavabdeh1 Hüseybala oğluna bağışlanmışdır. Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evi və 0.12712 ha torpaq sahəsi onun mülkiyyətində olmaqla bu barədə ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2020-ci il tarixində çıxarış verilmişdir. Bundan qabaq Bankın xeyrinə yüklü edilmiş və X1 mülkiyyətində olmuş (hazırda Cavabdeh1 mülkiyyətində olan) fərdi yaşayış evinin azad edilməsi üçün tərəfindən 10.000 manat kredit ödənilmişdir. Bunun müqabilində həmin evi onun sahibliyinə verəcəklərinə dair vəd versələr də, daha sonra məhkəmə qaydasında evi ondan geri almışlar, lakin bu günə qədər onun pulunu ödəməmişlər. Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 borclu Cavabdeh1 məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1522/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu Cavabdeh1 10.000 manat məbləğində pul alınaraq, tələbkar İddiaçı verilməlidir. Borclu Cavabdeh1 icra sənədinin tələbini tam təmin etmədiyi üçün "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq borclu Cavabdeh1 icra sənədinin tələbini təmin etməkdən yayınmışdır. Ona görə də borclu Cavabdeh1 mülkiyyətində olan 0.1271 ha torpaq sahəsində 3 otaqlı, 152.80 kv.m sahəsi olan fərdi yaşayış evinin olması müəyyən edilmişdir. Bundan əlavə tələbkar Hüseynov X3 rayon icra və Probasiya Şöbəsinə xx.xx.2024-cü il tarixli ərizə verərək, Cavabdeh1 mülkiyyətində olan 0.1271 ha torpaq sahəsində 3 otaqlı, 152.80 kv.m sahəsi olan fərdi yaşayış evinin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Aparılmış icra tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, borclu Cavabdeh1 adına Lənkəran rayonu, Şilavar kəndində 0,1271 ha torpaq sahəsində 3 otaqlı, 152.80 kv.m sahəsi olan fərdi yaşayış evi dövlət qeydiyyatına alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi zərurəti yaranmışdır. Lənkəran Rayon Məhkəməsinin iş üzrə 8(049)-361/2024 saylı 28 oktyabr 2024-cü il tarixli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilərək, borclu Cavabdeh1 adına Lənkəran rayonu, Şilavar kəndində 0,1271 ha torpaq sahəsində 3 otaqlı, 152.80 kv.m sahəsi olan fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Borclu Cavabdeh1 tərəfindən məhkəmənin 8(049)-361/2024 saylı 28 oktyabr 2024-cü il tarixli qərardadından şikayət verilmişdir. Məhkəmənin 8(049)-361/2024 saylı 20 noyabr 2024-cü il tarixli qərardadı ilə məhkəmənin 8(049)-361/2024 saylı 28 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilərək, təqdimata yenidən məhkəmə baxışı təyin edilmişdir. Borclu Cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu Şilavar kəndində 0.1271 ha torpaq sahəsində yerləşən 130 kv.m sahəsi olan fərdi yaşayış evi xx.xx.2024cü il tarixdən Cavabdeh2 mülkiyyətindədir. Hazırda mülkiyyətində heç bir əmlak yoxdur. Lakin Lənkəran Rayon Məhkəməsinin 8(049)- 361/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərardadı ilə Lənkəran rayonu Şilavar kəndində 0.1271 ha torpaq sahəsində yerləşən 3 otaqlı 152.80 kv.m sahəsi olan fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Lənkəran rayonu Şilavar kəndində 0.1271 ha torpaq sahəsində yerləşən 3 otaqlı 152.80 kv.m sahəsi olan fərdi yaşayış evi əslində dövlət reyestrindən çıxarışa əsasən Lənkəran rayonu Şilavar kəndində 0.1271 ha torpaq sahəsində yerləşən 130 kv.m sahəsi olan fərdi yaşayış evinin özüdür. Sadəcə olaraq texniki səhf kimi həmin ev bəzi sənədlərdə 152.80 kv.m, bəzi sənədlərdə isə əsasən də çıxarışda 130 kv.m kimi görsənir. Onun ümimiyyətlə Lənkəran rayonu Şilavar kəndində 0.1271 ha torpaq sahəsində yerləşən 3 otaqlı 152.80 kv.m sahəsi olan fərdi yaşayış evi olmayıb. Həmin ev çıxarışa əsasən Lənkəran rayonu Şilavar kəndində 0.1271 ha torpaq sahəsində yerləşən 130 kv.m sahəsi olan fərdi yaşayış evidir və həmin əmlak da xx.xx.2024-cü il tarixdən dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətindədir. Borclu Cavabdeh1 Hüseybala oğlu belə ki, borcunu tam ödəmir və adında olan əmlakını öz arvadının adına keçirdib. Odur ki, göstərilənləri nəzərə alaraq Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71,8 kv metr olan fərdi yaşayış evinin və 0,12712 ha torpaq sahəsinin Cavabdeh2 Daşınmaz əmlakın bağışlanması müqaviləsi, Dövlət Reyestri Xidmətinin çıxarışının etibarsız hesab edilməsi və ödədiyi 100 manat dövlət rüsumunün cavabdehlərdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəməyə ərizə göndərərək MPM-in 53-cü maddəsinə istinad edib iddia tələbində dəqiqləşmə apararaq iddia tələbinin xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş xx.xx.2024cü il tarixli çıxarışın ləğv edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verib iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatında iddia tələbini əsassız hesab edərək qəbul etmədiyini bildirərək tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Lənkəran Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinin nümayəndəsi Nümayəndə bildirdi ki, o, xidmətin aparıcı mütəxəssisidir. Əmlakın bağışlanması ilə bağlı müqavilə bağlamaq üçün notariat kontoruna müraciət edilmiş, sənədlərin müayinəsi aparıldıqdan sonra Hüseynbala Hüseynov özünə məxsus Lənkəran rayonunun Şilavar kəndində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh1 bağışlaması barədə müqaviləni imzalamış və həmin müqavilə tərəflərindən təsdiq edilmişdir. İş üzrə digər Cavabdeh2 və DƏDRX-nin Lənkəran şəhər Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, Cavabdeh2 və DƏDRX-nin Lənkəran şəhər Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı Çıxarışdan görünür ki, Lənkəran rayonunun Şilavar kəndində 0,12712 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 130 kv.m ümumi, 71.8 kv.m yaşayış və 58.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışdan görünür ki, Lənkəran rayonunun Şilavar kəndində 0,12712 ha torpaq sahəsində yerləşən 130 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışdan görünür ki, Lənkəran rayonunun Şilavar kəndində 0,12712 ha torpaq sahəsində yerləşən 130 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, Cavabdeh1 tam mülkiyyət hüququ ilə özünə məxsus olan Lənkəran rayonunun Şilavar kəndində 0,12712 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 130 kv.m ümumi, 71.8 kv.m yaşayış və 58.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evini arvadı Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışdan görünür ki, Lənkəran rayonunun Şilavar kəndində 0,12712 ha torpaq sahəsində yerləşən 130 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran şəhər İHB-nın Şilavar kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 məxsus Lənkəran rayonunun Şilavar kəndində 0,12712 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 130 kv.m ümumi, 71.8 kv.m yaşayış və 58.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi onun adınadır və həmin evdə Cavabdeh1, Cavabdeh2, X8, X12, X2 və X4 qeydiyyatdadırlar. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş DİN-nin yaşayış yeri və qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci ildən Lənkəran rayonunun Şilavar kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin 8(049)-82/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşad Əhmədovun hazırki ilə eyni məzmunlu təqdimatına, yəni borclu Cavabdeh1 mülkiyyətində olan Lənkəran rayonu, Şiləvar kəndində 0,1271 ha torpaq sahəsi üzərində 152,80 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə təqdimata Lənkəran Rayon Məhkəməsi tərəfindən baxıldığından və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan hazırki təqdimata baxılmasına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin 8(049)-362/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(121)-1522/2022 nömrəli qətnaməsinə dair icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh1 əmlakının üzərinə həbs qoyulması haqda Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X7 təqdimatının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 8(106)-1/2025 nömrəli qərardadından görünür ki, borclu Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 8(049)-361/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun Cavabdeh1 məxsus Lənkəran rayonu, Şiləvar kəndində 0,1271 ha torpaq sahəsi üzərində 152,80 kv.m fərdi yaşayış evinin üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Tətbiq edilməli qanununvericilik normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalaşdıran xx.xx.2024-cü il tarixli 2(102)-52/2024 saylı qərarında göstərilmişdir ki, uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Kreditorun (tələbkarın) borclunun öz əmlakını icradan yayındırmaq məqsədilə bağladığı əqdlərin etibarsız sayılması barədə tələb irəli sürməyə subyektiv hüququ vardır və belə iddia uydurma əqdə dair maddi hüquq normasının dispozisiya şərtləri əsasında həll edilməlidir. Bu zaman məhkəmə məsələyə formal yanaşmamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları, o cümlədən mübahisə olunan əqdlərin rəsmiləşdirilməsi ilə hədəflənən hüquqi nəticənin nədən ibarət olmasını, başqa sözlə əqdin tərəflərinin müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək istədiklərini, yoxsa belə nəticə arzulamadan müqavilələrin sadəcə üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq məqsədilə bağlanmasını, bu konteksdə müqavilələrin rəsmiləşdirildiyi dövrü, alıcının kimliyini və satıcı ilə münasibətlərinin nədən ibarət olmasını, əqdin tərəflərinin müqavilədən əvvəlki və sonrakı davranışlarını, əşyaların alıcının sahibliyinə verilibverilməməsini, müqavilə bağlandıqdan sonra satıcının bu əşyalar üzərindəki faktiki sahiblik və idarəçiliyinin davam edib-etməməsini və digər xüsusatları aydınlaşdırılmaqla Mülki Məcəllənin 340.1-ci maddəsinin şərtləri ilə işin müəyyən olunmuş halları arasında uyğunluğun olub-olmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı bağışlama müqaviləsinin etibarsız sayılması barədə tələbini onunla əsaslandırır ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1522/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Cavabdeh1 10.000 manat məbləğində pul alınaraq ona verilməlidir. Lakin cavabdeh həmin məbləğin bir qismini ödəsə də qalan məbləği 2 ildir ki, ödəməyərək qətnamənin icrasından yayınır. Bu səbəbdən də Lənkəran rayon icra və probasiya şöbəsi tərəfindən borclunun adına olmuş Lənkəran rayonu Şilavar kəndində 0.1271 ha torpaq sahəsində yerləşən 130 kv.m sahəsi olan fərdi yaşayış evi üzərinə həbs qoyulması üçün Lənkəran Rayon məhkəməsinə təqdimat verilmişdir. Həmin zaman qeyd edilən fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixdə borclu Cavabdeh1 tərəfindən həyat yoldaşı Cavabdeh2 bağışlandığı müəyyən edildiyindən yekun məhkəmə aktları ilə təqdimat təmin edilməmişdir. Bununla da faktiki olaraq qüvvədə olan məhkəmə qətnaməsi icra edilməməklə onun hüquqları pozulur. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, Cavabdeh1 borcun əmlakına yönəldilməsi və məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq məqsədilə formal olaraq mübahisə olunan bağışlama müqaviləsini rəsmiləşdirməklə əslində uydurma əqd bağlamışdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Göstərilən halda da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi nikahda olmaqla övladları ilə birgə eyni təsərrüfatda yaşayırlar, həmin təsərrüfatı idarə edirlər, müqavilədən əvvəl və sonra Cavabdeh1 qeyd edilən əmlaka ailə böyüyü kimi faktiki sahiblik və idarəçilik edir. İddiaçı ona istinad edir ki, mübahisə olunan əqdi rəsmiləşdirilməsində məqsəd borclunun müqavilənin predmeti olan əşyaların mülkiyyətçisi kimi görünməməsini təmin etməklə tələbin həmin əmlaka yönəldilmənin qarşısını almaqdır. Belə olan halda, alacağının borclunun əmlakı hesabına ödənilməsi imkanı aradan qalxır və tələbkar kimi hüquqları pozulur. İşin göstərilən halları işdə iştirak edən şəxslərin izahatları və iş materiallarında olan rəsmi sənədlərlə tam təsdiq olunur. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə ki, Lənkəran rayonu Şilavar kəndində yerləşən, ümumi sahəsi 130,0 kv.metr, yaşayış sahəsi 71,8 kv.metr olan fərdi yaşayış evinin və 0,12712 hektar torpaq sahəsinin Cavabdeh2 bağışlanması barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və xx.xx.2024-cü il tarixdə Lənkəran Regional "ASAN Xidmət” Mərkəzinin notariat ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmiş bağışlama müqaviləsi etibarsız hesab edilməli, həmin bağışlama müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2024-cü il tarixli Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Lənkəran rayonu Şilavar kəndində yerləşən, ümumi sahəsi 130,0 kv.metr, yaşayış sahəsi 71,8 kv.metr olan fərdi yaşayış evinin və 0,12712 hektar torpaq sahəsinin Cavabdeh2 bağışlanması barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və xx.xx.2024-cü il tarixdə Lənkəran Regional "ASAN Xidmət” Mərkəzinin notariat ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmiş bağışlama müqaviləsi etibarsız hesab edilsin. Həmin bağışlama müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2024-cü il tarixli çıxarış ləğv edilsin. Məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar